II Dünya Müharibəsi zamanı Müttəfiq ölkə liderlərinə Tehran şəhərində nasistlər tərəfindən planlaşdırılan sui-qəsdin qarşısını əri ilə birlikdə almağa kömək etmiş keçmiş sovet casusu Gohar Vartanian 93 yaşında vəfat edib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) sözçüsü noyabrın 26-da AFP agentliyinə deyib ki, Vartanian Moskvanın məşhur qəbirstanlıqlarından biri olan Troyekurovskoe məzarlığında, ehtimalən noyabrın 29-da dəfn ediləcək.
Vartanian və onun əri Gevork Sovet İttifaqının müxtəlif xarici kəşfiyyat missiyalarında məxfi agent kimi çalışmışdılar.
Vartanianlar 1943-cü ildə nasist Almaniyasının “Uzun tullanış” (Operation Long Jump) əməliyyatının qarşısını almaqda həlledcici rol oynayıblar.
Bu əməliyyatdan məqsəd sovet lideri İosif Stalinə, Britaniyanın baş naziri Winston Churchill və ABŞ prezidenti Franklin Roosevelt-ə qarşı Tehranda keçirilən sülh konfransında sui-qəsd edilməsi idi.
“Böyük üçlüyün” öldürülməsi planına Hitler əmr vermişdi, lakin bəzi məlumatlara görə Vartanianlar və onların qrupu nasist agentlərini sui-qəsddən əvvəl aşkara çıxara bilmişdi.
Gohar Vartanian 1926-cı ilin 25 yanvarında indiki Ermənistanın Gümrü şəhərində anadan olub.
O 1930-cu illərdə ailəsi ilə birlikdə İrana köçüb.
Goar Vartanian artıq 16 yaşında antifaşist qruplaşmasına qoşulmuşdu və əri Gevorkla birlikdə alman agentləri ifşa edirdi.
Ər-arvad 1951-ci ildə Sovet İttifaqına köçmüş və məxfi agent karyerasını davam etdirmişdi.
Gevork Sovet İttifaqı Qəhrəmanı ulduzu ilə təltif olunmuşdu. O 2012-ci ildə 87 yaşında vəfat edib.