Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:31

İran su müharibələrindən danışır


İraqda çay
İraqda çay

İran rəsmisi ölkəni bürüyən toz dumanları probleminin həllindən ötrü Türkiyəylə fəal diplomatiyaya çağırıb. İranın presstv.ir portalı yazır ki, regiondakı bu toz dumanları Ankaranın nəhəng bənd qurma layihələrinin nəticəsində yaranır.

Cənub-Şərqi Anadolu Layihəsi (GAP) çərçivəsində Türkiyə Dəclə və Fərat çayları üzərində 22 bənd tikib. Məlumatlara görə, bu layihə çaylarda suyun həcmini 34 faiz azaldıb və Mesopotamiyanın 94 faizinin qurumasıyla sonuclanıb. Üstəlik, Suriya və İraqda yaranan toz dumanları İrana tərəf yönəlir ki, bu da cənub-qərb və qərb regionlarında həyatı iflic edir.

100 MİLARD KUBMETRƏDƏK SU

İranın Energetika Nazirliyinin rəsmisi Hedayat Fahmi bazar günü iddia edib ki, Türkiyə əlavə bəndlər tikməklə durumu daha da qəlizləşdirir. Rəsminin sözlərinə görə, daha çox çay yatağı quruyur və bu da əlavə toz dumanları yaradır.

Presstv.ir bəndlərdə 100 milyard kubmetrədək suyun yığıldığını, bunun yarısının «Atatürk» bəndində toplandığını yazır.

ABŞ, Almaniya və İsrail şirkətlərinin gerçəkləşdirdiyi bu layihə çərçivəsində Türkiyədə 2 milyon hektaradək əkin sahəsinə su verilir, ölkənin elektrik istehsalı isə 7.500 meqavat artır.

Fahmi deyib ki, ekspertlər 2045-ci ilədək Yaxın Şərqin su ehtiyatlarının 10 faizini itirəcəyini proqnozlaşdırırlar. Həmin dövrdə regionda suya tələbat 60 faiz artacaq və rəsminin fikrincə, bu, hətta regionda su müharibələrinə gətirə bilər.

Hasankeyf kəndi
Hasankeyf kəndi

SU DİPLOMATİYASI

«Problemin həllindən ötrü dörd ölkə su diplomatiyası aparmalı, birgə su ehtiyatlarına hüquqlarını təmin etməlidirlər», – Fahmi deyib.

Onun deməsinə görə, İraq və Suriya təhlükəsizlik və sosial problemlər içində üzdüyündən, İran diplomatik cəhdlərdə daha fəal rol oynamalıdır.

Məsələylə bağlı regional əməkdaşlıq 2011-ci ildə dayanıb, belə ki, terrorçuluq və münaqişələr iki ərəb ölkəsini çalxalayıb.

Martda İran BMT-nin baş katibi Antonio Guterres-ə məktub göndərərək regionda toz dumanlarıyla mübarizə məqsədilə işçi qrup yaratmağa çağırıb.

Fevralda Xuzestan vilayəti toz dumanları və elektrik kəsilməsindən ziyan görəndən sonra İran prezidenti Hassan Rouhani əraziyə baş çəkib. Sosial şəbəkələrdə İraqla sərhəddə əziyyət çəkənlərin fotoları geniş yayılmışdı.

BATAQLIQLARIN SUYU QURUYAR

«The New York Times» qəzeti ötən ilin sentyabrında Türkiyənin cənub-şərqində yerləşən Hasankeyf şəhərində bənd layihələri çərçivəsində aparılan söküntülərdən, yerli əhalinin köçürülməsindən yazırdı.

O zaman Dəclə çayı üzərində su-elektrik stansiyasının tikintisi tamamlanmaq üzrəydi. İstanbulda yaşayan arxitektura professoru Zeynep Ahunbay şəhərin tarixi hissəsinin dağılmasına diqqət çəkirdi.

İlisu kəndində tikilən bənd İraqda narahatlıq yaratmış, bu bəndin İraqın cənubundakı bataqlıqlara gələn suyun həcmini azaldacağı bildirilirdi.

İlisu bəndinin layihəsi hələ 1980-ci illərdə hazırlanmışdı. Ancaq ətraf mühit fəallarının etirazları nəticəsində yubanmalar olub. 2009-cu ildə avropalı kreditorlar maliyyəni geri çəkmişdi, onlar layihənin ərazinin mədəni irsini dağıdacağını deyirdilər.

XS
SM
MD
LG