Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 16:37

Sosial mediadan necə ayrılmalı


Mütəxəssislər ABŞ-da insanların 5-10%-nin sosial media asılılığı riski ilə üzləşdiyini deyirlər

Bu gün insanların çoxu tez-tez telefonuna baxır və sosial media lentini vərəqləyir. Bəzən dayanmaq çətin olur. Sosial mediadan istifadəyə fasilə vermək həm praktik baxımdan, həm də zehni sağlamlıq baxımından çox faydalı ola bilər.

Sosial media insanların bir-biri ilə ünsiyyət qurmasında inqilabi dəyişikliklər edib. O, dünyanın hər yerindəki insanlarla şəbəkələr qurmağa imkan verir. Ancaq bir çox araşdırmalar sosial medianın insan üçün mənfi nəticələrini sübut edib.

Ən yeni məlumatlara görə, dünya əhalisinin 58,4%-i sosial mediadan istifadə edir. Mütəxəssislər ABŞ-da insanların 5-10%-nin sosial media asılılığı riski ilə üzləşdiyini deyirlər.

Sosial mediadan istifadəyə fasilə vermək və ya “sosial media detoksu” insanların müəyyən müddət sosial mediadan istifadəyə məhdudiyyət qoyması deməkdir. Fasilənin müddəti və hansı sosial media platformalarına tətbiqi insanın özündən asılıdır.

Araşdırmalar

“Medical News Today” saytı sosial media detoksunun faydaları və qaydaları haqda tövsiyələr dərc edib.

Bu faydalardan biri yuxunun yaxşılaşmasıdır. 2021-ci ildə 132 istifadəçi arasında aparılmış tədqiqatın nəticələrinə görə, sosial media istifadəsinə bir həftə məhdudiyyət qoymaq yuxu problemlərinin qarşısını alır və bununla da insanın özünü daha yaxşı hiss etməsinə səbəb olur.

2018-ci ildə aparılan başqa bir araşdırma isə bu kimi məhdudiyyətlərin həm tipik, həm də ifrat sosial media istifadəçilərində stresin azalması ilə nəticələndiyini üzə çıxarıb. Bu nəticə sosial mediadan həddindən çox istifadə edənlərdə daha qabarıq görünüb.

2019-cu ildə Britaniyanın Kral Kollecində (King’s College) doktor Betül Keleşin rəhbərliyi ilə aparılan bir tədqiqatın hesabatında deyilir ki, daim mesajları yoxlamaq və sosial mediadan asılı vəziyyətə gəlmək qorxu, depressiya və psixoloji pozğunluq riskini artırır. Ancaq tədqiqatçılar bu sahədə daha çox araşdırmaya ehtiyac olduğunu da qeyd ediblər.

2018-ci ildə aparılmış tədqiqatın nəticələrinə görə isə sosial mediadan istifadəni gündə 30 dəqiqəyə endirmək cəmi 3 həftəyə universitet tələbələri arasında tənhalıq və depressiya hisslərinin azalmasına səbəb olur.

2020-ci ildə 61 iştirakçı arasında başqa bir araşdırma sosial mediadan istifadəyə bir həftəlik fasilə verməyin mental sağlamlığa ciddi müsbət təsir göstərdiyini, sosial bağlılığı artırdığını üzə çıxarıb.

Əlamətlər

Aşağıdakı əlamətlərdən hər hansı biri sosial mediadan fasilə götürməyin vaxtı gəldiyinin göstəricisidir:

Tez-tez sosial mediada insanların postlarından, şərhlərindən, trend olan mövzulardan məyus olmaq

Öz həyatınızı, bədəninizi, münasibətlərinizi, yaşayışınızı sosial mediadakı insanlarla müqayisə etmək

Yuxudan oyanan kimi ilk işinizin sosial medianı yoxlamaq olması

Qorxu və depressiya simptomlarının artmasını hiss etmək

Sosial mediada çox vaxt keçirmək

Kifayət qədər yatmamaq və ya yuxuya getməyə çətinlik çəkmək

Başqalarının yanında və ya hər hansı bir işlə məşğul olan zaman bildirişləri yoxlamaq

Sosial mediada mübahisələrə girişmək

Sosial media postlarından təsirlənmək

Sizə ünvanlanan post və ya şərhin olmamasından məyus olmaq

Fokusunuzu itirmək, vacib müddət hədlərini qaçırmaq və ya işlərinizi yarımçıq, yaxud keyfiyyətsiz görmək

Sosial mediada başqaları ilə rəqabətə girmək, məsələn, daha çox layk və ya izləyici toplamağa çalışmaq

Sosial media asılılığından əziyyət çəkdiyini düşünən insanlar həkimə müraciət etməlidirlər.

Sayt sosial mediadan istifadəyə fasilə vermək üçün bəzi praktik strategiyalar da təklif edir:

Hər bir insanın ehtiyacları və sosial mediaya fasilə verməklə bağlı fərqli məqsədləri var.

Ancaq bu addımlar hamı üçün faydalıdır:

Boş vərəqləmədən yayınmaq

Qeyri-sağlam söhbətlər, mövzular və mübahisələrdən uzaq durmaq

Müəyyən dövr ərzində müvafiq mobil əlavələrdən istifadəni dayandırmaq

Sosial mediadan gündə maksimum 20 dəqiqə istifadə etmək

Bəziləri qısamüddətli fasilələrdən başlaya, fasilələrin müddətini tədricən uzada bilər.

Məzuniyyətə və ya şəhər kənarına gedəndə başlamaq da yaxşı ideyadır. Rutinin dəyişməsi və günün məşğul keçməsi sosial mediadan uzaq qalmağı asanlaşdıra bilər.

Telefonda sosial media əlavələrini silmək sizə hesabı avtomatik yoxlamaq vərdişindən qurtara bilər. Hesaba yenidən qayıtmaq üçünsə əlavəni yenidən yükləmək lazım olacaq. Telefona gələn bildirişləri dayandırmaq da işə yarayır.

Əgər mobil əlavəni pozmaq da lazım olan effekti vermirsə, onda hesabı müvəqqəti deaktivə etmək olar. Bu zaman hesaba yenidən qoşulmaq daha çox vaxt aldığından detoksun baş tutması ehtimalı daha çoxdur.

Sosial mediadan qəfil yox olmağınız dost-tanışı narahat edə bilər. Buna görə də fasilə verəcəyinizi əvvəlcədən bildirmək yaxşı olardı.

Sosial mediadan istifadə etməməyin üstünlüklərindən biri də başqa işlərə daha çox vaxtın qalmasıdır. Buna görə də sosial medianın yerini tuta biləcək fəaliyyətlər haqda düşünmək olar.

Sayt bəzi ideyalar təklif edir:

Çoxdan görüşmədiyiniz dostlarla görüşmək

Yeni bir bacarıq öyrənmək

Yeni hobbi tapmaq

Fərqindəlik və meditasiya praktikaları ilə məşğul olmaq

İdman etmək

XS
SM
MD
LG