Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:29

Büdcədən ayrılan subsidiyalar yenə uyğunsuz xərclənib


Büdcəyə 10 qat yük AZAL və s...
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Büdcəyə 10 qat yük AZAL və s... (Arxiv. 2021)

Azərbaycanda dövlət qurumlarının büdcədən vəsait alması məsələsi vaxtaşırı dartışılır. Dövlət bu qurumlara illərdir milyardlarla manat ayırsa da, belə şirkətlərin büdcəyə qatqısı qısıtlıdır. Üstəlik, həmin qurumlar dövlətin borcunda da əsas pay sahibidir. Hesablama Palatasının ötənilki dövlət büdcəsi barədə bağlı rəyində də sözügedən problemə toxunulub. Dövlət müəssisələrinə ayrılan və istifadə edilən xərclərdə pozuntulara yenə də rast gəlinib.

Ötən ilin dövlət büdcəsindən 1 milyard 402 milyon manat subsidiya ayrılıb. Bu vəsaitlər toplamda 95 istiqaməti əhatə edib. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 4.4 faizi məhz subsidiyalardır. Subsidiya deyərkən, dövlət büdcəsindən ayrılan qarşılıqsız maliyyə vəsaiti nəzərdə tutulur. 2021-ci illə müqayisədə büdcədən ayrılan subsidiyaların həcmi 1.2 faiz çox olub. Sırf dövlət müəssisələrinə ayrılan subsidiyanın məbləği isə daha çox – 25 faiz artıb. Beləcə, büdcədən ayrılan subsidiyalar içərisində dövlət müəssisələrinin payı 9.5 faiz bəndi artaraq 49.8 faizə yüksəlib. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Əvəzində qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə ayrılan subsidiyalar, uyğun olaraq, 27 faiz və 13 faiz aşağı düşüb.

Subsidiya kimi xərclənməyən subsidiyalar

Hesablama Palatası ötənilki dövlət büdcəsinin icrasına dair rəyində bildirir ki, araşdırmalar, əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə də dövlət büdcəsindən subsidiya adı altında ayrılan vəsaitin bu anlayışın fəlsəfəsinə tam uyğun olmadığını göstərir. Bəzi hallarda ehtiyac olmadığı hallarda da subsidiya ayrıldığı qeydə alınıb. Məsələn, ötən il nizamnamə kapitalının artırılması məqsədilə İpoteka və Kredit Zəmanəti Fonduna 5 milyon manat, "Azərkosmos" ASC-yə 23 milyon manat, Aqrar Sığorta Fonduna 5.4 milyon manat ayrılıb. Daha 4.3 milyon manat "Suez Group" şirkəti qarşısında yaranmış maliyyə öhdəliyinin yerinə yetirilməsi üçün "Azərsu" ASC-yə verilib.

Ancaq bu vəsaitlər mahiyyəti baxımından subsidiya anlayışını ehtiva etmir. Dövlət Maliyyə Statistikası Təlimatına görə, nizamnamə kapitalının artırılmasına və borcların bağlanılmasına yönəldilən vəsait subsidiya sayıla bilməz. Beləcə, bəlli olur ki, ötən il subsidiya kimi ayrılan, ən azı, 38 milyon manat subsidiya kimi istifadə edilməyib.

Gərəksiz alınan və istifadəsiz qalan subsidiyalar

Hesablama Palatasının araşdırması subsidiyalarla bağlı digər pozuntuları da aşkarlayıb. Bəlli olub ki, bəzi qurumlar ehtiyac olmadan büdcədən subsidiya alıb. Məsələn, "Bakı Metropoliteni" QSC-yə dövlət büdcəsindən ayrılan subsidiya məbləğləri real tələbatdan çox verilib və subsidiya hesabına investisiya (əsaslı təmir, tikinti və s.) xərcləri qarşılanıb. Belə vəziyyət dövlət büdcəsinin tərtib və icrasına dair mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmir.

Təhlillər göstərir ki, bəzi hallarda yönəldilmiş subsidiya məbləğləri istifadəsiz qalır. Məsələn, dövlət büdcəsinin icrası barədə bilgilərdə "Azərbaycan Hava Yolları" QSC-yə fəaliyyətinin təmin edilməsi üçün 89.5 milyon manat ayrıldığı və tam məbləğdə xərcləndiyi göstərilib. Qurumdan təqdim edilmiş məlumatlara görə isə, hesabat ilində əslində 63.1 milyon manat xərclənib. Ötən ilin sonuna 26.4 milyon manat AZAL-ın bank hesabında qalıb. Hesablama Palatasının araşdırmaları göstərir ki, bir çox dövlət müəssisəsində büdcədən ayrılan subsidiyalar qənaətlə və, üstəlik, təyinatı üzrə xərclənmir, əsasən, investisiya tipli xərclərə yönəldilir. Bu da, təbii ki, büdcə vəsaitlərinin səmərəliliyi və şəffaflığı ilə bağlı çoxlu sual doğurur.

Hesablama Palatası subsidiyalarla bağlı problemləri aradan qaldırmaq üçün hökumətə tövsiyə versə də, hökumət bu tövsiyəni icra etməyib. Qeyd edilən tövsiyə dövlət müəssisələrinə ayrılan subsidiyaların nəticəli və effektiv istifadəsinin təmin edilməsi məqsədilə subsidiyaların verilmə şərtlərini, tələb olunan sənədlər, subsidiya məbləğinin hesablanma üsullarını və s. məsələləri tənzimləyir və konkret mexanizm formalaşdırmaq hədəfini güdür.

Subsidiyalar niyə önəmlidir?

Büdcədən ayrılan subsidiyaların effektiv xərclənməsi bir çox sahədə inkişafa gətirə bilər, çünki bunların ayrılmasında əsas məqsəd hansısa sahəyə dəstək olmaqdır. Ancaq Azərbaycanda subsidiyalardan səmərəsiz istifadə bəzi hallarda durumu daha da pisləşdirir. Məsələn, Hesablama Palatası bir müddət öncə ölkədə yeni tətbiq edilən subsidiya mexanizmi ilə bağlı təhlilini bölüşmüşdü.

Açıqlanan bilgilərdən aydın olur ki, əgər 2019-cu ildə bitkiçilik sahəsinin subsidiyalaşdırılmasına 178 milyon manat ayrılmışdısa, 2020-ci ildə bu rəqəm 233 milyon manata, 2021-ci ildə isə 259 milyon manata yüksəlib. Subsidiya üçün ayrılan vəsait iki il içində 45 faiz artsa da, subsidiyalaşdırılan sahələrin həcmi cəmi 7 faiz artıb. Üstəlik, bu artım kənd təsərrüfatı üçün strateji sayılan sahələrlə bağlı deyil.

Yeni subsidiya mexanizminin tətbiqindən sonrakı iki il ərzində ölkədə istifadəsiz qalan kənd təsərrüfatı torpaqlarının da həcmi artıb. 2019-cu ildə 366 min hektar yararlı torpaq sahəsindən istifadə edilmirdisə, bu rəqəm 2020-ci ildə 476 min hektara, 2021-ci ildə isə 436 min hektara yüksəlib. Hesablama Palatası bütün bunları nəzərə alaraq düşünür ki, yeni mexanizm çərçivəsində xərclənmiş vəsaitlər ikiillik müddət ərzində bitkiçiliyə ciddi töhfə verməyib və bu sahə heç də cəlbedici təsir bağışlamayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG