Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 17:18

Stalinin ölüm günü qərənfillər, etirazlar və polis müdaxiləsi ilə qeyd olundu


Martın 5-də sovet diktatoru İosif Stalinin ölümünün 66-cı ildönümünü qeyd etmək üçün Moskvadakı Qırmızı meydanda yadetmə mərasimi keçirilib.

Kommunist Partiyası tərəfindən təşkil edilən bu mərasim hər il martın 5-də Stalinin Kreml divarları yanındakı qəbri üstündə keçirilir. Mərasimə beşyüzədək ziyarətçi gəlmişdi.

Builki mərasimi iki etirazçı fəal pozub. Onlar Stalinin məzarı üstünə iki qırılmış qərənfil atıblar və qışqırıblar:

"Cəhənnəmdə yan, xalqın cəlladı, qadın və uşaqların qatili!”

Polis Yevgeny Suchkov və Olga Savchenko adlı iki fəalı dərhal saxlasa da, sonradan onları sərbəst buraxıb.

Bu arada mərasimin yaxınlığında onlarca metr uzanan cərgəyə düzülmüş yaşlı adamlar prezident Vladimir Putindən Stalinin ölkə boyunca “tərənnüm” edilməsinin dayandırılmasını tələb ediblər.

Onlar valideynlərinin Stalin repressiyalarında öldürüldüyünü deyirdilər.

Stalin 1953-cü ilin 5 martında 74 yaşında vəfat edib. Onun hakimiyyəti illərində milyonlarla insan edam edilib və ya Sibir və Qazaxıstana sürgün olunub. 1930-cu illərdə baş vermiş bu repressiyaları bəzən “qırmızı” və ya “böyük” terror da adlandırırlar.

II Dünya Müharibəsi dövründə nasist Almaniyasına rəğbətdə şübhəli sayılan bir neçə etnik qrup kütləvi qaydada Mərkəzi Asiyaya köçürülüb.

Bu köçürülmə prosesində və sonrakı illərdə qocalar, qadınlar və uşaqlar da daxil çox sayda insan həyatını itirib.

Tarixçilər və Kremlin tənqidçiləri bildirirlər ki, Putinin hakimiyyəti illərində rəsmilər Stalin repressiyalarının miqyasını və əhəmiyyətini azaltmağa çalışır, bəzi hallarda isə onu “uğurlu rəhbər” və “böyük lider” kimi təbliğ edirlər.

XS
SM
MD
LG