Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09

Şikayətçi: 'Bizim prezidentimiz varmı?'


Şikayətçilər

Bu gün, fevralın 27-də sosial yardım ala bilmədiklərini söyləyən 10-a yaxın şikayətçi Dövlət Sosial Müdafiə Fonduna (DSMF) üz tutmuşdular. Müxtəlif rayonlardan gəlsələr də, onları eyni giley birləşdirirdi - ya sosial yardımları kəsilib, ya da ümumiyyətlə, sosial yardım ala bilmirlər. Onlar problemlərini AzadlıqRadiosunun əməkdaşlarına bölüşüblər.

Bakının Nərimanov rayonundan gələn Vüqar Abbasov 10 aydır ki, DSMF-yə gəlib-getdiyini söyləyir. Deməsinə görə, hər dəfə bir bəhanə ilə yola salınır:

«10 aydır gəlib gedirik. Hər dəfə bir bəhanə gətirirlər. Gedirik, sənədləri toplayırıq, gəlirik. Yenə də başqa bəhanə gətirirlər. Onu düzəldirik, yeni bir bəhanə tapırlar. Gah deyirlər, o sənəd çatmır, gah da bu sənəd».

«Əmlak Komitəsinin arayışını da saymırlar»

V.Abbasov deyir ki, sonuncu dəfə də DSMF-də müsbət cavab ala bilməyib:

«Dedilər ki, guya, mənim ayağımda torpaq sahəsi var. Gedib araşdırmışam, Dövlət Reyestr Xidmətindən arayış almışam. Arayışda hər şey yazılıb, ayağımda torpaq sahəsi, filan yoxdur. Əmlak Komitəsindən çıxarış da almışam. Ancaq deyirlər ki, arayışı qəbul etmirik. Dövlətin komitəsinin, Əmlak Komitəsinin arayışını da saymırlar».

Şikayətçi deyir ki, ya yardım eləsinlər, ya da dövlət şərait yaratsın, çıxıb başqa ölkəyə getsinlər. Xaricdə işləyib balalarını saxlayacağına inanır.

Tovuz rayonunun Abulbəyli yaşayış məntəqəsindən DSMF-yə pənah gətirdiyini bildirən İradə Kərimovanın sözlərinə görə də, azı dörd dəfə bu quruma müraciət edib.

"Pulum yoxdur deyə, sosial müavinət də düzəldə bilmirəm..."
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

«Hər dəfəsində istədikləri sənədləri toplayıb vermişəm. Hər dəfə sosial yardım verməmək üçün bir bəhanə gətirirlər. Əgər bunu bizə verməyəcəksizsə, qoy, qanun desin ki, vermirik. Tovuz məşğulluğuna getmişəm, deyirlər, üç körpən var, get «sosial»a. Gəlirəm bura, göndərirlər ora», - deyən vətəndaş bildirir ki, evləri yaşamağa belə yaramır.

«Gedək evimə baxın, orda…»

«Gedək evimə baxın, orda iti bağlasan, durmaz», - Tovuzdan gələn şikayətçi deyir.

Masallı rayonunun Qasımlı kəndindən gələn Cavid Nuriyevin deməsinə görə də, yerli qurumlardan əlləri üzüldüyündən Bakıya üz tutublar. O, yardım alırmış, ancaq yanvardan kəsilib:

«Rayonda dövlət qurumlarının hamısına müraciət etmişəm. İki uşağım məktəbə gedir. Qucağımda aparıb gətirirəm, kitabları belə vermirlər. Evdə sayğacım, işığım da yoxdur. Yanvar ayından yardımımı kəsiblər. Orda hara müraciət etmişəm, deyirlər vermirik».

C.Nuriyev deyir ki, normal ölkələrdəki kimi, məktəbli uşaqlarına yardım edilməsini istəyir.

«Son ümid yeri»

«Ailəni saxlaya bilmirəm. İş yeri yoxdur. Son ümid yeri kimi bura gəlmişəm…».

Bakıya körpələrini də gətirən narazı vətəndaş əlini uşaqlarına uzadıb deyir:

«18 yaşa çatanda bu dövlət gəlib yapışacaq ki, ver aparım, xidmət eləsin. Hansı dövlət axı?! O dövlət qoy, bu uşaqlara xidmət eləsin ki, sonra da bu böyüyüb ona xidmət eləsin. Ya da sənədlərimizi versinlər əlimizə, desin ki, gedin başqa ölkəyə...».

Əlillər 'Hesabat' şüarı ilə aksiya keçirdilər
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Narazı vətəndaşların bir qrupunu günorta saatlarında DSMF-də qəbul ediblər. Ancaq demələrinə görə, problemləri həll edilməyib.. Əksinə, qəbuldan çıxanlar onlarla qaba rəftardan narazılıq ediblər.

Şikayətçilərdən İ.Kərimova qəbuldan sonra deyib ki, yenə eyni bəhanələri gətiriblər.

«Guya sənədlərimiz səhvdir və sair. Bizim ölkəmiz varmı, bizim prezidentimiz varmı, bizə dəstək olan insanlar varmı?...».

«Mənə nə desələr yaxşıdır?..»

Fondun qəbul şöbəsinin müdirinin yanında olduqlarını bildirən daha bir şikayətçi də görüşdən narazı çıxıb.

«Mənə nə desələr yaxşıdır?... Üz tutduğumuz qurumlarda hər cür hörmətsizliyi görmüşdüm, ancaq birinci dəfə idi ki, yardım üçün üz tutduğum yüksək dövlət orqanında «götür uşağını, çıx çölə!» cavabı verdilər», - şikayətçi söyləyib...

Bu deyilənlərə hələlik Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Son illər ölkədə sosial yardım alanların sayının kəskin azaldığı bildirilir. Ötən ilin noyabrında bununla bağlı 9 ayın göstəriciləri açıqlanmışdı. Həmin məlumata görə, ölkədə hesabat dövründə 98.3 min aztəminatlı ailənin 404.6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb. Bir nəfərə düşən orta aylıq məbləğ 36 manat təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 27.5 faiz azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG