Stiven Kinq Hollivuddan 4 min 800 kilometr aralıda, Men ştatının Banqor şəhərində yaşamasına baxmayaraq, Hollivudun ən məşğul adamlarından biridir.
Kinqin «IMDB Pro» kino saytındakı səhifəsində hazırda hazırlıq mərhələsində olan 42, çəkiliş mərhələsində olan 11 filmin adı var. Bundan başqa, onun ssenariləri əsasında 232 film çəkilib. Onların xeyli hissəsi az adamın gördüyü kiçik, həvəskar filmlər olsa da, aralarında çox sayda yüksək profilli, məşhur filmlər də var. Onlardan biri «Castle Rock» serialıdır.
Qorxu filmləri ustasının ssenariləri əsasında çəkilməkdə olan film və televiziya layihələrinə qısa nəzər salaq:
«Castle Rock» (TV serialı)
«Hulu» şirkətinin çəkdiyi bu serialda hadisələr Menin Kasl-Rok adlı, əslində mövcud olmayan şəhərciyində cərəyan edir. Yeri gəlmişkən, Kinqin onlarla başqa ssenarilərinin süjeti də yazıçının təxəyyülünün məhsulu olan bu şəhərdə cərəyan edir. «Hulu»nun bir ay öncə yayımlamağa başladığı serial haqda rəylər qarışıq olsa da, proqnozlar nikbindir.
«Mr. Mercedes» (TV serialı)
Kinqin 2014-cü ildə yazdığı roman əsasında çəkilmiş bu serialın prodüseri əslən Mendən olan Boston heyranı Devid E. Kellidir. Film debütünü 2017-ci ildə «Audience Network» şəbəkəsində edib. Serialda irland aktyor Brendan Qlisonun oynadığı detektiv oğurlanmış «Mercedes»in sükanı arxasında olan bir şəxsin törətdiyi silsilə qətllərin üstünü açmağa çalışır.
«Pet Cemetary»
Kinqin hələ 1983-cü ildə yazdığı eyniadlı roman əsasında 1989-cu ildə çəkilmiş filmin rimeyki üzərində iş 2010-cu ildən gedir. «Paramount» şirkəti bu ssenarinin potensialını yüksək dəyərləndirərək, layihəyə Kevin Kolş və Dennis Uidmayer kimi rejissorları, baş rollara isə Ceyson Klark və Con Litqounu dəvət edib. Filmin yeni adaptasiyası gələn ilin aprelində çıxacaq.
«It: Chapter Two»
Bu sekvelin ilk filminin 2017-ci ildə uğur qazanmasından öncə onun ikinci hissəsi nəzərdə tutulmuşdu. Kinqin 1986-cı ildə yazdığı roman əsasında çəkilən filmdə Cessika Çesteyn, Bill Heyder və Ceyms Makevoy kimi tanınmış aktyorlar artıq böyümüş uşaqları, Bill Skarsqord isə, ötən filmdəki kimi, yenə də qorxunc kloun Pennivayzı oynayacaq. Film 2019-cu ilin sentyabrında çıxacaq.
«Doctor Sleep»
Kinqin 2013-cü ildə yazdığı eyniadlı roman əsasında çəkilən film onun ən çox sevilən işlərindən olan «The Shining» filminin sikvelidir. Film 2020-ci ilin yanvarında işıq üzü görməlidir.
«The Bone Church»
Kinqin eyniadlı şeiri əsasında çəkilən bu televiziya serialının prodüseri «Mr. Mercedes» filminin icraçı prodüseri olan Ken Lonq, rejissoru isə «Suicide Squad» filmini çəkən Devid Eyerdir.
«Firestarter»
Kinqin 1980-ci ildə yazdığı bu roman pirokinetik gücə malik qız və onu tutmağa çalışan hökumətin səyləri haqdadır. Filmi alman kinorejissoru Fatih Akın çəkəcək.
«The Long Walk»
«It» filmini çəkən «New Line Cinema» studiyası bu filmi Kinqin 1979-cu ildə yazdığı eyniadlı romanı əsasında çəkəcək. Despotik gələcək haqda olan filmdə 100 yeniyetmə bütün ölkə boyu piyada gəzərək yarışmağa məcbur edilir, sonda yalnız biri sağ qalır.
«The Tommyknockers»
Kinq 1987-ci ildə yazdığı bu romanı «səfeh kitab» adlandırsa da, «Universal», «Netflix» və «Sony» studiyaları onun əsasında film çəkmək hüququ uğrunda yarışırdılar. Sonda «Universal2 qalib gəlib. Romanda yadplanetlilərin kosmik gəmisi heç nədən xəbəri olmayan Men sakinlərini gəminin keçmiş sakinləri olan yadplanetlilərə bənzər varlıqlara çevirir. Hələ istehsalına başlanmamış filmi Ceyms Van çəkəcək.