Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 20:16

'SOCAR-ın işçiləri bizə 100 min manat ziyan vurub'


Ekskavator
Ekskavator

Tikinti materiallarının (qum, çınqıl) alqı-satqısıyla məşğul olan obyektin sahibi Tərlan Babayev iddia edir ki, Dövlət Neft Şirkətinin əməkdaşları ona külli miqdarda ziyan vurub. Sahibkar iddia edir ki, SOCAR-ın işçiləri xəbərdarlıq etmədən, əllərində məhkəmə qərarı olmadan obyektə hücum edib, mülkiyyətini dağıdıblar. Onun sözlərinə görə, dağıntı bir həftə öncə baş verib.

Sözügedən obyekt paytaxtın Sabunçu rayonu ərazisində - Yeni Ramana qəsəbəsində yerləşir. Babayevlər 2014-cü ilin yanvarında 0.32 hektar torpaq sahəsini 99 illik icarəyə götürüblər. İcarə hüququ Dövlət Reyestr Xidmətində də qeydə alınıb. Bundan sonra həmin torpaq sahəsində ticarət obyekti tikilib.

"İşimiz iflic olub"

"O obyektdən məndən başqa daha 15 nəfər evinə qazanc aparır. Vergilərimizi vaxtında ödəyirik. Amma normal qaydada fəaliyyət göstərməyə imkan vermirlər. Dəfələrlə müxtəlif maneələrlə üzləşmişik. Sonuncu dəfə də SOCAR-ın işçilərinin özbaşınalığı üzündən işimiz iflic olub", - T.Babayev AzadlıqRadiosuna danışıb.

Sahibkar bildirir ki, iki ay öncə obyektin ətrafına hasar çəkdirib. Mayın 5-də səhər saat 11:00 radələrində özlərini SOCAR-ın əməkdaşları kimi təqdim edən bir qrup adam gəlib, tikilini dağıdıblar. Obyektin söküntüyə etiraz edən edən işçilərinin isə döyüldüyü iddia olunur.

T.Babayevin dediyinə görə, ərazidə hasarlama işləri görüləndə onlara xəbərdarlıq edən olmayıb: "Nə vaxtdan xüsusi mülkiyyətə müdaxilə Dövlət Neft Şirkətinin işçilərini səlahiyyətindədir? Mülkiyyətə daxil olmaq, hansısa müdaxilə yalnız məhkəmə qərarı ilə həyata keçirilə bilər. Prezident göstəriş verir ki, sahibkarlığın inkişafı diqqətdə saxlansın, yeni iş yerləri açılsın. Amma bu cür əməllər əksinə, biznes mühitinə zərbə vurur, adamlar evinə çörək aparmaq imkanından məhrum edilir. SOCAR əməkdaşlarının özbaşınalığı nəticəsində bizə 100 min manata qədər ziyan dəyib".

SOCAR nə deyir

Dövlət Neft Şirkətinin Hüquq idarəsindən sahibkara göndərilən məktubda isə bildirilib ki, sözügedən ərazi Buzovna-Ramana magistral neft kəmərinin 11-ci kilometrliyində mühafizə zonası daxilində yerləşir: "Torpaq sahəsi ilə neft kəmərinin yaxın nöqtəsi 31.5 metr, uzaq nöqtəsi isə 35 metr təşkil edir. "İstismar olunan ixrac-neft boru kəmərlərinin mühafizə zonasının müəyyənləşdirilməsi Qaydaları"na əsasən, zədələnmə ehtimalının qarşısını almaq məqsədilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metr məsafədə mühafizə zonası müəyyən edilir".

İdarədən o da vurğulanıb ki, mühafizə zonalarında tikinti işlərinin aparılması qadağandır.

T.Babayevin vəkili Ceyhun Yusifov isə deyir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası 50 yox, 25 metrlik məsafə ilə məhdudlaşır: "Bu, hər bir halda, mülkiyyətə müdaxilədir. Məhkəmə qərarı olmadan kimsənin mülkiyyətinə toxunmaq olmaz. Birincisi, adamın əlində sənədləri var. İkincisi, qanunsuz olsa belə, öncə buna məhkəmə qərar verməlidir. SOCAR əməkdaşlarının bu hərəkətində Cinayət Məcəlləsinin bir neçə maddəsinin tərkibi var. Məsələn, özgənin əmlakını qanunsuz məhv etmə və s.".

Vəkil əlavə edib ki, dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldıracaqlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG