Böyük Britaniya baş naziri Kir Starmer istefa qərarını elan edib. O, rəhbərlik etdiyi Leyboristlər Partiyasına yeni sədr seçilənədək müvəqqəti olaraq postunda qalacaq.
Məlumata görə, qəfil istefanın əsas səbəbi hökumət kabinetinin üzvləri də daxil olmaqla, leyboristlər arasında baş nazirə qarşı yaranan ciddi narazılıqlar olub. Mövzu ilə bağlı danışan Starmer partiyadaşlarının onun gələcək seçkilərdə liderliyinə dair sualına mənfi cavab verdiklərini vurğulayıb: "Leyboristlər mənim növbəti seçkilər üçün ən doğru namizəd olub-olmadığıma dair suala artıq cavab veriblər. Mən də bu cavabı eşitdim və getmək qərarına gəldim".
Yeni baş nazir iyulda bəlli ola bilər
Starmerin sözlərinə görə, iyulun 9-da Leyboristlər Partiyasının yeni liderinin – eyni zamanda ölkənin gələcək baş nazirinin – seçilməsi üçün kampaniyaya rəsmən start veriləcək. İyulun 16-na qədər isə namizədlərin adları dəqiqləşməlidir.
Siyasi şərhçilər Leyboristlər Partiyasının ən populyar siyasətçisi, Mançesterin keçmiş meri Endi Bernamın yeganə namizəd olacağını ehtimal edirlər. Bu ssenari gerçəkləşərsə, Starmer səlahiyyətlərini iyul ayında ona təhvil verəcək. Əgər Bernamın rəqibləri çıxsa, yeni baş nazirin sentyabra qədər müəyyənləşəcəyi gözlənilir.
Starmerin rəhbərliyi altında leyboristlər iki il əvvəl seçkilərdə inamlı qələbə qazanmışdılar. Amma iqtisadi problemlər, qeyri-qanuni miqrasiya ilə bağlı gərginlik və ağır cinayətlərdə ittiham olunan Ceffri Epşteynin yaxın dostu Piter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi ətrafındakı qalmaqal partiyanın populyarlığını kəskin şəkildə aşağı salıb.