Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:31

Rusiya Ermənistana ilk dəfə olaraq ‘təzə təyyarələr’ satır


SU-30 qırıcısı
SU-30 qırıcısı

Rusiyanın Kommersant qəzeti yazır ki, Moskva Ermənistana 4 ədəd Su-30SM qırıcısını “rusiyadaxili qiymətə” satır.

Başqa sözlərlə, Ermənistan bu qırıcılara Rusiya silahlı qüvvələrinin ödədiyi qiyməti ödəyəcək.

Qəzet yazır ki, Rusiya bu sövdələşmənin baş tutması üçün Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi üzrə müttəfiqinə “ciddi güzəştlər” edib. Moskva bu təyyarələri ala bilməsi üçün Yerevana kredit də ayırıb.

Bu təyyarələrin satışı Ermənistan üçün bir də ona görə əlamətdardır ki, Yerevan ilk dəfə olaraq işlənmiş yox, təzə texnika əldə edəcək.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Ermənistanın Müdafiə Nazirliyi Su-30SM təyyarələrinin alınmasına dair şərh verməkdən boyun qıçırıb. Nazirliyin mətbuat katibi deyib ki, Su-30 təyyarələrinin alınması üzərində iş gedir”.

Bu da qeyd olunur ki, iki ay əvvəl Ermənsitanın müdafiə naziri David Tonoyan Su-30SM təyyarələrinin alınması barədə razılaşmanın final mərhələyə yaxınlaşdığını demişdi.

Moskvanın “hədiyyəsi” də hesab etmək olar

Kommersant bunu da yazır ki, qırıcılar Ermənistana KTMT xətti ilə satılır və erməni pilotlar onları idarə etmək üçün müvafiq kursu Rusiyanın hərbi məktəblərində keçəcəklər.

Məqalədə deyilir ki, Rusiyadan yeni qırıcıların alınması ilə bağlı söhbətlər hələ 2012-ci ildən gedirdi. Lakin o vaxt bu sövdələşməyə alıcının maliyyə çətinlikləri mane olurdu. O vaxt Ermənistan 12 qırıcı almaq niyyətində idi.

İndi isə Ermənistanda 2018-ci ildə baş vermiş “məxməri inqilabdan” sonra bu məsələ yenidən gündəmə gəlib.

Bir sıra siyasi şərhçilər bildirirlər ki, Ermənistanın yeni hakimiyyətinin KTMT-yə kifayət qədər soyuq münasibəti Moskvanı narahat etməyə bilməzdi. Kommersant yazır ki, Moskva bu sövdələşmə ilə müttəfiqinin KTMT-yə bağlılığının möhkəmləndirilməsinə çalışır.

Ötən ilin sentyabrında Rusiya və Ermənistan rəhbərləri arasında 12 təyyarənın alınması müzakirə olunmuşdu, amma son nəticədə tərəflər hələlik 4 təyyarənin alınması üzərində dayanmışdılar.

Kommersant yazır ki, ötən avqustda Su-30SM təyyarələrindən biri Rusiyadan Erebuni hərbi hava bazasına gətirilmişdi.

Azatutyun xəbər verir ki, o vaxt baş nazir Nikol Pashinian təyyarənin pilot kabinəsində oturmuş və selfi çəkmişdi.

Nikol Pashinian Su-30 qırıcısının kabinəsində
Nikol Pashinian Su-30 qırıcısının kabinəsində

Baş nazir Facebook-da yazırdı ki, “dünyanın ən yaxşı qırıcılarından birinin pilot kabinəsində əyləşib”.

Kommersant yazır ki, Rusiya ilə bağlanmış müqaviləyə görə Ermənistan 2020-ci ildə dörd Su-30SM qırıcısı alacaq.

Məqalədə deyilir ki, bəzi mənbələr Rusiya tərəfinin Ermənistana 100 milyon dollar kredit verdiyini bildirirlər.

Hər bir təyyarənin konkret qiyməti barədə şərh verilmir, lakin bu təyyarəni İrkutskda istehsal edən müəssəsnin başçılarından biri Kommersant qəzetinə deyib ki, “təyyarənin bu şərtlərlə satılmasını hədiyyə də hesab etmək olar”.

“Təkcə almaq xatirinə almaq”

Bir sıra başqa mənbələrdə hər təyyarənin Ermənistana 25 miyon dollara başa gələcəyi bildirilir.

Su-30 təyyarəsi – çoxfunksiyalı qırıcıdır. O, bütün hava şəraitlərində əməliyyat aparır, istər səma-səma, istərsə də səma-yer raketləri ilə silahlanır.

Ermənistanın bir sıra hərbi ekspertləri təyyarələrin alınması ilə ölkənin hərbi quruculuq istiqamətininuyğunluğu məsələsini sual edirlər.

Hərbi ekspert Davit Arutyunov bildirir ki, indiyədək Ermənistanda hərbi aviasiya sahəsinin inkişaf etdirilməsinə o qədər də diqqət verilməyib.

Onun sözlərinə görə, bu təyyarələrin gələcək partiyalarının da alınması ümumilikdə Ermənistan hərbi-hava qüvvələrinin inkişaf prioritetlərindən asılı olacaq. Ekspert bildirib ki, yalnız bunlar müəyyənləşdikdən sonra təyyarələrin “təkcə almaq xatirinə” alınıb-alınmadığı bilinəcək.

Arutyunov deyib ki, təkcə qırıcıların alınması hərbi-hava qüvvələrinin inkişafı üçün kifayət deyil. Ermənistana radiotexniki kəşfiyyat vasitələri , radar sistemləri, pilotsuz uçan qurğular lazımdır.

Lakin Kommersant qəzeti hərbi məsələlər üzrə ekspert Andrei Frolova istinadən yazır ki, Su-30Sm təyyarələrinin alınmasını Ermənistan üçün böyük nailiyyət hesab etmək olar, beləki bu təyyarələr ölkənin hərbi potensialını yüksəldəcək.

Lakin ekspert bu hadisəyə Azərbaycanın mümkün reaksiyasından da söz açıb. Frolov deyib ki, Azərbaycan tərəfi cavab addımı olaraq müasir qırıcılar ala bilər.

Onun sözlərinə görə bu zaman satıcı Rusiya yox, deyək ki, Pakistan da ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG