Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:18

'Soros-a nifrət qlobal xəstəlikdir' – təhlil


George Soros
George Soros

«Milyarder sərmayəçi və xeyriyyəçi George Soros bu il çox məşğuldur. 2017-ci ilin əvvəlindən o, Suriyaya kimyəvi hücum təşkil edib, Vaşinqtonda anti-Trump etirazçıları maliyyələşdirib, Macarıstana qaçqın axınından ötrü «Soros planı» hazırlayıb, Makedoniyada hökumət dəyişikliyinə cəhd edib, İsrailin baş nazirini gözdən salıb və Ağ evdə bir neçə aparıcı müşaviri işdən çıxartdırıb. Bütün bunlar 87 yaşlı kişi üçün heç də pis deyil».

«The Financial Times» qəzetində Gideon Rachman yazır ki, bu sadalananların arxasında konspirasiya nəzəriyyələri dayanır və hamısında da cənab Soros-un adı keçir. Və bu, qlobal siyasət barədə çox vacib və narahatedici məqamlardan xəbər verir.

***Buna da bax-Soros və erməni lobbisi doğrudanmı Azərbaycana qarşı birləşib? [video]

«SOROS PLANI»

«1990-cı illərdə George Soros dövrünə uyğun olaraq, maliyyədə qazandığı milyardları postkommunist Avropasında və başqa yerlərdə demokratiyaya keçidin dəstəklənməsinə xərcləyirdi. Amma indi qlobal siyasi iqlim dəyişib və liberal ideyalar geriləyib. Birləşmiş Ştatlardan tutmuş Rusiya və Macarıstanadək millətçilərin yeni nəsli Soros-a büsbütün bir yaramaz kimi baxırlar. O, millətçilik əsrində beynəlmiləlçidir. Qrup hüquqlarını deyil, fərqi hüquqları dəstəkləyir. «Forbes»un zənginlər siyahısında dünyanın 29-cu varlı şəxsidir. Hə, üstəlik yəhudidir və pərdəarxası, manipulyativ beynəlxalq maliyyəçi roluna çox uyğun gəlir, nə vaxtsa bu rolu Rothschilds üçün saxlayırdılar…», – müəllif yazır.

1989-cu ildə Oksford Universitetində oxumaq üçün Soros təqaüdündən faydalananların biri də Viktor Orban adlı gənc macar olub. Bu, hazırda Macarıstanın baş naziri olan həmin Orban-dır. İndi o, Macarıstana müsəlmanların axınında «Soros planı»nın rolundan dəm vurur və bu məsələ onun yenidən seçilməkdən ötrü apardığı kampaniyanın mərkəzində durur. Ancaq müəllif belə bir planın olmadığını yazır.

«Soros-a sonuncu gülməyə imkan verməyin»-Budapeştdə plakat
«Soros-a sonuncu gülməyə imkan verməyin»-Budapeştdə plakat

«Həqiqət budur ki, cənab Soros qaçqınlarla bağlı xeyriyyə qurumlarını səxavətlə dəstəkləyir. Eləcə də Avropa Birliyinin Suriyadan qaçqınları Macarıstan daxil olmaqla, birlik boyunca yerləşdirmək planına arxa durub. Bu məqam Orban-a ölkəboyu Soros-un gülümsəyən fotolarının yer aldığı plakatlar yerləşdirməyə bəs edib: «Soros-a sonuncu gülməyə imkan verməyin», - plakatlarda deyilir.

«ŞEYTAN OBRAZI»

Məsələ ondadır ki, cənab Soros-un «şeytan obrazı» təkcə doğulduğu Macarıstanda yaradılmayıb. Ötən il Makedoniya, Polşa, Rumıniya və Türkiyədə siyasi liderlər də onu pisləyib, filantropistin onlara sui-qəsd hazırladığını iddia ediblər.

***Buna da bax-Prezidentin köməkçisi: 'Sorosun başı havalanıb...'

ABŞ-da da sağçılar Soros-a qarşı materiallar yayırlar. Müəllifin fikrincə, bu nifrətin səbəbi onun İraq müharibəsinə etirazıyla bağlı ola bilər. Onun Birləşmiş Ştatlarda solçu dəyərləri dəstəkləməsi, BMT kimi beynəlxalq qurumlara arxa durması sağ cəbhəni daha da alovlandırıb.

«… Bəzi liderlərin Soros-un Açıq Cəmiyyət Fondundan qorxmasına daha konkret səbəblər var. Axı, bu fond təhsil, azad mətbuat, azlıqların hüquqları, antikorrupsiya təşəbbüsləri yayan mülki cəmiyyət təşkilatlarını maliyyələşdirir. 2015-ci ildə Vladimir Putin Açıq Cəmiyyət Fondunu Rusiyadan çıxardı, çünki daha sovet terrorunu araşdıran «Memorial» kimi qurumlara dəstəyinə dözə bilmədi», – müəllif qeyd edir.

SOROS İSRAİLDƏ DƏ HƏDƏFDƏ, AZƏRBAYCANDA DA

Gideon Rachman Soros-un İsraildə də hədəfdə olduğunu vurğulayır. Əsas səbəb də onun fələstinlilərin hüquqlarını dəstəkləməsidir. Bu amil baş nazir Benjamin Netanyahu hökuməti üçün daha vacibdir, baxmayaraq ki, bütün dünyada antisoros kampaniyalarının əsasını antisemitizm təşkil edir. Müəllif Netanyahu-nun Soros-a qəzəbinin kökündə şəxsi element də olduğunu vurğulayır. Korrupsiya təhqiqatı İsrailin birinci ailəsinə yaxınlaşdıqca, onlar da Soros-u «qılınclayırlar». Baş nazirin oğlu Yair Netanyahu bu yaxınlarda gileylənib ki, «Soros və Avropa Birliyinin maliyyələşdirdiyi İsrailin Dağıdılması Fondu məni təhdid edir».

***Buna da bax-Əli Həsənov: 'OCCRP kimi qurumların qərəzli mülahizələrdən ibarət materialları sifarişdir'

Müəllif konspirasiya nəzəriyyəçilərinin hər şeyi yozduqlarını, elə Soros-u dəstəkləyən bu məqaləni də onun «çirkin nüfuzu»yla əlaqələndirə biləcəklərini yazır. Rachman Soros-la iki dəfə söhbət etdiyini, heç vaxt özəl söhbətləri olmadıqlarını və onu dost adlandıra bilməyəcəyini qeyd edir.

«Ancaq onun xeyriyyəçiliyini qiymətləndirməyə bilmərəm. Bunun hətta müdafiəyə ehtiyacı olması faktı belə, yaşadığımız dönəm barədə kədərli şeylər söyləyir», – o yazır.

Soros Fondu Azərbaycanda rəsmi fəaliyyətini 2011-ci ilin dekabrından dayandırıb. Ancaq son illər bu fondun Azərbaycana qarşı fəaliyyət apardığını iddia edən yazılar yerli mətbuatdan əskik olmayıb. George Soros-un adı ölkədə son günlər daha çox səslənməyə başlayıb. OCRRP jurnalistika layihəsinin media tərəfdaşlarıyla ərsəyə gətirdiyi korrupsiya araşdırması Azərbaycan hakimiyyətinin xaricdəki lobbiçilərinin köməyi ilə 2.9 milyard dollar pul yuduğunu üzə çıxarıb. Bu araşdırmaya hakimiyyət təmsilçiləri qəzəbli reaksiya verib, onu Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq istəyənlərin iftirası adlandırıb, bu işdə Soros-u günahlandırıblar. Araşdırmanı aparan OCCRP-yə qrant verən təşkilatlardan biri də Soros Fondudur. Ancaq OCCRP-dan AzadlıqRadiosuna deyiblər ki, Soros fondu onların redaktor siyasətinə qarışmır, bu iddia əsassızdır.

XS
SM
MD
LG