Keçid linkləri

Təcili xəbərlər
2019, 24 İyul, çərşənbə, Bakı vaxtı 04:19

Ölkəyə gəlir gətirməli olan SOCAR-ın borclarını ölkə ödəyir


Azərbaycanda hansı şirkətin 10 milyard manat borcu var?
Gözlə

No media source currently available

0:00 0:15:06 0:00

Azərbaycanda hansı şirkətin 10 milyard manat borcu var?

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-ın xarici borcu 10 milyard manata yaxınlaşır. Bu haqda SOCAR-ın 2019-cu il üzrə maliyyə hesabatında qeyd olunur.

Müstəqil ekspertlər bu qədər böyük məbləğdə borclanmanı təhlükəli sayırlar. Amma SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov deyir ki, biznesdə borclanma normal bir haldır. Əsas məsələ borcu qaytarmaq imkanlarının olmasıdır. Onun sözlərinə görə, SOCAR-ın belə bir problemi yoxdur:

“2015-ci il istisna olmaqla, SOCAR bütün illəri mənfəətlə başa vurub. Kənardan götürülən vəsaitlər aktivlərə, sərmayələrə yatırlır. Buna görə də aktivlərin artması, şirkətini borcunu da artır. Qaldı ki, borclanmaya, bu bütün şirkətlərdə normal bir haldır. Biznesdə normal bir təcrübədir. Kənardan vəsait cəlb olunub, sərmayə yatırılır”.

Ölkə üçün təhlükəli borc

Bu günlərdə SOCAR özünün 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Həmin hesabata görə, ötən il SOCAR-ın gəlirləri 18,6 milyard manat artıb, təxminən elə bir o qədər də xərcləri artıb.

İqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, hesabatda onun diqqətini ən çox SOCAR-ın 2018-ci ili gəlirlə başa vursa da, xalis mənfəətinin 800 milyon manat azalması olub. O deyir ki, normalda şirkətlərin gəlirləri artırsa, bu zaman mənfəət də artmalıdır. Amma SOCAR-da əksinə mənfəət azalır. Bu azalmanın səbəbi isə izah olunmur.

Millət vəkili Vahid Əhmədov da düşünür ki, SOCAR-ın bu qədər borclanması gələcəkdə problem yarada bilər və hökumət bu məsələnin üstünə düşməlidir:

“Ümumiyyətlə, 10 milyard manat olduqca böyük göstəricidir. Bu, SOCAR, eləcə də Azərbaycanın maliyyə sistemi üçün problemli bir məsələdir. Amma SOCAR dünya üzrə tanınmış bir şirkət olduğu üçün xarici ölkələrə sərmayələr yatırır. Yəqinki bu borclar da bununla bağlıdır. Əlbəttə, 10 milyard manat olduqca böyük rəqəmdir. Korrupsiya, rüşvət ehtimalları da var. Mən bununla bağlı mediada gedən yazıları da oxuyuram. Bununla bağlı dəqiq bir söz deyə bilmərəm, amma düşünürəm ki, borc olduqca böyükdür və bu məsələ araşdırılmalıdır”.

SOCAR-ın adı tez-tez korrupsiya iddialarında hallanır. SOCAR prezidentinin oğlu, qaynatası haqda müxtəlif illərdə jurnalist araşdırmaları olub.

Ən səs küylü araşdırma 2013-cü ildə Global Witness təşkilatı aparmışdı. Həmin araşdırmada iddia olunurdu ki, SOCAR neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb.

Bu işlər paylaşarkən tenderlər keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçilməsi müəmma olaraq qalır. SOCAR-ın ən azı 48 sövdələşməsində 1978-ci il doğumlu Anar Əliyevin adı keçir. Sonradan SOCAR, eləcə də Anar Əliyev özü yazıda deyilənlərin yalan olduğunu deyiblər.

Xirtdəyəcən borcu olanın investisiyaları

Bu günlərdə isə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu gündəmdədir. Onun İbizada 1.2 milyon avroluq saatının oğurlandığı iddia olunur. Amma SOCAR rəsmisi bu yayılan xəbərləri nə təkzib edib, nə də tənqid.

Müstəqil iqtisadçı Qulu İbrahimli deyir ki, SOCAR-ın öhdəlikləri 2012-ci ilin əvvəlinə 7,7 milyard manat idi, amma 2018-ci ilin sonunda bu borcun məbləği 38 milyard manatı ötüb. Yəni, 6 ildə 30 milyard manat artıb. Onun sözlərinə görə, SOCAR bu borc öhdəliklərini yerinə yetirə bilmir:

“Maliyyə hesabatlarının təhlili onu göstərir ki, SOCAR xarici kredit cəlbində çətinlik çəkir. SOCAR öz öhdəliklərini ödəyə bilmir, Dövlət Neft Fondundan, dövlət büdcəsindən vəsaitlər ödənir. SOCAR xaricdə, özəlliklə, də Türkiyədə sərmayə yatırmağa başlayandan bəri borclanıb. Amma ən maraqlısı odur ki, bu yatırılan sərmayələrdən gələn vəsait heç SOCAR-ın kreditlər üzrə faiz borcunu belə ödəyə bilmir".

Qulu İbrahimlinin sözlərinə görə, borcunu qaytarmaq üçün SOCAR Dövlət Neft Fondunun və dövlət büdcəsinin vəsaitlərindən istifadə etməyə məcbur qalır. Həm də SOCAR-ın Azərbaycan Dövlət büdcəsinə olan borcunun da ləğv olunması halları da var.

Məsələn, Nazirlər Kabineti 2018-ci ilin sentyabrında SOCAR-ın dövlət büdcəsinə 675,4 milyon manat məbləğində borcuni ləğv edib.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:

Bakı sakinləri neft pulları haqda danışır
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində göstərilib ki, SOCAR 2018-ci ildə – dövlət büdcəsinə 1,43 milyard manat vergi ödəyib. Amma büdcədən 1,49 milyard manat vəsait alıb. Yəni, büdcədən aldığı vəsait ödədiyi vergidən çox olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG