Yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı proqnozlara görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təhlükəsizlik tədbirlərinə başladığını açıqlayıb.
İstehsalatda qəzaların baş verməməsindən ötrü növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşların təxliyyə ediləcəyi bildirilir. “Hava və dəniz nəqliyyatları vasitəsilə ümumilikdə 1700-dən çox neftçinin sahilə çıxarılması üçün aparılan tədbirlər artıq başa çatdırılır”, SOCAR-ın yaydığı məlumatda vurğulanır.
Məlumatda deyilir ki, hava proqnozuna görə, işlər maksimum dərəcədə dayandırılıb. “Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir”, məlumatda yazılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd edilir ki, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozlaşdırılır.
Nazirlik vurğulayır ki, şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənir.
Xatırlatma
Son illər Xəzərdə qasırğa səbəbindən neftçilər bir sıra ağır faciələrlə üzləşiblər. Sonuncu belə ağır faciə 2016-cı il dekabrın 15-də baş verib. Həmin vaxt qasırğanın Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin estakadasını uçurması nəticəsində 10 neftçi dənizə düşmüşdü. Onlardan birinin həmin gün, bəzilərinin isə sonrakı günlər cəsədi tapılıb ailəsinə verilib.
Həmin vaxt bir çox sosial şəbəkə istifadəçiləri SOCAR rəhbərliyini önləyici təhlükəsizlik tədbirləri görməməkdə qınamışdı.
2015-ci il dekabrın 4-də isə “Günəşli” yatağında yanğın baş verib. Həmin vaxt 64 neftçidən 34-ü xilas edilib. Onda da hava şəraitinin əlverişsiz olduğu bildirilirdi.