Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 07:41

SMS-lə icazə ləğv edilir


SMS icazə

Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Bu barədə bugün, mayın 15-də Nazirlər Kabineti yanında Operativ qərargahdan məlumat verilib.

Qurum bildirib ki, bu qərar yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq verilib.

Məlumatda qeyd edilib ki, mayın 18-i saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə, yaxud iş yeri barədə arayışla tərk etmək sistemi ləğv olunur: "Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla)".

65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa götürülür

Eyni zamanda, mayın 18-dən bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olunmalıdır: "65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir...".

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:

• yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

• xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

• bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

• dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

• toy məclislərinin təşkilinin qadağan olunması;

• bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

• ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

• nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"arın fəaliyyətinin dayandırılması və s.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 303 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 2 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməyib). Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar. Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Rayonlarda (Abşeron istisna) SMS-lə icazə sistemi mayın 4-dən götürülüb.

XS
SM
MD
LG