Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:37

M.Gorbachev: 'Vicdanım təmizdir'


Mikhail Gorbachev

Sovet hökumətinin süqutundan 25 il keçir. SSRİ-nin birinci və axırıncı prezidenti Mikhail Gorbachev 25 il öncə baş verənlər haqda TASS agentliyinə danışıb. Keçmiş prezident ittifaqı dağıdanları həbs etdirməməsinin səbəbini izah edib, yeni ittifaqın mümkün olduğunu söyləyib.

«SSRİ-Nİ SONADƏK MÜDAFİƏ ETDİM»

«Sovet İttifaqının dağılmasının səbəbkarı kimdir» sualına cavabında M.Gorbachev «Öz payımı inkar etmirəm. Amma vicdanım təmizdir. SSRİ-ni sonadək müdafiə etdim. Sovet İttifaqında islahatlar və yenidənqurma vacib, həm də mümkün idi», - deyib.

M.Gorbachev-un fikrincə, 1991-ci il hadisələrində gedişatı ən çox dəyişən avqustdakı çevriliş cəhdi olub. «Çevriliş bürokratiyanın etirazı idi. O quldur dəstəsindən ayrılmalı idim. Onları başqa sözlə təsvir edə bilmirəm», – deyən M.Gorbachev Rusiya lideri Boris Yeltsin-in çox tündməzac, ambisiyalı, hakimiyyətə can atan şəxs olduğunu hələ partiya sədri ikən hiss etdiyini danışır. B.Yeltsin-in rolunun vacibliyini anlamadığını, İttifaq mərkəziylə savaşmağa başladığını yada salır. «Onun özünü necə apardığını, nə etdiyini, ya da nələrisə etmədiyini hamı xatırlamalıdır», – deyən keçmiş Sovet lideri hakimiyyətdən öz arzusuyla əl çəkdiyini, bununla qan tökülməsinin qarşısını aldığını bildirir.

«YENİ MÜQAVİLƏNİN HAZIRLANMASINDA İŞTİRAK EDİRMİŞ»

Sovet İttifaqının mövcudluğuna 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarus liderlərinin Belovej meşəsində bağladığı sazişlə son qoyulub.

M.Gorbachev və B.Yeltsin
M.Gorbachev və B.Yeltsin

TASS agentliyinin həmin liderləri niyə həbs etdirməməsiylə bağlı sualına cavabında M.Gorbachev «Onların ora nə məqsədlə yığıldığını bilmirdim», – deyib.

- Bəs xüsusi xidmət orqanları Sizə heç nə deməmişdi?

- Yox. Mən onunla (Yeltsin-lə) danışdım, dedi ki, oraya (Belovejə) yerlilərin –Shushkevich-in (ozamankı Belarus lideri) dəvətiylə gedir. Ukrayna liderinin də ora gələcəyi gözlənirdi. Mən ona onlarla, özəlliklə də Ukrayna lideriylə danışmalı olduğunu, Ukraynasız Sovet İttifaqının mümkünsüzlüyünü çatdırmalı olduğunu dedim. Demə, o, həmin vaxt yeni müqavilənin hazırlanmasında iştirak edirmiş. Onun imzaları da var, hər şeyə razılıq veribmiş…

«QAN TÖKÜLDÜ»

M.Gorbachev B.Yeltsin-i vətəndaş müharibəsindən çəkindiyinə görə həbs etdirmədiyini vurğulayıb: «Mənim məsləyim, əqidəm demokratiyadır, demokratiya naminə dəyişikliklərdir, totalitar rejimi qan tökmədən ləğv etməkdir. Amma qan töküldü. Yerli münaqişələr oldu… Məsələlər fərqli şəkildə həll olunmalıdır. Hər şeydən öncə prinsiplər müdafiə edilməlidir…».

SSRİ-nin dağılmasında Vaşinqtonun roluna gəlincə, M.Gorbachev Sovet İttifaqının süqutuna başlanğıcda heç kəsin inanmadığını, amma ittifaqın öz-özünə dağıldığını, amerikalıların da sonradan bu işə yardım etməyə başladığını söyləyib.

«Bəs Sovet İttifaqının bərpası mümkündürmü» sualına cavabında isəM.Gorbachev ittifaqın eyni şəkildə bərpası imkanının olmadığını deyib. Amma keçmiş lider yeni, öz istəyi ilə birləşmiş dövlətlərin ittifaqını yaratmağın mümkünlüyünü vurğulayıb.

XS
SM
MD
LG