Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 03:25

DSMF-nin sərbəst vəsaitləri hara yatırılıb?


DSMF
DSMF

Bu ilin aprelində prezident fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitlərindən istifadə qaydaları bəlli olmuşdu. Sərbəst vəsait deyərkən, fondun gəlir və xərcləri arasında qalan müsbət qalıq nəzərdə tutulur. İşçi və işəgötürənlər hər ay əmək haqlarının bəlli bölümünü bu fondlara ödəyirlər. Beləcə, həmin fondun vəsaitləri formalaşır və bu vəsaitlər sosial ödənişlərə xərclənir. Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi ilə bağlı rəyində indiyədək fondun vəsaitlərinin necə investisiya edildiyi ilə bağlı göstəricilər açıqlanıb.

Açıqlanan rəqəmlərə görə, bu ilin əvvəlinə fondda formalaşmış sərbəst vəsaitlərin 57.3 faizi, yəni 600 milyon manatı investisiyalara yönəldilib. Həmin vəsaitin 30 milyon manatı (5 faizi) banklarda açılmış depozit hesablara, 403 milyon manatı (67 faizi) dövlət zəmanətli istiqrazlara və 167 milyon manatı (28 faizi) uyğun qiymətli kağızlar üzrə əks-repo əməliyyatlarına yönəldilib.

İnvestisiyalar nə qədər gəlir gətirəcək?

DSMF-nin banklarda yerləşdirdiyi 30 milyon manatlıq depozit iki bankın payına düşüb. Hesablama Palatası hesablayıb ki, DSMF bu banklarda saxladığı 30 milyon manatlıq depozitə görə toplam 13.2 milyon manat faiz gəliri götürəcək.

Sərbəst vəsaitin əsas hissəsi (403 milyon manatı) Maliyyə Nazirliyi tərəfindən emissiya edilmiş, tədavül müddətinə görə ortamüddətli sayılan dövlət zəmanətli istiqrazların alınmasına yatırılıb. Başqa deyimlə, dövlətə borc verilib. Bu investisiyalar üzrə orta gəlirlilik dərəcəsi 8.37 faiz səviyyəsində müəyyənləşdirilib. İlsonunadək fondun bu yatırımlardan 86 milyon manat gəlir əldə etməsi proqnozlaşdırılır.

Fondun investisiya portfelinin formalaşmasında istifadə edilmiş maliyyə alətlərindən biri də əks-repo əməliyyatıdır. Əks-repo əməliyyatı fondla banklar arasında olmaqla, dövlət təminatlı istiqrazlar əsasında həyata keçirilib, nəticədə əks-repo müddəti 30 gün və 5 gün, gəlirliyi 500 min manat olan iki əqd bağlanıb. Bu üç investisiya növü üzrə DSMF il ərzində 99.9 milyon manat gəlir əldə edəcək.

Hesablama Palatası öz rəyində bildirib ki, fondun maliyyə dayanıqlılığının təmin edilməsi məqsədi ilə DSMF tərəfindən investisiya fəaliyyətinin həyata keçirilməsini müsbət qiymətləndirir. Amma özəlliklə vurğulanır ki, investisiya gəlirlərindən istifadəni tənzimləyən qanunvericilik aktlarında həmin gəlirlərinin bəlli bölümünün sığorta ehtiyatına daxil edilməsi məsələsi təsbit olunmalıdır.

İnvestisiya fəaliyyətindən qazanc götürən kimlərdir?

Azərbaycanda hökumət xarici dövlət borcunun azaldılmasını və ÜDM-in 10 faizindən azına endirilməsini özünə hədəf qoymuşdu. Dövlət borcuna dair göstəricilərdən bəlli olur ki, Azərbaycanın xarici dövlət borcu azalmaqdadır. Ancaq əvəzində ölkənin daxili dövlət borcunda artım qeydə alınır. Başqa deyimlə, hökumət xarici borcları, əsasən, daxili mənbələr hesabına qapatmağa çalışır. Bu baxımdan, DSMF-nin sərbəst vəsaitlərindən istifadə də daxili resurslar hesabına xarici borcları azaltmaq strategiyasının tərkib hissəsidir. Hesablama Palatasının açıqladığı rəqəmlərdən də görünür ki, fond investisiya fəaliyyətinə başladığı ilk ildə yatırımlarının üçdə ikisini məhz dövlət qiymətli kağızlarına yönəldib.

Hesablama Palatasının açıqladığı göstəricilərdən aydın olur ki, DSMF banklarda yerləşdirdiyi depozitləri cəmi iki banka yönəldib. Vəsaitlərin hansı banklarda yerləşdirilməsi ilə bağlı məlumat palatanın rəyində əksini tapmayıb. Unutmaq olmaz ki, DSMF-nin sərbəst vəsaitlərindən istifadə qaydalarında fondun yatırım edə biləcəyi banklarla bağlı ayrıcı tələblər müəyyənləşdirib. Həmin şərtlərə görə, sərbəst vəsaitlər ölkədə aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklara yerləşdirilə bilər.

Azərbaycan vətəndaşları tez-tez yüksək kredit faizlərindən şikayətlənirlər. Ölkədə bank kreditlərinin yüksək olmasının əsas səbəbi kredit kimi verilən pulların maya dəyərlərinin yüksək olmasıdır. Rəsmi rəqəmlərə görə, Azərbaycanda bank öhdəliklərinin 80 faizindən çoxu depozitlərlə bağlıdır, yəni banklar, əsasən, şirkətlərdən və vətəndaşlardan pulu alır və kreditə ehtiyacı olanlara satır. Belə vəsaitlərə görə bankın özünün ödədiyi depozit faizləri də var. Bu da həmin pulun maya dəyərini yüksəldir. Deməli, fondların sərbəst vəsaitləri kimi pulların daha az xərclə banklarda yerləşdirilməsi ölkədə kredit faizlərini nisbətən azalda bilər. Bu baxımdan, aktivlərin həcminə görə vəsaitlərin ən böyük beş bankda yerləşdirilməsi həmin bankların daha ucuz maliyyə resurslarına çıxışına şərait yaradacaq.

Mərkəzi Bankın açıqladığı göstəricilərə görə, 2023-cü ilin əvvəlinə ölkədə fəaliyyət göstərən banklar arasında aktivlərin həcminə görə ilk beş yeri Azərbaycan Beynəlxalq Bankı, PaşaBank, KapitalBank, XalqBank və BankRespublika tutur. Azərbaycan Beynəlxalq Bankı dövlətə, ilk dördlükdəki üç banksa prezidentin ailə üzvlərinə məxsusdur. Bu baxımdan, bəlli olur ki, adıçəkilən banklar, digər bir çox sahədə olduğu kimi, sərbəst resursların yerləşdirilməsindən də fayda götürəcəklər.

XS
SM
MD
LG