Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Sumqayıtdan sahibkarlar Bakıya şikayətə gəlib


Sumqayıtlı sahibkarlar
Sumqayıtlı sahibkarlar

Bu gün, yanvarın 8-də bir qrup sahibkar Bakıda Prezident Administrasiyasının önünə toplaşıb. Onlar Sumqayıt şəhərindən gəldiklərini söyləyiblər. Sahibkarların demələrinə görə, 2017-ci ildə «Şərq bazarı»nda mağazaları sökülüb. Söhbət ümumilikdə 66 sahibkara məxsus obyektdən gedir. Onlardan Ələkbər Zeynalov bunları deyib: «Sumqayıtda «Şərq bazarı»nda çalışırdıq. 2017-ci ilin may ayında bizə dedilər ki, bura söküləcək, sizə yeni mağaza tikilib veriləcək. İndi bu işdən nə səs var, nə soraq. «Şərq bazarı»nı söküblər, amma bizə yeni mağaza verilməyib. İndi icra hakimiyyətinə gedirik, bizi saya salan yoxdur...».

Sahibkarların vurğulamasına görə, «Şərq bazarı» şəhərin abadlaşdırılması adı altında sökülüb, onlara həmin yerdə yeni mağazalar tikilib təhvil veriləcəyi vəd olunub.

Şikayətçilər deyiblər ki, indiyə qədər müraciət etdikləri ünvan qalmayıb. Son ümid yerləri kimi Prezident Administrasiyasına üz tutublar.

Onlardan bəziləri iddia ediblər ki, 1997-ci ildən obyektlərini özəlləşdiriblər, çoxunun bunu təsdiq edən sənədləri də var. Sahibkarlardan bir neçəsi qəbula yollanıb. Həmin şəxslərin demələrinə görə, onlara yanvarın 14-də yenidən gəlmələri tövsiyə edilib, onda ətraflı şəkildə dinləniləcəkləri gözlənir.

Bu şikayətə Sumqayıt Şəhər İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Sumqayıtda hasarlanmış dükanlar. 2016
Sumqayıtda hasarlanmış dükanlar. 2016

İcra hakimiyyəti nə demişdi

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bundan əvvəl isə bu məsələ ilə bağlı açıqlama verilib. Hələ 2017-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətindən APA agentliyinə belə bir cavab verilmişdi: «25 ildir orada abadlıq işləri görülməyib. Yolun ortasında meyvə, tərəvəz satırdılar. Çox bərbad vəziyyətdə idi. Abadlıq işləri aparmaq üçün sahibkarlarla danışıqlar aparıldı ki, ərazidə qeyri-qanuni, kustar formada nə varsa, təmizlənsin, yerində müasir bir ticarət mərkəzi tikilsin. Son vaxtlar Sumqayıtda böyük abadlıq, quruculuq işləri aparılır. Aparılan bu işlərin fonunda şəhərin mərkəzində bərbad vəziyyətdə olan «Şərq bazarı» Sumqayıta bir yamaq idi. Sahibkarlarla danışıqlar aparılıb, kimin orada çıxarışı, qanuni sənədi var, yeni ticarət mərkəzi tikilib istifadəyə verilən zaman həmin sahibkarlar ticarət mərkəzində daha böyük yerlə təmin olunacaq. Bununla bağlı sahibkarlara yazılı zəmanət də veriləcək. Heç bir narahatlıq olmasın. Orada heç kimin mülkiyyəti əlindən alınmır...».

Sonradan isə icra hakimiyyətindən bəzi kütləvi informasiya vasitələrinə bildirilmişdi ki, bu məsələ sahibkarlarla bazar rəhbərliyi arasında həll edilməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG