Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:37

'SSRİ-nin bərpası yalnız sözdür, sadəcə...'


SSRİ gerbi
SSRİ gerbi

Yanvarın 6-da Rusiya Dövlət Dumasının üzvü Biysultan Hamzayev "Qazaxıstanın tarixi vətəni olan Rusiya ilə birləşməsi" ilə bağlı referendumun keçirilməsini təklif edib.

Yanvarın 10-da isə Belarusun rəhbəri Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası zamanı bildirib ki, Qazaxıstanda baş verən hadisələrdən ilk növbədə Özbəkistan dərs çıxarmalıdır: "Qazaxıstanda baş verən etirazların əsas dayağı peşəkar terrorçulardır. Bizi gələcəkdə ciddi çağırışlar gözləyir, KTMT-ni gücləndirməliyik".

Bəs Azərbaycana şimaldan bununla bağlı təzyiq, təhdid ola bilərmi?

A.Mirzəzadə
A.Mirzəzadə

"Ərazi bütövlüyü əsas məsələ kimi qəbul olunur"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə "Turan"a bildirib ki, dünyada indi ərazi bütövlüyü əsas prinsip kimi götürülüb: "Kimin nə deməsindən asılı olmayaraq hər bir ölkə BMT-yə qəbul olunarkən onun ərazi bütövlüyü dünya tərəfindən əsas məsələ kimi qəbul olunur. Yəni, bu, ayrı-ayrı ölkələr üçün deyil, bütün ölkələr üçün vacibdir".

Deputat vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra müxtəlif variantlar irəli sürüb. Onun sözlərinə görə, amma Azərbaycan birmənalı şəkildə ərazi bütövlüyü məsələsini ortaya qoyub və 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində buna nail olub: "Konkret olaraq ölkəmiz öz ərazi bütövlüyünü təmin edib və heç bir xalqa onu pozmağa imkan verməz".

A.Qasımlı
A.Qasımlı

"Jirinovski 30 ildir bunu danışır"

Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, bu ərazi iddiaları yeni deyil və bu fikirlər dəfələrlə səsləndirilib: "Rusiya Liberal Demokrat Partiyasının sədri) Vladimir Jirinovski 30 ildir bunu danışır, respublikalar öz müstəqilliyini əldə edəndən sonra bu hər zaman söylənilirdi. Putin dəfələrlə demişdi ki, SSRİ-nin dağılması böyük bir geosiyasi faciə idi".

Politoloq hesab edir ki, bu mənada Azərbaycan üçün də təhdid var: "Son 200-250 ildir ki, bu təhdid var və bundan sonra da olacaq".

Onun fikrincə, indi vəziyyət bir az fərqlidir: "Lukaşenko əvvəl açıq şəkildə bunu demirdi, indi deməyə başladı. Düzdür, nə Putin, nə də Lukaşenko açıq şəkildə SSRİ-nin bərpası barədə danışmırlar. Amma bu yöndə provokativ fikirlər səslənir ki, SSRİ-ni bərpa edib Ukraynanı, Qazaxıstanı, Belarusu ora əlavə edə bilərlər. Bu həyata keçirilməyə başlansa, böyük bir katastrofaya gətirib çıxardar. Əslində, bunu istəyənlər də başa düşür ki, bunu reallaşdırmaq heç də asan olmayacaq".

Azər Qasımlı: 'Əliyevin sülhməramlı çıxışı etiraf idi'
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

"Gürcüstanda Şevardnadze, Azərbaycanda Heydər Əliyev…"

A.Qasımlı qeyd edib ki, əslində məsələnin məğzi odur ki, SSRİ dağılandan (1991) sonra bir neçə ölkədə hakimiyyətə sovet partiya nomenklaturasına daxil olmayan adamlar gəldi: "Rusiyada prezident Boris Yeltsin həmin nomenklaturaya daxil olsa da, demokratiyadan danışırdı. Bundan sonra demokratik proseslərin hamısı durduruldu və köhnə nomenklatura elitasına daxil olan adamlar hakimiyyətə qayıtmağa başladılar. Gürcüstanda Şevardnadze, Rusiyada Putin, Azərbaycanda Heydər Əliyev, Belarusda Lukaşenko və sairə. Bunların indi əsas məqsədləri odur ki, hakimiyyəti itirməsinlər".

"Elitalar öz hakimiyyətlərini saxlamaq və..."

O deyir ki, prezident Kasım-Jomart Tokayevin müraciəti ilə KTMT-nin Qazaxıstana 3 minlik ordu göndərməsi avtoritar rejimlərin bir-birinə dəstəyi idi: "Çünki Qazaxıstana terrorist müdaxilə etməmişdi, üçüncü ölkə də Qazaxıstana hücum etməmişdi. Sadəcə, xalq üsyana qalxmışdı və elita arasında ziddiyyətlər var idi. İndi belə çıxır ki, hansı ölkənin daxilində xalq üsyana qalxacaqsa, demokratik tələblər olacaqsa, bir-birlərinə bu instrumentdən istifadə edərək yardım edəcəklər".

Politoloq sonda fikirlərini belə ümumiləşdirib: "Ona görə də SSRİ-nin bərpa edilməsi məsələsi yalnız sözdür, sadəcə, elitalar öz hakimiyyətlərini saxlamaq və daxildə demokratik tranzitlərin qarşısını almaq istəyirlər".

Xatırlatma

Bu il yanvarın 3-də Qazaxıstanda maye qazın qiymətinin iki dəfə artırılması kütləvi etirazlara səbəb oldu. Ölkədə toqquşmalar müşahidə edildi. Rəhbərliyin dəvəti ilə Qazaxıstana KTMT-nin (başda Rusiya olmaqla) silahli birlikləri yeridildi. Bu hadisələrdə 250 civarında şəxsin həlak olduğu, minlərlə şəxsin xəsarət aldığı açıqlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG