Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:45

'Müzakirələr... yeni qanunun xəbərçisidir'


Dövlət sirləri sosial mediaya necə ötürülür?
Gözlə

No media source currently available

0:00 0:05:52 0:00

Dövlət sirləri sosial mediaya necə ötürülür?

Dünən, avqustun 10-da Baş Prokurorluğun təşkilatçılığı ilə Bakıda "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda konfrans keçirilib.

Konfransda Baş prokuror Kamran Əliyev bildirib ki, hər hansı mediada, sosial şəbəkədə Azərbaycanın milli təhlükəsizliyinə yönələn hərəkətlər, çağırışlar edilirsə, prokurorluq fəaliyyət istiqamətinə uyğun qəti addımlar atmalıdır. Onun sözlərinə görə, sosial şəbəkələrdə dövlət sirri, hərbi sirr hesab edilən informasiyaların dəqiqləşdirilmədən yayılması kimi hallara çox rast gəlinir.

Tədbirdə bu məsələ ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi və Baş Prokurorluqla birgə komissiyanın yaradılması da təklif olunub.

M.Ələsgərli
M.Ələsgərli

"Müzakirələr aparılıb ki, necə edək…"

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli "Turan"a bildirib ki, tədbirdə yaranmış mövcud vəziyyət müzakirə olunub: "Müzakirələrin mahiyyəti o idi ki, sosial şəbəkələrdə dövlət sirrinin yayılması və vətəndaşların şəxsi həyatı ilə bağlı arzuolunmaz informasiyaların paylaşması intensivləşib. Bunlar qanunla yasaqlanır və bunlara qarşı hansısa tədbir görüləndə bu, əks reaksiya doğurur. Müzakirələr elə onun ətrafında aparılıb ki, necə edək, həm qanunvericilik qorunsun, həm də ölkədə söz azadlığının qorunmasına xələl gəlməsin".

M.Ələsgərli tədbirdə müəyyən təkliflərin də səsləndiyini qeyd edib: "Belə təkliflərdən biri də məndən gəldi. Təklif etdim ki, "Dövlət sirri haqqında" Qanunun tətbiqi ilə bağlı konkretlik və aydınlıq olmalıdır. Bu qanunun tətbiqi ilə bağlı nə jurnalistlərin peşə davranış qaydalarında, nə də hansısa təlimatda xüsusi bir hal var. Bu qanunu da fərqli istiqamətlərdə şərh etmək mümkündür".

"Bu komissiya müzakirə etsin ki…"

Onun sözlərinə görə, tədbirdə dövlət sirrinin yayılması ilə bağlı məsələlərdə tənzimlənmə üçün xüsusi bir komissiyanın formalaşdırılması təklif olunub: "Bu komissiya müzakirə etsin ki, həssas məsələlər hansı formada tənzimlənməlidir, necə olmalıdır ki, qanunla yasaqlanan məsələlər paylaşılmasın, həm də ölkədə söz azadlığı qorunsun. Konkret istiqamətlər, təlimatlar hazırlansın ki, kimlərsə sabah səhvə yol verib hüquqi cəza almasın".

X.Ağalıyev
X.Ağalıyev

"Məqsəd internet mediasını da kontrola almaqdır"

Media Hüququ Qrupunun həmtəsisçisi Xalid Ağalıyev isə mövzu ilə bağlı AzadlıqRadiosuna açıqlamasında bildirib ki, vətəndaşların hüquq və azadlıqlarının pozulmasının önlənməsi, Azərbaycanın milli təhlükəsizliyinə yönələn hərəkətlərin, çağırışların qarşısının alınması kimi məsələlər qanunvericilikdə təsbit edilib: "Hərəkətin qanunlarda nəzərdə tutulmuş cəzası var, o, tətbiq edilməlidir. Əlavə mexanizmlər yaradılırsa, deməli, başlıca məqsəd teleradio və çap mediasından fərqli olaraq, xeyli azad olan internet mediasını da mümkün qədər kontrol altına almaqdır".

"Dövlət onları azad buraxmalıdır ki…"

Ekspert qeyd edib ki, dünyanın heç bir yerində yanlış məlumatları önləmək məqsədilə qurumlar yaradılmır: "Heç nifrətli çıxışları, şiddəti təşviq edən məzmunları önləmək məqsədilə də dövlət hansısa qurum yaratmır. Bu məsələləri azad jurnalistlərin qurduqları birliklər, yazdıqları tövsiyələr tənzimləyir".

Onun fikrincə, Azərbaycanda başlıca problem azad jurnalist, azad media problemidir: "Dövlət onları azad buraxmalıdır ki, onlar özlərini tənzimləmək vərdişlərinə yiyələnsinlər. Məncə, son müzakirələr sosial medianın tənzimlənməsi ilə bağlı yeni qanunun hazırlanmasının, qəbuluna hazırlığın xəbərçisidir. Bunun media azadlığına xidmət edəcək addım olduğunu düşünmürəm".

Son illər Baş Prokurorluq tez-tez bəzi media rəhbəri və sosial şəbəkə istifadəçilərini çağıraraq onlara müəyyən statuslarla bağlı xəbərdarlıqlar verir. Qurum xüsusilə Müdafiə Nazirliyi ilə bağlı məsələlərin üzərində dayanaraq yalan, dəqiqləşməmiş məlumatların yayılmasının yolverilməz olduğunu bildirir. Bəzi media ekspertləri isə Baş Prokurorluğun bu fəaliyyətini senzura kimi dəyərləndirir.

XS
SM
MD
LG