Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:59

Ekspert: 'SOCAR-a niyə güvənməliyik ki?'


Əkrəm Həsənov
Əkrəm Həsənov

Dövlət Neft Şirkəti (SOCAR) daxili bazardan borclanmaq qərarına gəlib. Şirkət 5 il müddətinə illik gəlirlik dərəcəsi 5 faiz və hər birinin nominal dəyəri min dollar olan 100 min ədəd təminatsız istiqraz buraxır.

İstiqraz borc deməkdir, yəni SOCAR əhalidən 100 milyon dollar təminatsız borc almaq istəyir və 5 ildən sonra qaytaracağını vəd edir. Hər ilin sonunda hər istiqraza 50 dollar ödənəcək. Bu, beş ildə 250 dollar edir.

AVROBONDLAR DAHA GƏLİRLİ OLUB

SOCAR indiyədək istiqrazları (avrobond) xaricdə yerləşdirib və xarici bazarlardan borclanıb. Son 3 avrobondun ikisində gəlirlilik dərəcəsi Azərbaycan vətəndaşlarına təklif ediləndən çox olub. Xatırlatmağa dəyər ki, SOCAR 2012-ci ilin əvvəllərində, Azərbaycanda ilk dəfə London Fond Birjasında gəlirlilik dərəcəsi 5.45 faiz olan avrobondlar emissiya etmişdi. Qurum daha sonra - 2013-cü ilin martında toplam həcmi 1 milyard ABŞ dolları, illik faiz dərəcəsi 4.75 faiz 10 il müddətinə 2-ci avrobond emissiyasını gerçəkləşdirib. Ardından da 750 milyon ABŞ dolları həcmində 15 illik avrobondlar yerləşdirib. Bu qiymətli kağızların illik 6.95 faiz gəlirliyi olub.

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, hüquqi statusu bilinməyən, yetərli əmlakı olmayan, qeyri-şəffaf və hər an ləğv edilə biləcək quruma necə güvənmək olar?

O, istiqrazı əmanətlə müqayisə edir: «İstiqraz bank əmanəti kimi bir şeydir. Sadəcə, əmanəti vaxtından əvvəl də götürmək olar, amma istiqraza qoyulan pulu yalnız 5 ildən sonra geri ala bilərsən. Bu halda, görəsən, vətəndaş niyə pulunu banka deyil, SOCAR-a etibar etməlidir? Bəlkə ona görə ki, bank sisteminə etimad tam sarsılıb? Sarsılmağına sarsılıb, əlbəttə. Bəs SOCAR-a niyə etibar etməliyik ki?».

Buna da bax - SOCAR benzini niyə ucuzlaşdırmır?

SOCAR benzini niyə ucuzlaşdırmır?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

«SOCAR BU TƏLƏBLƏRƏ CAVAB VERİRMİ?»

Ekspertin sözlərinə görə, gəlişmiş ölkələrdə istiqraz buraxan şirkət, əsasən, 3 şərtə - qanunauyğunluğa, şəffaflığa və uğurlu fəaliyyətə cavab verməlidir: «SOCAR bu tələblərə cavab verirmi? İyulda yazmışdım ki, SOCAR-ın hüquqi statusu müəmmalıdır, təşkilati-hüquqi forması məlum deyil və qanunun gözündə, ümumiyyətlə, belə adlı hüquqi şəxs yoxdur. SOCAR rəsmiləri mənə cavab verməyə cəhd göstərdi, amma cavabları da statusları kimi qanunazidd idi və bunu da şərh etmişdim».

«SOCAR-IN FƏALİYYƏTİ QEYRİ-ŞƏFFAFDIR»

Ə.Həsənov ölkənin ən iri şirkətinin - SOCAR-ın fəaliyyətinin qeyri-şəffaf olduğunu vurğulayır: «Korporativ idarəetmə sistemi yoxdur. Bu da təbiidir, çünki əslində, bir nəfər idarə edir. Xaricdə belə iri şirkətlərdə mütləq nəzarətçi və o cümlədən, müstəqil şəxslərdən ibarət müşahidə şurası olur. İctimai nəzarət olmadığından, SOCAR yalnız özünə bəlli motivlərlə çoxşaxəli fəaliyyət göstərir və mənası bilinməyən layihələrə sponsorluq edərək, çoxsaylı işçi heyəti saxlayır və s. və i.a».

Onun qənaətincə, şirkət uğursuz fəaliyyət göstərir: «SOCAR zərərlə işləyir. Xarici borcları çoxdur. Elə yəqin o səbəbdən də istiqraz satır. Borclarını necə verəcək? Nizamnaməsinin 1.7-ci bəndinə görə, əmlakı hesabına. Amma borcları müqabilində elə bir əmlakı da yoxdur, axı. Binalar və avadanlıqdır, əsasən. Neft yataqları və s. onun deyil, dövlətindir. SOCAR-ın Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, dövlət onun öhdəliklərinə cavabdeh deyil, yəni borclarını ödəmir. Yəni SOCAR hər an müflis ola bilər».

Vüqar Bayramov
Vüqar Bayramov

«SOCAR-IN İSTİQRAZLARI CƏLBEDİCİ SAYILA BİLƏR»

İqtisadçı ekspert Vüqar Bayramov fərqli düşünür və SOCAR-ınistiqrazlarını cəlbedici sayır: «Kommersiya banklarının dollarla əmanətlərə, ortalama, 2-2.5 faiz divident təklif etdiyini və Azərbaycanda xarici valyutadakı əmanətlərin maksimum 3 faizinin sığortalandığını gözə alanda, SOCAR-ın istiqrazları cəlbedici sayıla bilər. Çünki SOCAR kommersiya bankları ilə müqayisədə 2 dəfə çox gəlir təklif edir».

Ekspertin fikrincə, banklara inamın az olması da bu istiqrazlara marağı artıra bilər: «Təbii ki, SOCAR da bununla özünə nisbətən aşağıfaizli borc cəlb etməyə çalışır. Beş faiz müştərilər üçün yüksək olsa da, SOCAR-ın Avropadakı istiqrazlarının borc faizindən aşağıdır. SOCAR dövlət şirkətidir və bu da ona əlavə üstünlüklər yaradır. Təbii ki, istiqrazları alarkən, son qərarı müştərinin özü verməlidir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG