Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Prezident üstündə 'jurnalistlər üçün' yazılmış Kalaşnikov gəzdirirsə…


Jan Kuciak və onun sevgilisi Martina Kusnirovanın xatirəsi Avropa boyunca anılıb
Jan Kuciak və onun sevgilisi Martina Kusnirovanın xatirəsi Avropa boyunca anılıb

On minlərlə slovak 27 yaşlı təhqiqat jurnalistinin və onun yoldaşının ötən həftə törədilmiş qətlinə etiraz olaraq küçələrə çıxıb.

Slovakiyanın paytaxtı Bratislavada 25 minlik izdihamın qarşısında çıxış edən prezident Andrej Kiska hamını Jan Kuciak və onun sevgilisi Martina Kusnirovanın xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Onların meyitləri fevralın 25-də Bratislavanın şərqindəki Velka Macadakı evlərində tapılıb. Onların ikisi də güllələnib.

Əhalisi 5, 4 milyon olan Avropa İttifaqı ölkəsinin başqa 25 şəhər və qəsəbəsində, habelə London, Paris və Brüsseldə də minlərlə insan yadetmə və etiraz nümayişinə çıxıb.

Slovakiyanın baş naziri Robert Fico (sağda)
Slovakiyanın baş naziri Robert Fico (sağda)

Kütlələr qətlə yetirilmiş jurnalistin şəkilləri ilə yanaşı “Mən qəzəbliyəm”, “Mafiya, mənim ölkəmdən rədd ol!” və “jurnalistə qəsd - hamımıza qəsddir” şüarları yazılmış plakatları gəzdirirdilər.

Kuciak-ın son və tamamlanmamış yazısı şərqi Slovakiyada İtaliya mafiyasının əməllərindən və mafiyanın baş nazir Robert Fico ilə bağlarından bəhs edirdi.

Bu qətllərin ardınca Fico-nun koalisiya partnyorları hökumətdəki vəzifəli rəsmilərin istefasını tələb ediblər.

Slovak polisi jurnalistin qətli ilə bağlı indiyədək 7 şübhəlini həbs edib.

Bu yeddi şübhəlini şərqi Slovakiyanın müxtəlif yerlərində keçirilmuiş reydlərin gedişində həbs ediblər.

Slovakiya polisinin rəisi Tibor Gaspar saxlananların adlarının baş hərflərini açıqlayıb və bu baş hərflər Kuciak-ın son reportajında bəhs edilən İtaliya biznesmenlərinin adlarına uyğun gəlib.

Gaspar deyib ki, həbs olunanlardan biri də Antonino V adlı şəxsdir…

Slovakiyanın biznes reyestrinə görə İtaliya biznesmeni Antonino Vadala Mariya Troskova ilə birlikdə bir firmaya sahiblik edib. Troskova keçmiş model və Fico-nun köməkçisidir.

Kuciak-ın son məqaləsində adları olan Troskova və ölkə Təhlükəsizlik Şurasının katibi fevralın 28-də istintaq başa çatanadək istefa veriblər. Onların hər ikisi təqsirsiz olduqlarını iddia edirlər.

Martın 2-də İtaliyanın keçmiş antimafiya prokuroru Franco Roberti deyib ki, İtaliya prokurorları Slovakiya hakimiyyət orqanlarına qüdrətli “Ndrangheta” mütəşəkkil cinayətkar sindikatının ölkəyə “təhlükəli” filtrasiyası barədə xəbərdarlıq etmişdilər.

Franco Roberti İtaliya radiosuna deyib: “Biz Bratislavadakı hakimiyyət orqanlarını məlumatlandırmışdıq, amma təəssüf ki, onlar “Ndrangheta” sindikatının Slovakiyaya ekspansiya etməsi barədə xəbərdarlığa əhəmiyyət verməyiblər”.

Roberti deyib ki, İtaliyanın cənubunda bazalanan “Ndrangheta” təhqiqat jurnalisti Jan Kuciak və onun yoldaşını öldürə bilərdi, çünki jurnalistin başqa cür susdurulması mümkün deyildi.

Bu arada qlobal Sərhədsiz Reportyorlar təşkilatı martın 2-də Avropa İttifaqı liderlərinə xəbərdarlıq edərək onları Kuciak-ın qətlinin ardınca jurnalistlərin təhlükəsizliyini sarsıtmamağa çağırıb.

Slovak jurnalistin qətlindən bir neçə ay əvvəl başqa bir təhqiqat jurnalisti, Daphne Caruana Galizia öz avtomobilində partladılaraq qətlə yetirilmişdi. O da öz yazılarında Maltadakı mütəşəkkil cinayətkarlıq və korrupsiyanı faş edirdi.

Hər iki işi aparan müstəntiqlər cinayətlərin mütəşəkkil sindikatlarla əlaqəsini araşdrırlar, lakin Sərhədsiz Reportyorlar təşkilatı bildirir ki, bəzi Avropa İttifaqı liderləri jurnalistlərin adını ləkələməklə onları təhlükədə qoyurlar.

Təşkilatın baş katibi Christophe Deloire deyib ki, hökumət başçıları da daxil bəzi Avropa siyasətçiləri jurnalistlər üçün “dözülməz şərait” yaradıblar.

Deloire habelə bildirib ki, o martın 2-də Bratislavada Fico ilə görüşündə onu “jurnalistləri ictimaiyyət qarşısında təhqir etdiyinə görə “aydın təəssüf ifadə etməyə” çağırıb.

Çexiya prezidenti Milos Zeman
Çexiya prezidenti Milos Zeman

Deloire deyib: “Jurnalistlərin təhqir edilməsi, jurnalistikanın legitimliyinin yüksək vəzifəli rəsmilər tərəfindən inkar edilməsi jurnalistlər üçün təhlükəli vəziyyət yaradır”.

Lakin bu görüşdən sonra Fico-nun ofisi bəyan edib ki, baş nazirə üzr istəmək çağırışı edilməyib.

Fico bir dəfə jurnalistlərə demişdi ki, onlar “murdar anti-Slovakiya fahişələri və miskin, axmaq kaftarlar və sürüşkən ilanlardır”.

Sərhədsiz Reportyorların baş katibi habelə Mərkəzi Avropanın bəzi başqa liderlərini, Çexiya prezidenti Milos Zemanı, Macarıstan və Polşada media üçün düşmən atmosfer yaratmış hökumətləri tənqid edib.

Deloire ötən oktyabrda baş vermiş hadisə barəsində danışarkən deyib ki, “Çexiya prezidenti mətbuat konfransına üstündə “jurnalistlər üçün” yazılmış oyuncaq Kalaşnikov avtomatı ilə gəlmişdi”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG