Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:27

‘Sovetskililər’ kompensasiyadan narazılıq edirlər


Keçmiş Sovetski küçəsi sakinlərinin aksiyası
Keçmiş Sovetski küçəsi sakinlərinin aksiyası

Bakının keçmiş “Sovetski” məhəlləsindən köcürülmüş bir qrup sakin bu gün, oktyabrın 2-də Yasamal Rayon İcra Hakimiyyətinin köçürülmə komissiyasının ofisi qarşısında aksiya keçiriblər.

Aksiya keçirənlər əsasən 2018-ci ilin mayından sonra köçürüldüklərini söyləyiblər.

Onların hamısı kompensasiyanın azlığından şikayətləniblər. Deyiblər ki, verilən kompensasiya ilə ev və ya mənzil almaq mümkün deyil.

“Bizə kompensasiya hər kvadratmetrə görə, 1000-1350 manat arasında təyin edilib. Bu pula biz harada ev alaq? Bundan əlavə, evlərimizn sahəsini 2-3 kvadratmetr az göstəririblər. İndi verilən pula nə torpaq ala bilirik, nə də ev tikə bilirik. Sözün həqiqi mənasında çöllərdə qalmışıq”, deyə şikayətçilərdən biri vurğulayıb.

Onlardan bəziləri hətta daha az kompensasiya verildiyini söyləyiblər.

“Mənim iki oğlum əsgərlikdədir...”

Şikayətçilərin vurğulamasına görə, bir ildən çoxdur ki, yaşadıqları evlərindən çıxarılıblar, amma yenidən qeydiyyata düşə bilməyiblər.

Onlar buna səbəb kimi evsiz qalmalarını göstəriblər.

“Mənim iki oğlum əsgərlikdədir, sabah gəlsələr, onları harda qeydiyyata salacağamı bilmirəm”, deyə sakinlərdən biri də deyib.

Şikayətçilərin sözlərinə görə, kimini hədə-qorxu, kimi də aldatmaqla köçürüblər və bundan sonra onların taleyinin necə olacağı ilə maraqlanmayıblar.

Hətta bəziləri deyib ki, bu məsələ ilə bağlı məhkəmə çəkişmələri davam edir.

Aksiya iştirakçıları əlavə ediblər ki, dəfələrlə Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Yasamal Rayon İcra Hakimiyyətində olublar, amma nəticə yoxdur.

“Bizim artıq bu məmurlardan nəsə bir gözləntimiz yoxdur, ümidimiz ancaq prezidentə, bir də birinci xanım Mehriban Əliyevaya qalıb”, deyə şikayətçilərdən biri söyləyib.

Bu gün, oktyabrın 2-də keçirilən aksiyada səslənən bu fikirlərə, hələlik, Yasamal Rayon İcra Hakimiyyəti və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bakının “Sovetski” deyilən ərazisinin sökülməsinə əsasən 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri satın alınıb, sökülüb.

İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadratmetrə 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə müqavimət göstərən ailələr də olub.

Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

2018-ci ildə də söküntü işləri davam etdirilib. Bu il isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov demişdi ki, "Sovetski" ərazisinin yenidən qurulması ilə bağlı xüsusi plan hazırlanır.

XS
SM
MD
LG