Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:51

Son aylar Azərbaycanda 23 min əlillik dərəcəsi ləğv edilib


Əlillik niyə kütləvi ləğv olunur?
Gözlə

No media source currently available

0:00 0:06:10 0:00

Əlillik niyə kütləvi ləğv olunur?

Hər 100 əlildən üçü əlil adını itirib

Son dönəmlər ölkədə sosial müdafiə baxımından ən çox dartışılan məsələlərdən biri əlillikdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, ötən ilin sonlarından bəri 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb. Nazirliyin məlumatında qeyd edilir ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin "saxta əlillik" arayışı düzəltdiyi üzə çıxıb. Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxminən 16 min şəxsinsə ya reabilitasiya olduğu, ya da xəstəlik durumlarının əlillik qrupu təyinatına əsas sayılmadığı qənaətinə gəlinib. Bu o deməkdir ki, ötən il hər 100 əlildən təxminən üçünün əlillik dərəcəsi ləğv edilib. Nazirliyin açıqlamasında bu da qeyd olunub ki, ləğv edilən əlillik dərəcələri büdcəyə ildə 101 milyon manat qənaət etmək imkanı qazandıracaq.

Di gəl, əlillik dərəcəsinin ləğvi heç də hər kəsin ürəyincə deyil. Həm indiyəcən əlil sayılan bəzi şəxslərin sağlamlıq durumunun daha əlil kimi qiymətləndirilməməsi, həm də bu il 200 minə yaxın əlilliyi olan şəxsin əlillik müddətinin bitməsi səbəbindən yenidən müraciət etməli olması narazılıq doğurur. Narazılıqlar, əsasən, bürokratik çətinliklərdən və uzun növbələrdən qaynaqlanır.

Ölkədə hər 100 nəfərdən altısı əlildir

Ötən ilin sonuna olan göstəricilərə görə, hazırda Azərbaycan əhalisinin 6.3 faizi əlillərdir. Əlil şəxslərin sayında ilk azalma 2020-ci ildə qeydə alınıb. Dövlət Statistika Komitəsinin rəqəmlərindən aydın olur ki, 2007-ci ildən bəri sürəkli artan əlil sayı ötən il 2019-cu illə müqayisədə 2 min 500 nəfərə yaxın azalıb. Həmin il sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sayındakı azalma isə təxminən 10 min nəfər olub.

2007-2020-ci illərdə əlillərin toplam və əhalinin hər min nəfərinə düşən sayı

İllər

Pensiya və ya müavinət alan əlil şəxslərin sayı

Əhalinin hər 1000 nəfərinə düşən əlil sayı

2007

426 min 946

49.3

2008

437 min 627

49.8

2009

458 min 851

51.4

2010

473 min 185

52.6

2011

488 min 551

53.6

2012

506 min 127

54.8

2013

520 min 793

55.6

2014

537 min 586

56.7

2015

568 min 149

59.2

2016

587 min 170

60.5

2017

613 min 645

62.5

2018

625 min 640

63.2

2019

636 min 004

63.7

2020

633 min 469

62.9

Cədvəldən göründüyü kimi, 2007-ci ildən sonra əhalinin hər min nəfərinə düşən əlillərin sayı təxminən 40 faiz çoxalıb.

İllər üzrə statistikada diqqət çəkən məqamlardan biri də odur ki, əvvəlki Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun çalışdığı dövrdə (2006-2013) hər il ortalama 31 min şəxsə ilk dəfə əlillik dərəcəsi verilib. Ancaq eks-nazir Səlim Müslümovun nazirliyi dönəmində (2013-2018) ilk dəfə əlillik dərəcəsi alan vətəndaşların illik ortalaması 36 min nəfərdir.

2008-2019-cu illərdə ilk dəfə sağlamlıq imkanlarının məhdudluğu və əlilliyi müəyyənləşdirilən şəxslərin sayı

İllər

İlk dəfə sağlamlıq imkanlarının məhdudluğu və əlilliyi müəyyənləşdirilən şəxslərin sayı

2007

26 min 600

2008

31 min 700

2009

24 min 700

2010

26 min 200

2011

29 min 300

2012

31 min 500

2013

47 min 510

2014

42 min 200

2015

34 min 900

2016

41 min 910

2017

28 min 700

2018

24 min 300

2019

29 min 700

Daha bir diqqət çəkən məqam son illərdə şəhər və kəndlərdə ilk dəfə əlillik dərəcəsi alan şəxslərin say nisbətindəki dəyişikliklərdir. Belə ki, 2007-2013-cü illərdə ilk dəfə əlillik dərəcəsi verilənlərin təxminən yarısı şəhər yerlərində, digər yarısı kənd yerlərində yaşayıb. 2014-2015-ci illərdə əlillik dərəcəsi verilənlər arasında şəhər yerlərində yaşayanların sayı artıb. Ancaq maraqlıdır ki, 2016-cı ildən bəri bu nisbət dəyişib və 2016-2019-cu illərdə ilk dəfə əlillik dərəcəsi verilənlərin təxminən 70 faizi kənd yerlərində yaşayanlardan ibarət olub.

Son illərdə əlillik dərəcəsi verilən şəxslər arasında 1-ci qrup əlillərin xüsusi çəkisinin artması da diqqət çəkir. 2007-2016-cı illərdə əlillik təyin edilən şəxslərin təxminən 7 faizi birinci qrup əlillər olub. Ancaq 2017-ci ildən bəri bu rəqəm 15 faizə yüksəlib. Əvəzində 2-ci qrup əlillərin əlillik dərəcəsi verilənlər arasında xüsusi çəkisi 2007-2016-cı illərdə ortalama 76 faizdən 2019-cu ildə 55 faizə geriləyib. Həmin müddət ərzində 3-cü qrup əlillərin xüsusi çəkisi isə 16 faizdən təxminən 30 faizədək yüksəlib.

2019-cu ildə əlillik dərəcəsi verilmiş şəxslər arasında əlilliyə ən çox səbəb bədxassəli şişlər olub (22 faiz). Növbəti iki yeri qan dövranı sisteminin xəstəlikləri (13 faiz) və göz xəstəlikləri (12 faiz) tutur.

Əlillərin sosial təminatı

Ötən ilin göstəricilərinə görə, ölkədəki toplam 1 milyon 270 min 559 nəfər pensiyaçının 30.2 faizi əlillərdir. Əlilliyə görə 384 min nəfər pensiya alır. Pensiyaçıların 58.4 faizini yaşa, 11.4 faizi isə ailə başçısını itirdiyinə görə pensiya alır. Maraqlıdır ki, yaşa və ailə başçısını itirməyə görə pensiya alanların təxminən 70 faizi qadın olsa da, əlilliyə görə pensiya alanlar arasında kişilər çoxdur. Bu kateqoriya üzrə pensiya alanların 58 faizi kişi, 42 faizi qadındır. Əlil pensiyaçılar arasında həm də işləyən əlillərin sayı 43 min nəfərə və ya bütün əlil pensiyaçıların 11 faizinə bərabərdir. Bu ilin əvvəlinə əlil pensiyaçıların orta aylıq pensiya məbləği 230 manat olub.

Ötən ilin sonuna 180 min 521 əlil sosial müavinət alıb. Onların orta aylıq müavinəti cəmi 125 manatdır. Sağlamlıq imkanı məhdud 18 yaşadək 63 min uşaq da sosial müavinət alan şəxslər arasındadır. Bu qrupdan olanlara orta aylıq 150 manat müavinət verilir. Müharibə ilə bağlı əlilliyi olan 21 min 582 nəfərə isə prezident təqaüdü verilir. Həmin təqaüdün orta aylıq məbləği 228 manatdır. Birinci dərəcə əlilliyi olan və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq göstərənlərə də 50 manat məbləğində prezident təqaüdü təyin edilir.

Ölkə üzrə bütün pensiyaçıların 30 faizi əlil şəxslər olsa da, bəzi rayonlarda bu göstərici daha yüksəkdir. İşğaldan azad edilən rayonları nəzərə alınmasa, əlil pensiyaçıların ən yüksək xüsusi çəkiyə malik olduğu rayon Yardımlıdır. Buradakı bütün pensiyaçıların 45 faizi əlillərdir. Ağcabədi, Daşkəsən, Cəlilabad və İmişli rayonlarında da pensiyaçıların, ən azı, 40 faizi əlillərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG