Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 12:19

Spiral qədimdə və indi


Baltik dənizindəki Rüqen adasında 40-metrlik spiralvarı qüllə
Baltik dənizindəki Rüqen adasında 40-metrlik spiralvarı qüllə

Onları hər yerdə görmək olar – ilbizin qınının strukturunda da, barmaqlarımızın ucunda da, memarlıqda da, qalaktikaların və hətta DNT molekulunun quruluşunda da.

Spiral neolit dövründən qalma petroqliflərdə rast gəlinən ən qədim naxışlardandır. Ona təbiətdə də çox rast gəlinir – suda yaranan burulğandan tutmuş, tornadonun xortumuna qədər.

Müxtəlif növ spirallar

BBC yazır ki, spiralın müxtəlif növləri var. Onlardan biri hələ 1525-ci ildə İntibah dövrü alman rəssamı Albrext Dürer tərəfindən tərifi verilmiş loqarifmik spiraldır. Bundan başqa, Arximed spiralı, Ferma spiralı, habelə heliks və vorteksin adlarını çəkmək olar.

Tarixin müxtəlif dövrlərində rəssamlar spiraldan ilham alıblar. Leonardo da Vinçi bir çox əsərlərində spirala müraciət edib. Fransa əsilli amerikalı rəssam Luiza Burjua üçün spiral doğuluşu, həyatı və yenidən doğuluşu, bəzənsə analığı təcəssüm etdirən bir rəmzdir.

Entropiya

Robert Smitsonun Yuta ştatında, Böyük Duz gölünün sahilə yaxın yerində 6 min ton bazaltdan istifadə edərək yaratdığı nəhəng "Spiral Jetty" əsəri rəssamın entropiyaya heyrətini ifadə edir.

Entropiya klassik termodinamikanın əsas anlayışlarından biri, fizika elmində geniş istifadə olunan məfhumdur. Smitsonun bu spiralı saat əqrəbinin əksi istiqamətində hərəkət edir.

Tbilisidə kanat yolu stansiyası
Tbilisidə kanat yolu stansiyası

Rəmzlər, arxetiplər və kollektiv təhtəlşüuru əhatə edən işləri ilə tanınan isveçrəli psixiatr və psixoanalitik Karl Yunq yazırdı: "Psixologiyada spiral həmişə əvvəl olduğumuz nöqtəyə dönüşü bildirir. Ancaq o nöqtə heç vaxt əvvəlki kimi deyil. O nöqtə ya yuxarıda, ya aşağıda, ya içəridə, ya kənardadır, yəni böyümə deməkdir". Yunqa görə, təhtəlşüur prosesi mərkəz ətrafında spiralvari dairəvi hərəkət edir və bu zaman mərkəz get-gedə daha aydın görünür.

Dəlilik və hipnoz rəmzi

Qərb dünyasında şüur və psixikaya maraq 1960-cı illərdə meditasiya və yoqaya marağı daha da artırıb. Kundalini-yoqada spiralın xüsusi yeri var. "Kundal" sanskrit dilində "spiral" və ya "burulğan" deməkdir. O, çakraları bir-bir keçərək spiralvari yuxarı qalxan enerjini ifadə edir.

Alfred Hiçkokun 1958-ci ildə çəkdiyi "Vertigo" filmində psixoanaliz və psixodelik praktikaların təsirini aydın görmək mümkündür. Bu filmdə Hiçkok filmin baş qəhrəmanı Skottinin dəliliyə yuvarlanmasını göstərmək üçün aşağıya doğru gedən spiraldan istifadə edir. Filmin açılış titrlərindən bəri fırlanan spiral və qrafik göz tamaşaçını hipnoz edir; ekranda silueti görünən adamsa psixoz quyusuna yuvarlanır. Spiral pilləkən Skottinin başını gicəlləndirir.

Spiral şəklində təsvir olunan gözlər animasiya filmlərində dəlilik və ya hipnozu ifadə edir. Məsələn, Disneyin "Jungle Book" animasiya filmində ilan Kaa Mauqlini yemək üçün onu hipnoz edir.

Spiralvari qalaktika
Spiralvari qalaktika

"Chloe"nin loqosu

Bahalı moda evi "Chloe"nin yeni kreativ direktoru Qabriela Herst spiralı şirkətin loqosu seçib. Bu loqo ən seçmə əl işi əşyalara tətbiq olunacaq. "Spirallar dəbə mindi. Dairəvi hərəkət xeyir-dua? Herstin dünyasında heç nə təsadüf deyil; helikslər üzümüzə gələn mövsümün ən çox arzulanan motividir", – "Vogue" elan edib.

Astronom Edvin Habbl qalaktikaları dörd quruluşa görə bölüb: ellipsvari, linzavari, nizamsız və spiralvari. Alimlər kəşf olunan qalaktikaların çoxunun spiral şəkilli olduğunu görüblər. Süd yolu, yəni Bizim Qalaktikanın da iki qolu olan spiralşəkilli quruluşa malik olduğu deyilir. Hərçənd, öz qalaktikamızın ortasında yerləşdiyimiz və ona kənardan baxa bilmədiyimiz üçün onun quruluşunu dəqiq təsəvvür etməyimiz, hələlik, mümkün deyil.

XS
SM
MD
LG