Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:38

Smartfonunuzun ekranı özü-özünü təmir eləsə...


Smartfon
Smartfon

Mobil telefonunuz əlinizdən düşür və ekranı çatlayır. Bu zaman iki yolunuz var: ya telefonu təmirə verirsiz, ya da yenisini alırsız.

Üçüncü seçim istəməzsiz?

Kaliforniya Universitetinin kimyaçıları özünü bərpa edə bilən ekran materialı kəşf ediblər. Bu barədə «Business Insider» saytı yazır.

CAZİBƏ QÜVVƏSİ

Tədqiqatçılar material üzərində bir neçə sınaq aparıblar, onun parçalanmış hissələrdən özünü bərpa etmək qabiliyyətini yoxlayıblar. Materialı yarı bölüblər, 24 saat içində özü özünü bitişdirib. Bu haqda sayta tədqiqata rəhbərlik etmiş kimyaçı Chao Wang danışıb.

Orijinal ölçüsündən 50 dəfə çox uzana bilən material dartınan polimer və ion duzundan hazırlanıb. Tərkibindəki bağlayıcı element ion-dipol əlaqəsi (ion-dipole interaction) adlanır ki, bu da yüklənmiş ionlarla polyar molekullar arasındakı qüvvədir. Yəni, material sınanda, yaxud çatlayanda, ionlar və molekullar bir-birini cəzb edir və material birləşir.

Sayt yazır ki, ilk dəfədir alimlər elektriki keçirən və özünü bərpa edən material hazırlayıblar. Yəni, bu materialdan həm smartfon ekranlarında, həm də batareyalarda istifadə etmək olacaq, - Wang deyir.

EKRANLARDA VƏ BATAREYALARDA

«G Flex» tipli LG telefonlarının arxasında özübərpaolunan oxşar material yerləşdirilir. Amma bu material elektrik keçirmir və istehsalçılar ondan ekran düzəldə bilmirlər. Əksər telefon ekranlarının içində elektrodlar yerləşir və onlara barmaqla toxunanda, mobilə nə istədiyimizi demiş oluruq.

Wang proqnozlaşdırır ki, bu yeni materialdan 2020-ci ilədək telefon ekranlarında və batareyalarda istifadə olunacaq.

Komanda tədqiqatını aprelin 4-də Amerika Kimyaçılar Cəmiyyətində təqdim edib.

«Özübərpaolunan materialların praktikada tətbiqi real görünməyə bilər, amma inanıram ki, tezliklə mobil telefonlarda peyda olacaqlar. Üç il ərzində bazara daha çox oxşar məhsul çıxarılacaq və həyatımız dəyişəcək. Mobil telefonlarımız indikindən daha yaxşı işləyəcəklər», – Wang belə söyləyir.

XS
SM
MD
LG