Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Azərbaycanda nə qədər işsiz var?


Azərbaycanda cəmi 36 min işsiz var? - Hökumət işsizləri necə sayır?
Gözlə

No media source currently available

0:00 0:15:10 0:00

Azərbaycanda cəmi 36 min işsiz var? - Hökumət işsizləri necə sayır?

Rəsmi statistikaya görə, Azərbaycanda 36 min qeydiyyatdan keçmiş işsiz var.

Heç bir işlə məşğul olmayan əmək qabiliyyətli olmayan əhalinin sayı isə 4,5 faizdir.

Demokratiya və İnkişaf Hərəkatının lideri, iqtisadi təhlilçi Qubad İbadoğlu deyir ki, Azərbaycanda, reallıqda həm qeydiyyatdan keçmiş, həm də keçməmiş işsizlərin sayı hökumətin statitistikasında göstəriləndən qat-qat çoxdur.

Dövlət İqtisad Universitetinin məzunu, 26 yaşlı Adil Sadıqov özünü işsiz sayır, deyir ki, ona görə işləmir ki, ona təklif olunan şərtlərlə razı deyil, o, məşğulluq xidmətinə müraciət etməyib, özünə xaricdə iş axtarıb:

“Normal iş tapa bilmədim, işlər var, amma 250-300 manat verirlər, deyirlər ki, səhər 8-dən, axşam 8-ə qədər işlə. Məni də bu qane etmir, ona görə də xaricdə iş tapdım, gedirəm…”

Ekspert: Azərbaycanda kütləvi işsizlik var

İqtisadi təhlilçi Qubad İbadoğlu deyir ki, ölkədə işsizlik xüsusilə son üç ildə manatın dollara nəzərən iki dəfəyə qədər dəyər itirməsindən sonra artıb. Onun sözlərinə görə, bu hadisədən sonra xüsusilə maliyyə və bank sistemində ixtisarlar başladı.

“Azərbaycanda kütləvi işsizlik var və bunun səbəblərindən biri də ölkə iqtisadiyyatının strukturu ilə bağlıdır. Ölkə iqtisadiyyatı əsasən neft sektorunda formalaşır və qeyri-neft sektorunun əmək tutumlu sahələri inkişaf etməyib. Ölkədə əmək haqları aşağıdır və insanlar aldıqları əmək haqqı ilə öz xərclərini ödəyə bilmirlər. O baxımdan qeyri-leqal işsizlik də yüksəkdir”.

Qubad İbadoğlunun fikrincə adamlar ona görə məşğulluq idarələrində qeydiyyatdan keçməyə maraqlı deyillər ki, orda təklif olunan işlərlə qane olmurlar, üstəlik müraciət proseduru da uzundur.

AzadlıqRadiosu işsizlik problem barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Azərbaycanda nə qədər işsiz var?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Keçən ay “Məşğulluq haqqında” qanun dəyişib, artıq ailə təsərrüfatının üzvləri də iş yeri olan məşğul şəxs hesab edilirlər. İqtisadçı Qubad İbadoğlu deyir ki, belə adamların sayı 1 milyon 700 min nəfərə yaxındır, amma bu ailələri məşğul hesab etmək doğru deyil.

Belə şəxslərdən biri, Astara şəhər sakini Səttar Hüseynov həyətyanı sahəsi olsa da, özünü 28 ildir ki, işsiz hesab edir:

“Mən 90-cı ildən işsizəm, iki uşağım var, bunun qələmi var, dəftəri var. Qəndi var, çayı var. Maddi vəziyyət çox çətindir. Məşğulluq idarəsinə gedirəm, işlə təmin olunmuram. Mənə deyirlər ki, iş yoxdur, mən də çıxıb gəlirəm. Üç müəssisədə işləmişəm, üçü də satılıb, qalmışam havada”.

Pay torpağını əkən, İmişli sakini, Rza Əkbərov isə deyir ki, pay torpağını əkməyinə əkir, amma 13 baş ailəni dolandırmaq üçün ildə 750 manat qazancın ümidinə qalıb:

“3 hektar torpağım var. Taxıl əkirəm. İldə 750 manat gəlirim olur”.

Deputat deyir ki, adamlar tənbəlləşiblər

Milli Məclisin Əmək və Əhalinin Sosial Siyasət Komitəsinin üzvü, Aytən Mustafayeva deyir ki, Azərbaycanda işsizlik problemi olmamış deyil, amma bir problem də odur ki, adamlar onlara təklif olunan işlərdə də işləmək istəmirlər.

O, ailə təsərrüfatı olan, amma iş axtaran şəxslərlə də razılaşmır:

“Adamlar tənbəlləşiblər. Deyirlər ki, hər şey var, hazırdır, Ondansa gedim kredit götürüm, kreditlə bir şey alım. Amma bununçün əziyyət çəkim, əziyyət çəkim, əkim becərim və ya düşünüm ki, necə edim ki, daha çox xeyir götürüm, bunu etmirlər”.

Azərbaycan iqtisadiyyatı ümumilikdə 2014-cü ilin sonundan, neftin qiyməti düşməyə başlayandan sonra pisləşməyə başlayıb, əsas iş yerlərinin olduğu dövlət tikinti layihələri əvvəlki illərə nəzərən azalıb, bu ilin əvvəlindən, neftin qiymətinin artması ilə cüzi iqtisadi artım müşahidə olunsa da, iqtisadiyyat üç il əvvəlki göstəricilərinə hələ qayıtmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG