Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:08

«Çox təəssüf ki,  qız olduğuna görə atılan uşaqlar da var». 


Azərbaycan-Zibil qabları

İyulun 7-də Sumqayıtda zibil qabından, bir neçə gün əvvəl isə Ucar rayonunda köhnə idarələrin birinin həyətində yeni doğulan körpə tapılıb. Uşaqların ikisi də xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş kimi qiymətləndirir.

Valideynləri yenicə doğulan uşaqlarla belə rəftar etməyə nə vadar edir? Azərbaycanda valideynlərin uşaqlardan imtina halları çoxdurmu?

«Valideynin himayəsindən məhrum olunmuş uşaqların sayı getdikcə azalır »

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov «Turan» Agentliyinə bildirib ki, son illər ərzində uşaqlardan imtina hallarının sayı azalıb : «Dünyada belə ölkə yoxdur ki, orada atılmış uşaq olmasın. Qonşu ölkələrlə müqayisə etsək, Azərbaycanda valideynin himayəsindən məhrum olunmuş uşaqların sayı qat-qat aşağıdır və getdikcə azalır. 2016-cı ildə belə uşaqların sayı 21 min idisə, ötən il üçün bu rəqəm 3 minə qədər idi. Ancaq bu o demək deyil ki, biz bugünkü nəticə ilə razıyıq».

Qurumun rəsmisi qeyd edib ki, bu hallar yolverilməzdir : «Biz vətəndaşlara həmişə çağırış edirik ki, hər hansı probleminiz olduğu halda, uşağı istəmirdinizsə, amma o doğulubsa dövlət qurumlarına müraciət edin».

«Çox vaxtı qeyri-rəsmi nikahlardan,… »

Uşaqdan imtina səbəblərinə gəlincə, o bildirib ki, hər belə ailə ilə fərdi qaydada danışıqlar aparılır: «Çox vaxtı qeyri-rəsmi nikahlardan, münasibətlərdən doğulmuş uşaqlardan söhbət gedir. Həmin şəxslər ailə olmadığı yerdə uşağı saxlamağın məsuliyyətini öz üzərinə götürmək istəmirlər. Çox təəssüf ki, bəzi hallarda qız olduğuna görə atılan uşaqlar da var».

Yeri gəlmiş son günlər atılan körpələrdən biri oğlan,o biri isə qız olub.

E.Səfərov vurğulayıb ki, valideynlər öz vəzifəsini yerinə yetirmək istəmirsə, uşağa qayğını dövlət göstərir: «Konstitusiyada və «Uşaq hüquqları haqqında» Qanunda göstərilir ki, bu, dövlətin birbaşa vəzifəsidir. Uşağın tərbiyəsində iştirakından tutmuş təhsilinə və sağlamlığına qədər bütün tədbirlər görülür».

O, qeyd edib ki, valideynlərin himayəsindən məhrum uşaqların sayını azaltmaq üçün kompleks tədbirlər həyata keçirilməlidir : «Bu mənada statistikanın aşağı düşməsinin səbəblərdən biri övladlığa götürülmə məsələnin aktuallaşmasıdır. Biz bu məsələyə dəstək dururuq. Biz tərəfdarıyıq ki, uşaq ailədə böyüsün. Lakin bir şərtlə ki, onun hüquqları pozulmasın və sağlamlığına zərər olmasın».

««Ailə həyatı» fənn kimi tədris proqramına salınsın».

Qurumun rəsmisinin sözlərinə görə, eyni zamanda valideynlərin məsuliyyəti artırılmalıdır : «Çox təəssüf ki, bizdə bəzi gənc ailələrdə valideyn məsuliyyəti yoxdur. Biz qeyri-rəsmi münasibətlərdə olan şəxsləri rəsmi nikaha daxil olmağa çağırırıq. Digər tərəfdən də gender stereotiplərlə mübarizə aparırıq və «Mən fəxr edirəm ki, qız atasıyam» kampaniyanı başlamışıq. Bu kampaniya çərçivəsində biz qızların hüquqlarını müdafiə etmək istəyirik. Biz çox istərdik ki, «Ailə həyatı» bir fənn kimi orta təhsil müəssisələrdə tədris proqramına salınsın».

«Hamısı da gəlir axırda sosial vəziyyətə dayanır».

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə bildirib ki, uşaqlardan bu formada imtinasının səbəbləri müxtəlifdir : «Burada qeyri-rəsmi kontaktdan dünyaya gəlmə səbəbindən ailə, cəmiyyət tərəfindən qınaqdan qorxma var, burada narkotik istifadəçisi olmaq məsələsi də ola bilər. Səbəblər o qədər çox ola bilər ki, hamısı da gəlir axırda sosial vəziyyətə dayanır».

O qeyd edib ki, ailələrdə qızlarla düzgün istiqamətdə işinin aparılmaması, erkən nikahlara daha çox üstünlük verilməsi nəticədə doğulmuş uşaqların atılmasına gətirib çıxarır: «Uşaqlar planlaşdırılmış şəkildə dünyaya gəlməlidir. Bu gün isə Azərbaycanda ailə modeli çat verib. Bunun qarşısını almaq üçün çox güclü təbliğat aparılmalıdır. Təəssüf ki, yalnız hadisə baş verəndən sonra məsələ işıqlandırır, önləyici addımlar isə atılmır».

«Çünki istənilən halda qadın günahlandırılacaq».

Yazar Zümrüd Yağmur isə AzadlıqRadiosuna bildirib ki, bu cür hadisələr Azərbaycanda həmişə olub, sadəcə indi internet çox inkişaf etdiyindən belə xəbərlər tez yayılır.Onun sözlərinə görə, ananın uşağından imtina etməsi çox ağır bir prosesdir: «Azərbaycanda son dövrlərdə qadınlara qarşı təcavüz halları həddindan artıq artıb. Xüsən də rayon yerlərində bu baş verəndə qadın bu problemi heç kəslə paylaşa, hara müraciət edəcəyini bilmir. Çünki istənilən halda qadın günahlandırılacaq. Nəticədə isə qeyri-insani rəftarla üzləşən bir qadın qeyri-insani yolla problemdən canını qurtarmağa çalışır».

Amma rəsmilər Azərbaycanda son vaxtlar qadınlara qarşı şiddətin artması ilə bağlı fikirlərlə razılaşmırlar.

Şərhlər

XS
SM
MD
LG