Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Oktyabr, bazar, Bakı vaxtı 11:49

Romanın hissə-hissə dərci yazıçıya nə qazandıracaq


"Substack" yazıçılara həm işlərini paylaşmaq, həm də gəlir götürmək imkanı verə bilərmi?

"Döyüşçü klubu"nun müəllifi Çak Palanik "Substack" bülleten platforması ilə kontrakt imzaladığını bildirib. Burada o, həm pulsuz, həm də pullu kontent təqdim edəcək. Pullu kontent dedikdə "Yaşıl otlaqlar" adlı romanın silsilə şəklində dərc olunan hissələri nəzərdə tutulur.

Bugünkü klassika da nə vaxtsa...

"Chicago Tribune" qəzeti yazır ki, bu gün klassika kimi qəbul edilən bir çox roman ilk dəfə dövri mətbuatda hissə-hissə dərc olunmaqla işıq üzü görüb. Buraya "Üç muşketyor", "Anna Karenina" və "Tom dayının koması" da daxildir. Çarlz Dikkensin "Pikvik klubunun ölümündən sonrakı qeydləri" romanı isə bu qəbildən olan yazıların auditoriyasını formalaşdırıb.

Daha öncə "Yaşıl otlaqlar" romanını "Hachette" nəşriyyatının çap edəcəyi planlaşdırılırdı. Nəşriyyat romanı müəllifə qaytarmağa bir şərtlə razılıq verib: Palanik gələcəkdə nəşriyyata bu romanın əvəzinə başqa bir roman təqdim etməlidir.

"Yaşıl otlaqlar" Çak Palanikin "Substack" bülletenində dərc ediləcək. Palaniklə eyni vaxtda Salman Rüşdi də "Substack"də öz bülletenini buraxacağını elan edib. Burada o bir novellasını və başqa əsərlərini paylaşacaq. "Bunu etməkdə məqsəd oxucularla daha yaxşı münasibətdə olmaqdır", –Rüşdi özünün ilk postunda yazıb.

Öncəki sınaqlar

"Chicago Tribune"da çıxan məqalənin müəllifi Con Uornerin özü də yazıçıdır. O, "Adamlar niyə yaza bilmir" kitabının müəllifidir. Bu yazıda onu maraqlandıran əsas sual əsərləri "Substack" bülleten platformasına qoymaq strategiyasının yazıçılara faydalı olub-olmamasıdır. Yəni, bu strategiya yazıçılara həm işlərini paylaşmaq, həm də əməklərinin müqabilində müəyyən gəlir götürmək imkanı verə bilərmi?

Bu eksperiment əvvəllər də sınaqdan keçirilib. Stiven Kinq "Yaşıl mil" kitabını əvvəlcə silsilə novellalar şəklində dərc edib. Daha sonra onları bir yerə toplayaraq kitab halında nəşr etdirib. Kinosevərlər bu kitabın əsasında Tom Henksin iştirakı ilə çəkilmiş eyniadlı filmi xatırlayırlar.

Kinqin buna bənzər başqa bir eksperimenti isə uğursuzluqla nəticələndi. Söhbət onun 2000-ci illərin əvvəllərində eyni üsulla dərc etməyə çalışdığı "Bitki" romanından gedir.

Orta statistik yazıçı...

Müəllif təcrübəli nəşriyyat mütəxəssisi Ceyn Fridmana istinadən yazır ki, romanların seriallaşdırılması, yəni hissə-hissə dərc edilməsi "Wattpad", "Royal Road" və "Tapas" kimi platformalarda illərdir ki, var. Gənc oxucular həm bu platformaları, həm də bu janrda yazılan bədii əsərləri bəyənir.

Ancaq Fridman "Substack"in silsilə bədii əsər bazarı yaratmaq üçün tanınmış yazıçılara pul ödəməsini çox da yaxşı anlamadığını deyir: "Mən bilmirəm bu, yeni başlayan orta statistik yazıçının öz bədii əsərləri üçün auditoriya qazanmasına necə kömək edəcək. Əksər insanlar bədii əsər seriallarını e-mail vasitəsilə kəşf etmirlər və mən "Substack"in bu davranışını dəyişə biləcəyinə inanmıram".

Müəllif hesab edir ki, TV və striminq bədii əsərlərin seriallaşdırılmasına üstün gələcək. O yazır ki, "serial" romanlara pul ödəyən auditoriyanın meydana gələcəyini gözləmək real deyil. E-mail platformaları bir şey satmalı olduğunuz zaman oxucularla əlaqəni saxlamaq, yaxud onların müsbət yanaşmasını artırmaq üçün faydalıdır. "Ancaq bu modeli gəlirə çevirə biləcək yazıçıların sayı həqiqətən çox azdır", – o yazır.

XS
SM
MD
LG