-
Bu videonu AzadlıqRadiosunun MobilReportyor rublikasına göndərən izləyicimiz yazır ki, martın 31-də Sumqayıtdakı "Karvan" Ticarət Mərkəzinin işçiləri etiraz aksiyası keçiriblər.
Onlar dükanlarını açmayaraq, Ticarət Mərkəzinin qarşısına toplaşıblar. Sahibkarlar yer haqlarının yenidən artırılmasına etiraz edirlər. Onlardan biri AzadlıqRadiosuna deyib ki, 2 ay öncə Ticarət Mərkəzinin rəhbərliyi yer haqlarında 50 faiz endirim etmişdi. Amma martın 30-da onlara endirimlərin ləğv olunduğunu bildirilib.
Əraziyə gələn Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsi sahibkarlara vəd verib ki, yer haqları artmayacaq. Bundan sonra sakibkarlar dükanlarını açıb və işlərinin başına dönüblər.
Dekabrın 21-də Azərbaycanda manat ikinci dəfə devalvasiyaya uğrayıb. Bundan sonra Karvan Ticarət Mərkəzində çalışanlar etiraz aksiyası keçirmişdilər, bir neçə dəfə Prezident Aparatında olmuşdular. Etirazlardan sonra Ticarət Mərkəzinin rəhbərliyi yer haqlarını 300 manatdan 150 manata endirməyə razılaşmışdı.
İndi Ticarət Mərkəzinin rəhbəri bildirib ki, onun da öz xərcləri var, 50 faizlik endirim ona sərf etmir. Üstəlik iki il öncə baş vermiş yanğının zərərindən hələ çıxa bilməyib.
Sahibkarlarsa, yer haqları qaldırılarsa etirazlarını davam etdirəcəklərini söyləyiblər.
Karvan Ticarət Mərkəzi Sumqayıtda yerləşir. Orada azı 1000 dükan var. 12 kvadrat metrlik dükanların icarə haqqı son iki ayda 150 manat olub. Burda 2000 nəfər çalışır.
----
Çəkdiklərini MobilReportyor-a belə çatdır:
- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.
- WhatsApp nömrəmiz:
(+420) 778 711 700
Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com