Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Sumqayıta ayrılan milyonlar hara gedib


Sumqayıt
Sumqayıt

Sumqayıtda abadlıq-quruculuq işləri üçün bu şəhərin icra hakimiyyətinə 2016-cı ildə Prezidentin ehtiyat fondundan 10 milyon (binaların dam örtüklərinin dəyişməsinə və yolların təmirinə daha 10 milyon) pul ayrılmışdı. Həmin milyonların hara, necə xərcləndiyini təsdiqləyən sənədlər yoxdur. Sumqayıtda Sülh küçəsində və dənizkənarı parkdakı təmir-tikinti işlərinə rəhbərlik etmiş işadamı Müqayis Verdiyevin haqqındakı cinayət işindən belə məlum olur.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun mühakiməsi başlayıb. İşadamına CM-nin 162 (əmək mühafizəsi qaydalarını pozma), 178 (dələduzluq) və 222-ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələri ilə ittiham verilib. O, abadlıq işlərində istifadə olunmuş materialların pulunu sahiblərinə ödəməyib onları aldatmaqda, adamları əmək müqaviləsi olmadan işlətməkdə suçlanır.

«Milyonları özləri yeyiblər, mənim üzərimə yıxırlar...»

Amma M.Verdiyev ittihamları qəbul etmir və həbsinə görə də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu günahlandırır. Deyir ki, prezidentin sərəncamı ilə ayrılan milyonları mənimsəyib, bütün bunları ört-basdır etməkdən ötrü onu həbs etdiriblər. Onun sözlərinə görə, istifadə olunmuş materialların, işləyən fəhlələrin pulunu icra hakimiyyəti ödəməyib. Ortaya narazılıqlar çıxanda da çəkilib kənarda dayanıb, bütün məsuliyyəti onun üzərinə atıblar.

Məhkəmənin hazırlıq iclasında işadamının vəkili Fariz Namazlı da deyir ki, hüquqlarını müdafiə etdiyi şəxs təqsirsizdir. Vəkilin sözlərinə görə, bu işin istintaqı natamam və qərəzli aparılıb, həqiqətin üzə çıxması, prezidentin sərəncamı ilə ayrılmış milyonların hara getməsi araşdırılmayıb. Müdafiəçinin sözlərinə görə, məhkəmə bu vəziyyətdə işə baxa bilməz və yenidən araşdırılması üçün iş istintaqa qaytarılmalıdır. F.Namazlı məhkəmənin hazırlıq iclasında bu haqda vəsatət qaldırıb.

Sumqayıtda söküntü
Sumqayıtda söküntü

Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Fəzail Hüseynov istintaqa ifadəsində deyib ki, tikinti işlərinin aparılması üçün daxili tender keçirilib. Onun sözlərinə görə, M.Verdiyev başqaları ilə müqayisədə görüləcək işlər üçün daha aşağı qiymət deyib, onun təklifi sərfəli olduğundan icra hakimiyyəti «hə» deyib.

Amma cinayət işinin materiallarında tenderin keçirilməsi, həmin tenderdə hansı şirkətlərin iştirak etməsi, edilən təkliflərlə bağlı heç bir sənəd yoxdur. Hətta şəhərdəki tikinti-abadlıq işlərinin görülməsi üçün ödənişlərin rəsmi, müqavilə, bank sənədləri ilə gerçəkləşdirildiyini təsdiqləyən sübutlar da yoxdur.

Milyonluq tender sənədləri yoxa çıxıb

İttihamda yazılıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə M.Verdiyev arasında şifahi razılaşma olub. Vəkil isə deyir ki, dövlətin milyonlarla vəsaitini sadəcə şifahi razılaşma ilə xərcləmək anormal haldır.

«Müqayis Verdiyev işlərin görülməsinə görə məsuliyyət daşıyan şəxs deyil. Çünki ortada onun məsuliyyət daşımasını təsdiqləyən sübutlar yoxdur. Əgər həqiqətən də tender keçirilibsə və Müqayis Verdiyev qalib olubsa, o zaman bununla bağlı müvafiq sənədlər olmalıdır. Yalnız o halda hüquqlarını müdafiə etdiyim şəxs görülən işlərə və nəticəyə görə məsuliyyət daşıya bilərdi. İndiki halda Sumqayıt Şəhər İcra Hakimiyyəti məsuliyyəti öz üzərindən atmaqla təqsiri Müqayis Verdiyevin üzərinə yıxmağa çalışıb. Zərərçəkmişlərin də ifadələrindən bəlli olur ki, onlara tikinti materiallarının pulunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin ödəyəcəyinə söz verilib. Şöbə müdiri Fəzail Hüseynov zərərçəkmiş sahibkarlardan materialları göndərməyə davam etmələrini istəyib. Söz verib ki, bütün borclar şəhər icra hakimiyyəti tərəfindən ödəniləcək. Lakin işlər görülüb bitdikdən sonra şəhər rəhbərliyi sözünə əməl etməyib və sahibkarları aldadaraq onların pulunu ödəməyib. Sahibkarlar Müqayis Verdiyevə qarşı şikayət irəli sürməyib. İstintaqda da dəfələrlə bildiriblər ki, onların pulu şəhər icra hakimiyyəti tərəfindən ödənilməlidir», – vəkil vəsatətini əsaslandırarkən deyib.

Sumqayıt xarabalıqları: işsizlərin söhbəti
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Müdafiəçinin sözlərinə görə, istintaqda bütün bu məsələlər araşdırılmayıb, hətta şöbə müdiri F.Hüseynov təqsirləndirilən M.Verdiyevlə, zərərçəkmiş sahibkarlarla üzləşdirilməyib. İfadələrdə icra başçısı Z.Fərəcovun adı hallansa da, o dindirilməyib. İş üzrə əmtəəşünaslıq ekspertizası keçirməyib, görülən işlərlə bağlı uyğun sənədlər icra hakimiyyətindən tələb olunmayıb.

Amma Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib və işi təkrar araşdırmaya göndərməkdən imtina edib. Bu iş üzrə məhkəmə baxışı yanvarın 25-nə təyin olunub.

Xatırlatma

2014-cü ildə M.Verdiyev Goranboy rayonunda tikinti-abadlıq işləri ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuşdu. İttihama görə, M.Verdiyevlə «Fəqan Xidmət Təşkilatı» MMC arasında şifahi razılaşma olub. Şifahi razılaşdırılmış subpodrat müqaviləsinə görə, 2012-ci ilin oktyabrından 2013-cü ilin martına qədər Goranboyda tikinti-abadlıq işlərini həyata keçirmək üçün 27 nəfər usta və fəhləni cəlb edib. Onlara gördükləri işin müqabilində əməkhaqqı kimi verilməli olan pulu (21 min 138 manatı) «Fəqan Xidmət Təşkilatı» MMC-dən alsa da, ödəməyib.

İşadamı isə bildirirdi ki, rayonda tikinti-abadlıq işlərinə görə tenderdə qalib gəlmiş «Fəqan Xidmət Təşkilatı» MMC icra başçısının oğluna məxsusdur, ona görə də qalib elan edilib. 1.3 milyon manatlıq tenderin 256 min manatlıq hissəsinin icrası isə ona həvalə olunub. M.Verdiyevin iddiasına görə, «Fəqan»ın rəhbəri tenderin pullarını mənimsəyib və son nəticədə də onu qurban veriblər.

CM-nin 178 (dələduzluq) və 179 (mənimsəmə) maddələri ilə təqsirləndirilən M.Verdiyevə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il 14 gün həbs cəzası kəsilib. Sonradan Gəncə Apellyasiya Məhkəməsi bu hökmü ləğv edib və ona bəraət verib. Prokurorluq bu qərardan Ali Məhkəməyə kasasiya protesti verib və apellyasiya məhkəməsinin qərarı ləğv olunub. İşə yenidən Gəncə Apellyasiya Məhkəməsində baxılıb və bu dəfə ona 5 il 6 ay 28 gün həbs cəzası təyin edilib. Bu dəfə Verdiyev özü Ali Məhkəməyə şikayət edib. Ali Məhkəmə 2017-ci il yanvarın 11-də bir daha bu məsələyə baxıb və mənimsəmə ittihamı üzrə M.Verdiyevə bəraət verib. Dələduzluğa görə isə 2 il 3 aylıq cəza təyin olunub.

XS
SM
MD
LG