Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:06

'Stalinin ölümü' filmi Rusiyada daha bir ‘kino qalmaqalı’ yaradıb


Rusiya mediası yazır ki, ölkədə çar Nikolay barədə filmin ətrafında yaranmış tozanaq hələ yatmadan kinematoqraf cəbhəsində daha bir ziddiyyət yetişməkdədir. Bu dəfə cəmiyyəti “Stalinin ölümü” adlı başqa bir film həyəcanlandırıb. Amma burası da var ki, “Matilda” filmindən fərlqi olaraq “The Death of Stalin” filmini Britaniya çəkib və onun qadağan edilməsi üçün Rusiya Mədəniyyət Nazirliyinə müraciət narazıların istədiyi nəticəni verməyə bilər.

Buna baxmayaraq, bu ajiotaj da nazirlikdən yan ötüşməyib. Rusiya mediasının xəbərlərinə görə filmi əvvəlcə Mədəniyyət Nazirliyi yanında ictimai şura müzakirə edəcək.

Şuranın sədri Pavel Pojiqaylo Britaniya komediya filmi Rusiyada ekranlara buraxılmadan ona baxmaq istədiyini bildirib.

Pojiqaylo “Qovorit Moskva” radiosuna deyib ki, əgər Armando Iannucci-nin bu filmi də Rusiya rejissoru Uçitelin “Matilda” filmi kimi təxribatçı xarakter daşısa, prokata buraxılmamalıdır.

Sədr deyib ki, ekspertiza filmdə dini və etnik hisslərin təhqir olunub-olunmadığını müəyyənləşdirəcək.

Lakin hələ ekspert rəyi olmadan da, Pojiqaylo filmi “kommunistlərə qarşı planlaşdırılmış təxribat” adlandırıb.

“Mən Şeyx Şamil haqqında da bir film çıxsa təəccüblənmərəm. Bu da müsəlmanlara zərbə olacaq. Bu adi rəngli inqilab texnologiyasıdır. Rusiyada belə beş-altı film buraxmaq kifayətdir ki, millətlərarası münaqişələrin silsiləsi başlansın” – deyib Pojiqaylo.

“Stalinin ölümü” satirik komediyası İosif Vissarionoviçin ölümündən sonra SSRİ-də başlanmış hakimiyyət çəkişməsindən bəhs edir.

Filmin premyerası sentyabrın 15-də Torontoda olub. Aktyor heyətinə Steve Buscemi, Simon Russell Beale, Paddy Considine, Rupert Friend, Olqa Kurilenko və başqaları daxildir.

“Stalinin ölümü” filmi dünya ekranlarına oktyabrın 20-də çıxacaq.

RIA Novosti yazır ki, Rusiyada filmi prokat üçün Volqa şirkəti alıb, hərçənd premyera günü müəyyən edilməyib.

“Matilda” filminin nümayişinə icazə vermiş Mədəniyyət Nazirliyi bu filmə də icazə veriləcəyini istisna etmir.

Lakin RIA Novosti yazır ki, filmin Rusiyada göstərilməsinə xüsusilə də Rusiya Kommunist Partiyası etiraz edir.

Rusiya kommunistləri deyirlər ki, film sovet dövlət xadimlərini məsxərəyə qoyur. Hərçənd filmin yaradıcıları israr edirlər ki, o real hadisələri əks etdirmir və sadəcə olaraq Sovet İttifaqında 1953-cü ildə baş verənlərin fantasmoqorik parodiyasıdır.

​Artıq avqust ayında bu film üçün Tvitterdə ayrıca hesab açılıb. Burada yazılan postlarda filmdən kadrlar da verilir. Filmin treyleri də qara yumor janrında hazırlanıb. Yeri gəlmişkən, filmin Rusiya tamaşaçısı üçün treyleri ayrıca hazırlanıb.

Müəlliflərin bütün izahatlarına baxmayaraq filmin Rusiyada doğuracağı etiraz şəksizdir. Rusiya Kommunist Partiyasının sözçüsü Aleksandr Yuşşenko onu “rəzalət” adlandırıb və ümid etdiyini bildirib ki, “Stalinin ölümü” Rusiya kinoteatrlarının ekranlarına buraxılmayacaq.

Partiyanın katibi Sergey Obuxov deyib ki, bu film Rusiyaya qarşı yeni “psixoloji” müharibənin komponentidir və Moskvanın dünya siyasətindəki rolunu alçaltmaq məqsədi güdür.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, film ətrafında yaranmış qalmaqaldan xəbərdardır, lakin məsələnin Mədəniyyət Nazirliyi tərəfindən həll ediləcəyinə inanır.

Rusiyada üzləşdiyi tənqiddən fərqli olaraq “Stalinin ölümü” filmini Qərb tənqidçiləri yüksək qiymətləndiriblər. Onu “dahiyanə satira”, “qara komediyanın təntənəsi” adlandırırlar.

The Guardian yazır ki, filmin yaradıcıları zəhmli sovet liderlərini ustalıqla komediya personajlarına çevirməyi bacarıblar. Film qüdrətli insanlar kimi ad çıxarmış bu şəxsiyyətlərin mahiyyətcə nə qədər cılız olduqlarını qabardıb.

BBC isə yazır ki, Rusiya tarixinə aid olsa da, film bir çox ölkələrin hakimiyyət elitalarına aid edilə bilər.

Rusiyaya gəlincə isə, bir məqam artıq indidən bəllidir. “Stalinin ölümü” rəsmilər üçün ziddyyətli “Matilda” filmindən heç də az başağrısı gətirməyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG