Bolqarıstan paytaxtı Sofiyada bir qrup etirazçı Avropa İttifaqı (Aİ) rəsmilərinin yerləşdiyi binaya hücum edib. Onlardan bəzilərinin əllərində Rusiya bayraqları olub və hökuməti Ukraynaya yardımı dayandırmağa çağırıblar.
Etirazçılar Avropa Komissiyası və Avropa Parlamentinin nümayəndələrinin yerləşdiyi binaya qırmızı rəng atıblar. Qırmızı boyanın müharibə və qan tökülməsini simvolizə etdiyi düşünülür.
“Troya atı”
Mayın 21-də keçirilən nümayişi müxtəlif qeyri-hökumət təşkilatları və kremlyönümlü insanlar təşkil edib. Min iştirakçı arasında Aİ əleyhinə olan Oyanış Partiyasının üzvləri və parlamentarilər də olub. Bu, son həftələrdə keçirilən altıncı nümayiş olsa da, vandalizm aktı ilə nəticələnən ilk nümayiş idi.
Bolqarıstanın Rusiya ilə dərin və tarixi əlaqələri var. Moskvayönümlü olduğuna görə Bolqarıstanı bəzən Aİ və NATO daxilində “Troya atı” adlandırırlar.
2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri ABŞ və Aİ Ukraynaya on milyardlarla dollar hərbi və maliyyə yardımı göstərib. Lakin Bolqarıstan və Macarıstan kimi bəzi ölkələr Kiyevi nisbətən az dəstəkləyən ölkələr içərsindədir.
Referendum məsələsi
Dirçəliş və Kommunist Partiyasının davamçısı (varisi) olan Bolqarıstan Sosialist Partiyası bu cür hərəkətlərin ölkəni müharibəyə sürükləyə biləcəyini iddia edərək, Ukraynaya hərbi yardım göndərilməsinin əleyhinə səs verib.
Nümayiş təşkilatçılarından biri Sarnela Vodeniçarova bildirib ki, etirazların məqsədi ölkənin “müharibələrə cəlbi” ilə bağlı referendum keçirilməsi üçün yetərincə imza toplamaqdır.
Bolqarıstan NATO üzvüdür, Rusiyanın ölkəyə hər hansı hücumu 31 üzvdən ibarət alyansın reaksiyasına səbəb olacaq. Bu, Moskvanın ciddiyə aldığı təhdiddir.
Bolqarıstan müharibənin ilk aylarında, ölkənin keçmiş baş naziri, Aİ tərəfdarı siyasətçi Kiril Petkovun dövründə Ukraynanı gizli şəkildə yanacaq və sursatla təmin edirdi.
Bolqarıstanda Ukraynanın istifadə edə biləcəyi Sovet dövründən qalma xeyli miqdarda sursat var.