Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 06:04

Stoltenberg NATO-nun Rusiya ilə dialoqa açıq olduğunu deyib


NATO-nun baş katibi Jens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, Şimal alyansı hərbi manevrlərlə bağlı Rusiya ilə qarşılıqlı brifinqlər praktikasının genişləndirilməsini istərdi.

Jens Stoltenberg habelə Rusiya ilə hibrid təhlükəsi məsələlərinin müzakirə olunmasını istədiyini bildirib.

Stoltenberg bu bəyanatları Brüsseldə NATO xarici işlər nazirləri müşavirəsinin ikinci və sonunucu günündə jurnalistlərlə söhbəti zamanı verib. NATO-nun bu tədbirində ABŞ dövlət katibi Rex Tillerson da iştirak edirdi.

Stoltenberg deyib: “Biz razılığa gəldik ki, Rusiyaya yanaşmada, 2016-cı ildə keçirilmiş Varşava sammitində bəyan etdiyimiz müdafiə və dialoq prinsipi indiyədək yaxşı işləyib. Biz kollektiv müdafiəmizi gücləndirmişik, lakin dialoq üçün də açıq qalırıq”.

Daha sonra Stoltenberg bildirib: “Gələn iyulda keçiriləcək növbəti NATO sammitindən əvvəl biz qərara gəlmişik ki, çəkindirmə və müdafiəmizi gücləndirək, xoş məramla dialoqa hazır olaq və Şərqi Avropadakı partnyorlarımıza dəstək verək”.

Bu arada Belçika paytaxtında jurnalistlər qarşısında çıxış edən Rex Tillerson deyib ki, NATO nazirləri hazırkı vaxtda Rusiya ilə əlaqələrdə “normallaşma olmaması” faktını qəbul ediblər.

ABŞ dövlət katibi deyib: "Biz bu NATO görüşündə Rusiya ilə normal münasibətin nə ola biləcəyi barədə çox müzakirə aparmışıq. Fikrimcə, bütün NATO üzvləri arasında belə bir geniş konsensus var ki, bu gün Rusiya ilə heç bir normallaşma dialoqu yoxdur”.

Tillerson bunu da qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayanın şərqində BMT sülhməramlı qüvvələrinin yerləşdirilməsinə dair Moskva ilə razılığa gəlmək üçün ciddi səylər edir.

Dövlət katibi daha sonra əlavə edib: "Bizim prioritetimiz zorakılığa son qoyulmasıdır. Bu bizim birinci prioritetimizdir. Bundan sonra biz burada sülhməramlı qüvvələrin yerləşdirilməsinə çalışacağıq.”

Rex Tillerson dekabrın 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Lakin Tillerson xəbərdarlıq edib ki, Ukraynada yerləşdiriləcək sülhməramlı qüvvələrin dəqiq təbiəti barədə Vaşinqton və Moskva arasında ciddi mövqe ixtilafı var.

Dövlət katibi deyib ki, bu mövqe fərqlərinin aradan qaldırılması üçün səylər davam etdiriləcək.

Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsinə dair söhbətlər ötən sentyabrda Rusiya prezidenti Vladimir Putin UKraynada qarşı duran tərəflər arasında BMT qüvvələrinin yerləşdirilməsinə dair təklif verəndən bəri qızışıb.

Lakin bu plan çox tezliklə həm Kiyev, həm də Qərb tərəfindən tənqid edilmişdi. Narahatlıq bundan idi ki, bu bölgəyə sülhməramlıların yerləşdirilməsi separatçıları nəzarət etdikləri bölgədə daha da möhkəmləndirəcək və Rusiyanın bu regiona silah və canlı qüvvə göndərməsinin qarşısını almayacaq.

Bundan sonra Putin təklifinə düzəliş etməyə hazır olduğunu bildirsə də, heç bir razılaşma əldə olunmayıb.

Tillerson bu görüşdə prezident Trump-ın onu vəzifəsindən uzaqlaşdırmaq planının olmasına dair media xəbərlərini bir daha təkzib edib.

ABŞ mediası Tillerson-un postuna MKİ direktoru Mike Pompeo-nun gətiriləcəyini yazırdı.

Tillerson deyib ki, bu qəbildən olan söz-söhbət hər altı həftədən bir ortaya çıxır.

O jurnalistlərə öz xəbərləri üçün yeni mənbələr axtarmağı məsləhət görüb.

Trump-ın özü Tillerson-un vəzifədən kənarlaşdırılacağına dair söhbətləri “saxta xəbərlər” adlandırıb.

Tillerson dekabrın 7-də ATƏT-in görüşündə iştirak etmək üçün Vyanaya gedəcək.

Burada onun Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub.

Dövlət katibi bundan sonra Avropa turunun növbəti dayanacağı olacaq Parisə yola düşməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG