Şri -Lankada müsəlmanlara qarşı hücumlara görə fövqəladə vəziyyət elan edilib.
Yüzlərlə buddist rahib və ictimai fəal hücumları pisləmək üçün martın 9-da paytaxt Kolomboda yürüş keçiriblər.
Bəzi rahiblər cümə günü məscidlərə gedərək imamlara başsağlığı da verib.
Yürüşə çıxanlar "milli birliyi məhv edən icmalararası toqquşmalara" etiraz etdiklərini bildiriblər.
Zorakılıqlar bazar ertəsi Kolombodan 114 kilometr uzaqlıqda yerləşən Kandy şəhərində başlanıb.
4 müsəlman kişinin hücum etdiyi sinqal (ölkə əhalisinin dörddə üçü sinqal milliyyətindəndir, onların çoxu buddistdir) aldığı yaralardan öləndən sonra gərginlik artmağa başlayıb. Ertəsi gün şəhərdə bir müsəlmanın yandırılmış meyiti tapılıb.
Buna da bax: Fransa prezidenti İslamda islahat aparmaq istəyir
Bundan sonra sinqallardan ibarət dəstələr məscidlərə, müsəlmanların dükanlarına, evlərinə və maşınlarına hücum ediblər.
Bu zorakılıqlar ölkənin digər yerlərində də baş verib.
Ümumilikdə dörd günlük iğtişaşlar zamanı 3 nəfər ölüb, 20 nəfər yaralanıb. Müsəlmanlara məxsus 200 biznes obyekti və ev yandırılıb. 11 məscid ya tam ya da qismən dağıdılıb.
İğtişaşlar baş verən bölgələrə qoşun yeridilib.
Hökumət bildirib ki, 150-dən şəxs həbs edilib. Onların arasında anti-müsəlman qrupun başçısı Amith Weerasinghe də var.
Şri-Lanka əhalisnin 10 faizi müsəlmandır. 2014-cü ildə də bu ölkədə müsəlmanlara qarşı hücumlar baş vermiş, bu hücumların təşkilində ittiham edilən 4 rahib həbs edilmişdi.