Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 08:45

Moskva və Vaşinqton nüvə sazişinə əməl etdiklərini bildirirlər


ABŞ-ın Minuteman III qitələrarası ballistik raketi Vandenberg hərbi hava bazasında sınaqdan keçirilir, 2 avqust 2017 (Foto arxivdəndir)

Birləşmiş Ştatlar və Rusiya 2010-cu il silahlara nəzarət sazişi üzrə öhdəliklərinə əməl etdiklərini bəyan ediblər. Bundan az əvvəl Moskva prezident Donald Trump-ın yeni nüvə siyasətini tənqid etmişdi.

Fevralın 5-i hər iki ölkə üçün Yeni START (Strategic Arms Reduction Treaty – Strateji Silahların Azaldılması Müqaviləsi) sazişi kimi tanınan razılaşmanın icrası üçün son müddət sayılırdı. Bu müqavilə hər iki tərəfin strateji nüvə döyüş başlıqlarının maksimum sayını 1550 və qitələrarası ballistik raket və strateji bombardmançılarının sayını 700 olaraq məhdudlaşdırır.

ABŞ-Rusiya münasibətlərinin Soyuq müharibədən bəri son dərəcə pisləşməsi şəraitində silahlara nəzarət ekspertləri bu müqavilənin taleyindən narahatlıq ifadə edirdilər.

Onlardan bəziləri silahlara nəzarət üçün başqa bir mühüm razılaşma - 1987-ci il tarixli Ortamənzilli Nüvə Qüvvələrinə dair sazişin də iflasa yaxın olduğunu bildirirdilər.

Bundan başqa bir sıra respublikaçı millət vəkilləri əvvəlki prezident Barack Obamanın razılaşmanın Rusiya tərəfindən pozulmasına zəif reaksiyasını pisləyir və deyirdilər ki, Yeni START müqaviləsi 2021-ci ildə başa çatanda onun müddətini uzatmayacaqlar.

1987-ci il sazişini Ronald Reagan (sağda) və Mixail Qorbaçov imzalamışdılar
1987-ci il sazişini Ronald Reagan (sağda) və Mixail Qorbaçov imzalamışdılar

Fevralın 5-də Dövlət Departamenti bildirib ki, Vaşinqton Yeni START müqaviləsi üzrə öhdəliklərinə ötən avqustda əməl edib.

Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib ki, bu müqavilə iki ölkə arasındakı münasibətlərin pisləşdiyi hazırkı dövrdə xüsusilə böyük əhəmiyyət kəsb edir.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Moskvanın hazırda 1444 strateji nüvə başlığı və 527 qitələrarası ballistik raketi və strateji bombardmançısı var.

Ötən həftəsonu Rusiya XİN ABŞ-ın Nüvə Silahlarının Vəziyyəti adlı sənədini kəskin tənqid etmişdi.

Fevralın 2-də açıqlanmış bu sənəddə deyilirdi ki, Birləşmiş Ştatlar bəzi mövcud uzaqmənzilli qitələrarası raketlərini daha kiçik nüvə başlıqlarının yerləşdirilə bilməsi üçün modifikasiya edəcək. Bundan başqa Trump administrasiyası sualtı gəmilərdən atıla biləcək qitələrarası raketlərin yaradılması niyyətini açıqlamışdı.

ABŞ-ın sözü gedən silah siyasəti sənədində habelə Rusiyanın “deeskalasiya naminə eskalasiya” siyasətinə toxunulurdu. 2000-ci ildə Putin prezident olandan az sonra elan edilmiş bu doktrinada deyilirdi ki, Moskva Avropa tərəfindən varlığına təhlükə yarandığı təqdirdə hətta adi silahlarla aparılan münaqişə zamanı da kiçik ölçülü nüvə başlıqlarından istifadə edə bilər.

Moskva bu qənaətdədir ki, ABŞ-ın yeni nüvə siyasəti onun təhlükəsizliyinə hədə təşkil edir. Beləki ABŞ-ın modifikasiya edilmiş silahlarının nüvə başlığı daşıyıb-daşımadığını müəyyənləşdirmək çətin olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG