Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:33

Spirtli içkilərlə bağlı qalmaqal: 3 ildə 3 cinayət işi...


Alkoqol
Alkoqol

İmişli rayonunda yerləşən, spirtli içkilər istehsal edən "Azər Alko" MMC (əvvəlki adı "Araz" Konservləşdirilmiş şirələr və konyak zavodu) öz məhsullarına saxta aksiz markası vurub satmaqda ittiham olunur. Şirkətin rəhbəri Tağı Quliyev də buna görə cinayət məsuliyyətinə cəlb olunub.

57-yaşlı T.Quliyev ötən ilin dekabrında Cinayət Məcəlləsinin 205-1 (saxta aksiz markalarının dövriyyəsi) maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimələnib. Amma prokurorluq bu hökmdən narazı qalıb və onun cəzasının ağırlaşdırılması üçün apellyasiya şikayəti verib.

Bu cinayət işində söhbət ümumilikdə 254 min manat dəyəri olan 56 min 440 ədəd spirtli içkinin üstünə saxta aksiz markası vurulmasından gedir. İş materiallarında göstərilib ki, bu içkilərin təxminən 16 min 700-nü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, qalanını da vergi işçiləri tapıb. Hökm çıxarılandan sonra həmin içki şüşələrinin qapaqlarının üstündəki saxta aksizlər məhv edilsə də, məhsullar sahibinə qaytarılıb.

"Belə cinayətlərdən çəkindirə bilməz"

Prokurorluq isə iddia edir ki, belə yüngül cəza T.Quliyevi eyni əməllərdən çəkindirə bilməz. Çünki o, bundan əvvəl də oxşar ittihamla məsuliyyətə cəlb edilib, amma nəticə çıxarmayıb.

Zavod rəhbəri 2016-cı ildə İmişli Rayon Məhkəməsinin hökmü ilə alkoqollu içkiləri aksiz markası olmadan satış məqsədilə saxlamaqda təqsirli bilinib. Ona CM-nin 213-1 (aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış üçün saxlama) maddəsi ilə 1 il 11 ay şərti cəza verilib. Bundan sonra onun barəsində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində CM-in 162-1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunması) maddəsi ilə cinayət işi başlanıb. Qanuna görə, işçilərlə əmək müqaviləsi bağlananda və o dövrə qədər yayındırılmış vergi ödəniləndə cinayət işinə xitam verilə bilər. Bu əsasla T.Quliyev haqqında cinayət işinə də xitam verilib. Ardınca 2018-ci ilin iyulunda saxta aksiz markalarından istifadəyə görə CM-in 205-1 maddəsilə təqsirli bilinib və İmişli Rayon Məhkəməsi ona 2000 manat cərimə cəzası kəsib.

"Son 3 il ərzində iki dəfə barəsində hökm çıxarılıb. Bir dəfə də bəraətverici əsas olmadan haqqındakı cinayət işinə xitam verilib. Tağı Quliyevə yenə də yüngül cərimə cəzası təyin edilməsi onun islah olunması üçün yetərli sayıla bilməz. Bu, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olanları belə cinayətlərdən çəkindirə bilməz", – prokurorluq protestini belə əsaslandırıb.

Prokurorluq hökmdən sonra spirtli içkilərin qaytarılması barədə qərara, T.Quliyevə cərimədən əlavə vəzifə tutma məhdudiyyəti ilə bağlı cəza təyin olunmamasına da etiraz edib.

Direktor protestlə razılaşmır

Zavod direktoru isə prokurorluğun protesti ilə razılaşmır. Həm özü, həm də vəkili Valeh İbrahimov deyir ki, cinayət işi başlanarkən götürülən spirtli içkilərin qaytarılması haqda İmişli Rayon Məhkəməsinin qərarı düzgün olub. Çünki o içkilər "Azər Alko" MMC-yə məxsus əmlakdır, cinayət yoluyla əldə olunmayıb, qanuni şəkildə satın alınıb. Onların fikrincə, zavod direktoruna təyin edilən cərimə cəzası da ədalətlidir. Həm T.Quliyev, həm də vəkili hökmün qüvvədə saxlanmasını istəyib.

Şirvan Apellyasiya Məhkəməsi mayın 16-da hökmü qismən dəyişib. T.Quliyevə 2500 manat cərimədən əlavə 1 il 6 ay dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən müəssisə və təşkilatlarda rəhbər, maddi məsul vəzifələr tutmaq qadağan edilib. Qalan hissədə isə hökm olduğu kimi saxlanıb.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, T.Quliyevin adı rəhbərlik etdiyi zavodda artıq mühəndis kimi rəsmiləşdirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG