Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:18

Sobçak Navalnının seçkini boykota çağırışını tənqid edir


Kseniya Sobçak Kazanda seçki kampaniyası aparıb
Kseniya Sobçak Kazanda seçki kampaniyası aparıb

Rusiya prezidentliyinə namizəd, teleşou ulduzu və jurnalist Kseniya Sobçak prezidentliyə namizədliyi qeydiyyata alınmamış antikorrupsiya fəalı Aleksey Navalnının seçkini boykot etmək çağırışını tənqid edib.

O bu metodu “mənasız” adlanrırıb və deyib ki, onun namizədliyi müxalifət elementlərinin Rusiyanın siyasi qüvvələrinə nüfuz etməsinə kömək edə bilər.

Sobçak seçki kampaniyasının Kazan şəhərində keçirilən mərhələsində AzadlıqRadiosuna eksklüziv müsahibə verib. O qarşıdan gələn prezident seçkisində Kremlin oyununu oynadığına dair ittihamları rədd edib.

Sobçak deyib ki, o müxalifət elementlərinin bir partiyada birləşməsinə və hətta parlamentə daxil olmasına kömək edə bilər.

Sobçakın sadəcə olaraq Kremlin seçki oyununu oynadığını deyənlər, onun atası Anatoli Sobçakın vaxtilə prezident Putinin himayədarı və siyasət müəllimi olduğunu yada salırlar.

36 yaşlı Sobçak Rusiya cəmiyyətində bəzən “kübar xanım” adlandırılır. O ölkə televiziyalarının açıq-saçıq şoularında iştirak edib və bəzən ekranlarda sərxoş vəziyyətdə görünüb.

Buna baxmayaraq Sobçak Kremlin bəzi siyasətlərini kəskin tənqid edib. Məsələn o, Krımın Rusiya tərəfindən işğal olunduğunu bildirib. Tənqidçiləri isə deyirlər ki, bir çox başqaları belə bəyanatlara görə mühakimə olunduqları halda Sobçaka dəyib-dolaşan olmayıb.

Tənqidçilər habelə deyirlər ki, Sobçak bu seçkidə Navalnının “yumşaq” versiyası olmalıdır.

Navalnı namizədliyinin qeydiyyatından imtina ediləndən sonra tərəfdarlarını seçkini boykot etməyə çağırıb.

O habelə Sobçakın namizədliyini “qeyri-ciddi” adlandırıb.

Bəzi Rusiya siaysətçiləri deyirlər ki, Sobçak 18 mart seçkisində, 2012-ci il seçkisi zamanı milyarder Mixail Proxorovun oynadığı rolu oynamalı və Putinin seçki qələbəsinə legitimlik rəngi verməlidir.

Sobçak AzadlıqRadiosuna deyib ki, Rusiyada seçki boykotu heç bir fayda verə bilməz. Onun sözlərinə görə seçkidə seçicilərin 10 faizinin iştirakı da Putinin qələbəsini təmin edə bilər.

Sobçak bunu da deyib ki, o Navalnını “tam bir qəhrəman” hesab etsə də, onun taktikasını “intihar” kimi qiymətləndirir.

Sobçak bu barədə deyib: “Prezidentin ətrafındakı bandanın ixtiyarında külli məbləğdə pul, başqa resurslar, ordu və FTX və sair var. Onlarla üz-üzə mübarizə mümkündür, lakin intihar deməkdir. Mən həqiqətən də Navalnının həyatı üçün narahatlıq keçirirəm. Qüvvələr balansı heç də bərabar deyil…”

Sobçakın prezident seçkisinə namizəd kimi qatılacağı barədə şayiələr yayılanda Navalnı onun yalnız “liberal namizəd karikaturası” ola biləcəyini demişdi.

Kseniya Sobçakın özü isə namizədliyi barədə deyib: “Ola bilsin, Putin fikirləşir ki, bu bir qız uşağıdır, atasını da yaxşı tanıyıram. O heç də təhlükə təşkil etmir. O məni Navalnı ilə müqayisədə qorxulu rəqib saymır. Nə olar. Axırda görərik”.

Sobçakdan başqa 2018-ci ilin 18 martında Rusiyada keçiriləcək prezident seçkisinə namizəd kimi millətçi Vladimir Jirinovski, liberal Qriqori Yavlinski və kommunistlərin partiyasız nümayəndəsi, Moskva yaxınlığındakı çiyələk plantasiyasının direktoru Pavel Qrudinin qatılacaqlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG