Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:04

Rusiyada şampan içirlər, amma 1937-ni də unutmurlar


Rusiyada yeni şampan şüşələrinin etiketlərində 1937 yazılıb
Rusiyada yeni şampan şüşələrinin etiketlərində 1937 yazılıb

AzadlıqRadiosu Rus xidmətinin müxbiri Aleksandr Litoi-un məqaləsində deyilir ki, “Sovet Şampanı” adlı qazlı şərab istər sovet dövründə, istərsə də elə indi rusiyalıların Yeni il və 8 mart kimi bayramlarında, habelə ad günlərində, yubiley və toylarında süfrələrdən heç vaxt əskik olmayıb.

“Sovetskoye şampanskoye” şərabının adı rusiyalılarda həmişə xoş xiffət doğurub, amma bu şərabın indiki istehsalçısı olan şirkət deyəsən bir qədər uzağa gedərək, çox ziddiyyyətli bir marketinq addımı atıb.

İndi istehsal edilən sampan şərablarının şüşələrindəki etiketlərdə 1937 yazılıb.

Şirkət bildirir ki, bu şərabın istehsalına məhz 1937-ci ildə başlanıb, amma məsələ burasındadır ki, sovet tarixində bu il daha çox siaysi repressiya və faciələrlə bağlıdır.

Stalin repressiyaları məhz bu ildə başlanmış və sonrakı bir neçə ildə davam etmiş, yüz minlərlə insan “xalq düşməni” kimi güllələnmiş və ya sürgünə göndərilımişdi.

Tanınmış liberal şərhçi Sergei Parkhomenko bu barədə Facebook-da yazıb:

“Düzünü desəm, mən buna inana bilmirəm. Bu hansısa pis zarafata bənzəyir”.

“Sovetskoye Şampanskoye” brendi bir vaxtlar Sovet İttifaqında Soyuzplodoimport adlı dövlət şirkətinə məxsus idi. Həmin şirkətin əsası 1966-cı ildə qoyulmuşdu.

Şirkət Sovet İttifaqı dağılandan sonra ciddi maliyyə problermlərinə görə özəlləşdirilmişdi. Müəssisə həmin dövrdə “Stoliçnaya” arağı da daxil, bütün tanınmış sovet içki brendlərini satmalı olmuşdu.

Lakin Sovet İttifaqının çökməsindən sonra da sözü gedən sampan şərabının adı dəyişdirilməmiş və sovetdən yadigar kimi saxlanmışdı.

Prezident Vladimir Putin bir qədəh şampanla
Prezident Vladimir Putin bir qədəh şampanla

Sovet şampanı sampan deyildi

2001-ci ildə hökumət Soyuzplodoimport şirkətini bərpa etmiş və onun vaxtilə itirdiyi bütün brendlərini müəssisəyə qaytarmışdı.

Burası da var ki, sözü gedən qazlı şərab əslində “sampan” adlandırıla bilməzdi, çünki o Fransanın eyniadlı regionunda bitən üzümdən hazırlanmadığı üçün belə adlandırılması beynəlxalq ticarət qaydalarına zidd idi. Amma “sovet şampanının” yaradıldığı dövrdə belə məsələlər Sovet hökumətinin vecinə deyildi.

Bu yay isə Moskva regionundakı Vintorg adlı şirkət Rusiya daxilində bütün şərabların, o cümlədən sampan şərablarının da topdansatış hüquqlarını əldə edib. “Sovet şampanı”nın etiketlərinə 1937 yazmaq da elə bu şirkətin ideyasıdır.

Şirkət AzadlıqRadiosu Rus xidmətinin bu barədə elektron məktublarına cavab verməyib.

Amma Soyuzplodoimport AzadlıqRadiosuna deyib ki, 1937 Sovet şampanının “doğum tarixi” hesab olunur və şüşələrin üstündə belə yazılması marketinq qaydalarına tamamilə uyğundur.

Soyuzplodoimport bildirib ki, burada əsas məqsəd məhsulun cazibədarlığını və əlbəttə, satışını artırmaq olub.

Belarus supermarketlərindən birində
Belarus supermarketlərindən birində

Proletariat üçün sampan

Litoi yazır ki, Rusiya istehlakçıları arasında liberal Parkhomenko-nun narahatlığını bölüşənlərin nə qədər olduğu bilinmir.

Bilinən budur ki, Rusiya istehlakçısı ənənəvi Rus arağından getdikcə daha çox üz çevirərək xaricdən idxal edilən pivələrə meyl salır.

Rusiyada içki sənayesi barədə yazan xəbər portallarından birinin redaktoru Mikhail Smirnov bildirir ki, Sovet İttifaqında qazlı şərabların istehsalına yalnız 1920-1930-cu illərdə başlanıb.

1930-cu illərdə Stalinin göstərişi ilə SSRİ-də qazlı şərab istehsalı üçün yararlı üzüm növlərinin becərilməsinə başlanıb. Smirnov bu barədə deyib:

“Stalinin fərmanında deyilirdi ki, “proletariatın süfrəsində sampan şərabı olmalıdır”. O bu işi siyasi büronun səriştəli üzvü Anastas Mikoyana tapşırmışdı…”

Yeri gəlmişkən, Sovet İttifaqında dondurma istehsalının da Mikoyana tapşırıldığı vaxtlar olub.

İosif Stalin (sağda) və Anastas Mikoyan
İosif Stalin (sağda) və Anastas Mikoyan

Davam edir 37?

Sovet şampanının doğulduğu ildə, 1937-də Stalinin Böyük Terroru başlanmışdı və sonrakı illərdə üst-üstə 1, 2 milyon insan həbs edilmişdi.

Bəzi təxminlərə görə bunların 680 mini ya güllələnib, ya da Sibirin əmək düşərgələrində dünyasını dəyişib.

Lakin “Sərxoş Usta” adlı Telegram kanalında içkilərdən yazan Denis Puzyrev bildirir ki, Rusiyada spirtli içki satıcılarının heç də hamısı “1937” etiketlərinin yaxşı bazar yaradacağına inanmır.

Blogerin fikrincə, indi Rusiya istehlakçısının xarici istehsaldan olan, daha keyfiyyətli qazlı şərab çeşidləri almaq imkanı var.

Başqa sözlərlə indi artıq “Sovetskoye Şampanskoye”nin mağazalarda yeganə qazlı şərab olduğu vaxtlar deyil.

Rusiya insan haqları fəallarına gəlincə isə, onlar burada formal olaraq qanun pozuntusu olmadığını deyirlər.

Onların fikrincə, sovet dövrünün bir çox əlamətdar tarixləri kimi 1937-ni də hələ heç kəs qadağan etməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG