Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 02:27

BP və SOCAR yeni saziş imzaladı


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Azərbaycanda geoloji kəşfiyyat işlərindən ötrü yeni hasilatın pay bölgüsü haqqında saziş (HPBS) imzalanıb.

Bu haqda SOCAR-ın press-relizində bildirilir.

Verilən məlumata görə, sazişin imzalanma mərasimi Londonda, Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Theresa May-in iştirakı ilə keçirilib. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dudley imzalayıb.

Şirkət qeyd edir ki, saziş Xəzərdə yeni imkanların araşdırılmasına şərait yaradır və Azərbaycanın hasilatına uzunmüddətli töhfə vermək potensialına malikdir

Saziş Xəzər dənizinin Azərbaycan sektorunda şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsini nəzərdə tutur.

Rövnəq Abdullayev BP ilə uzunmüddətli əməkdaşlıq ənənəsinin formalaşdığını qeyd edib:

“Əminəm ki, hər iki şirkətin malik olduğu müasir neft-qaz texnologiyaları və unikal tarixi təcrübə sayəsində bu əməkdaşlıq öz uğur silsiləsini davam etdirəcək. Bu gün imzalanan saziş bərabər və ədalətli əsaslar üzərində qurulub və Azərbaycanın təbii ehtiyatlarının ortaq şəkildə maksimum səmərə ilə reallaşdırılması istiqamətində mühüm rol oynayacaq”.

Bob Dudley isə sazişin Azərbaycanda uzunmüddətli hasilatı dəstəkləyəcəyini qeyd edib, SOCAR və BP-nin Xəzərdə əlavə imkanların araşdırılması məqsədi ilə yeni birgə səylərinə söykəndiyini vurğulayıb:

“25 ildən çoxdur ki, biz bu regionda fəaliyyət göstəririk və inanırıq ki, burada hələ də əhəmiyyətli neft və qaz potensialı mövcuddur.”

D230 blokunun işlənməsini nəzərdə tutan hasilatın pay bölgüsü sazişi (HPBS) 25 illik müddəti əhatə edir. BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq. İştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyada səfərdədir.

Xatırlatma

BP və tərəfdaşları Azərbaycanda ilk HPBS-i SOCAR-la 1994-cü ildə imzalayıb. Həmin saziş Azəri, Çıraq, Günəşli (AÇG) yataqlar blokunun dərinlikdə yerləşən hissəsinin işlənməsini nəzərdə tuturdu. AÇG üzrə hasilat 1997-ci ildə başlayib və həmin vaxtdan etibarən bu yataqlardan ümumilikdə 3,3 milyard barreldən artıq neft hasil edildiyi bildirilib.

2017-ci ildə SOCAR və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən tərtib olunmuş HPBS-i imzalayıblar. Həmin sazişin müddəti 2049-cu ilin sonuna qədərdir.

Bundan başqa BP və tərəfdaşları 1996-cı ildə Şahdəniz qaz-kondensat yatağının işlənməsi üçün HPBS-i imzalayıblar. Bu yataqda hasilat 2006-cı ildə başlayıb. Yatağın işlənməsinin ikinci mərhələsi - Şahdəniz 2 layihəsi çərçivəsində hasilatın bu il başlanması planlaşdırılır.

BP həmçinin, SOCAR-la 2010 və 2014-cü ildə iki geoloji kəşfiyyat HPBS-i imzalayıb. Həmin sazişlər Şəfəq-Asiman bloku və Abşeron yarımadasının ətrafındakı dayaz sulu ərazi üzrə işləri əhatə edir.

XS
SM
MD
LG