Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:38

Steven Seagal suriyalı Aylan haqda filmdə çəkilir


 Steven Seagal, Moskva, 21 iyun 2018
Steven Seagal, Moskva, 21 iyun 2018

80-90-cı illərin əkşn filmlərindən tanınan kino ulduzu Steven Seagal “Körpə Aylan” (“Aylan Baby”) adlı filmdə çəkiləcək. Film 2015-ci ildə Aralıq dənizinin sularında batan, ölümü ilə miqrant böhranı haqda həqiqəti dünyaya çatdıran üç yaşlı Aylan Kurdi haqdadır.

“Körpə Aylan” filminin çəkilişlərinə uşağın cəsədinin tapıldığı Türkiyənin cənub-qərbində başlanılıb. Aylandan sonra çəkilən fotolar Avropada sığınacaq almağa çalışarkən Aralıq dənizində boğularaq ölən miqrantların acı taleyini dünyaya çatdırıb.

“Fotonu görəndə bir müddət yata bilmədim”

“Körpə Aylan” filmini türkiyəli rejissor Ömer Sarıkaya çəkir. Sarıkayanın dinlərarası tolerantlığı təbliğ edən avtobioqrafik “İslamofobiya” (Islamophobia) (2018) filmində Jean-Claude Van Damme rol almışdı. Digər adı “Ölüm dənizi” (Sea of Death) olan “Körpə Aylan” filmində isə 80-ci illərin digər əkşn kino ulduzu Steven Seagal çəkiləcək.

Sarıkaya türk xəbər agentliklərindən birinə müsahibəsində belə deyib: “O fotonu ilk dəfə görəndə bir müddət yata bilmədim. O daim ağlımda idi. Düşünürdüm ki, inşallah kimsə bu haqda film çəkər və dünyaya mesaj göndərər, ancaq bu vaxta qədər bunu heç kim etməyib. İndi bunu mən edirəm”.

Film Bodrumda çəkilir. Onun premyerası da sentyabrın 2-də burada baş tutacaq. Görünür, filmin redaktəsi və prodakşn sonrakı hazırlıqları çox vaxt almayacaq. Rejissorun sözlərinə görə, filmdən gələn gəlir humanitar yardıma ianə ediləcək.

Adı ilk dəfə xəbərlərdə “Aylan” kimi göstərilən Alan 4 yaşlı qardaşı Galib və anası Rehana ilə birlikdə dənizdə boğularaq ölmüşdü. Onların Yunanıstanın Kos adasına çatmaq ümidilə mindikləri kiçik qayıq yola çıxandan beşcə dəqiqə sonra çevrilmişdi.

İnsanlar onun və başqa bir uşağın cəsədini suyun dayaz hissəsində aşkar edib sahilə çıxarmışdılar. Türkiyənin “Doğan” xəbər agentliyinin fotoreportyoru Nilufer Demir də onun şəklini burada çəkmişdi. Fotonun yayılması etik dilemma mövzusunda çoxlu müzakirələrə yol açmışdı.

Xilas gəmisinə Alan adı verilib

Həmin foto dünyanın hər yerinə yayılmış, televiziya, sosial mediada və qəzetlərin ön səhifələrində yer almışdı. Şəkil miqrant böhranı haqda həqiqətlərin dünyaya çatdırılmasında böyük rol oynayıb. Fotonun yayılmasından sonra dövlət başçıları bu faciəyə münasibət bildirib, cəmi 24 saat ərzində Sahildə Miqrantlara Yardım Stansiyası (Migrant Offshore Aid Station) kimi humanitar qurumlara edilən ianələrin həcmində 15 dəfəyə qədər artım qeydə alınıb.

Maraqlıdır ki, Alanın dənizdə batmasına və fotolarının yayılmasına qədər minlərlə uşaq eyni marşrutla hərəkət edən zaman suda boğulmuş, Suriyadakı amansız müharibənin qurbanı olmuşdu. Bu hadisədən sonra da hələ minlərlə uşaq eyni səbəblərdən həyatını itirəcəkdi. Ancaq məhz Alanın qırmızı köynəkli, mavi şortlu, üzü üstə qalmış cəsədinin fotoları ictimaiyyətin diqqətini cəlb etdi və bütün dünyada dərin emosional reaksiya doğurdu.

Ürəkparçalayan görüntüdə uşağın üzü görünmür, üzü üstə qalması isə insanı onun ölüdən çox yatmış olması düşüncəsinə aparır.

Faciədən sonrakı aylar ərzində Alanın qayıqda olan atasının rolu ciddi müzakirə yaratmışdı. Bu il Abdullah Kurdi bir alman xilas gəmisinə oğlunun adını verib.

Ötən həftə dünya mətbuatı və sosial mediada Rio Qrande çayında atası Oscar-la birlikdə batan meksikalı körpə qız Valeria Ramírezin cəsədinin fotoları yayılıb. Ata-bala ABŞ ərazisinə çatmaq ümidilə çayı keçməyə çalışırmış. İnsanlar bu fotoları körpə Alanın şəkilləri ilə müqayisə edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG