Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Keçmiş casusun başına gələndə 'Moskvanın əli varsa', Londonun cavabı sərt olacaq


Britaniyanın xarici işlər naziri Boris Johnson
Britaniyanın xarici işlər naziri Boris Johnson

Britaniyanın xarici işlər naziri Boris Johnson bəyan edib ki, keçmiş Rusiya casusu və onun qızının qəfil xəstələnməsinin arxasında hər hansı xarici hökumətin dayandığı aydın olarsa, Londonun reaksiyası “qətiyyətli” olacaq. Nazir deyib ki, Birləşmiş Krallığın torpağında kiminsə həyatına qəsd cəzasız qalmayacaq.

Martın 6-da parlament qarşısında çıxış edən Johnson bildirib ki, İngiltərənin Salisberi şəhərində baş vermiş insidentdə Moskvanın əli aşkarlanarsa, Britaniya Rusiyaya qarşı sanksiyalarını artıra və bu yay keçiriləcək Dünya Kuboku yarışından imtina edə bilər.

Boris Johnson deyib: “Biz hələ Salisberidə dəqiqliyi ilə nə baş verdiyini bilmirik, amma əgər vəziyyət göründüyü qədər pisdirsə, bu bizim Rusiyadan görə biləcəyimiz cinayətlər silsiləsində daha bir cinayət sayılacaq”.

Sergey Skripal və onun qızı Yulia Skripal Salisberidəki ticarət mərkəzinin yanındakı skamyada huşsuz vəziyyətdə tapıldıqdan sonra kritik durumda olaraq qalırlar. Polisin şübhələrinə görə onların xəstəliyinə hansısa kimyəvi maddə səbəb olub.

Johnson parlamentə deyib: “Əgər burada hər hansı dövlətin məsuliyyəti aşkar olarsa, əlahəzrətin hökuməti müvafiq və qətiyyətli cavab verəcək. Mən indi heç kimə barmaq tuşlamıram. Mən bütün dünyadakı dövlətlərə müraciət edərək bildirirəm ki, Birləşmiş Krallığın torpağında kiminsə məsum həyatına qəsd sanksiyasız və ya cəzasız ötüşməyəcək”.

Nazir bildirib ki, bu insidentə Rusiya hökumətinin qarışacağının aşkara çıxması, hazırda Ukrayanadakı təcavüzünə və başqa bəd əməllərinə görə Avropa İttifaqı və Birləşmiş Ştatların sanksiyaları altında olan Moskvaya qarşı yeni sanksiyalarla nəticələnə bilər.

Boris Johnson daha sonra deyib: "Əgər şübhələrin əsası olduğu bilinərsə, bu o demək olacaq ki, biz sanksiya rejiminə və başqa tədbirlərimizə yenidən baxa bilərik. Aydındır ki, üzr istəyirəm, Rusiya bir çox mənalarda şər və pozucu qüvvədir və Birləşmiş Krallıq bütün dünyada belə fəaliyyətə əks-tədbir görmək istəyir”.

Dünya çempionatına gəlincə isə xarici işlər naziri deyib ki, “şübhələr doğrularsa, Birləşmiş Krallığın bu tədbirdə iştirakını çətin təsəvvür etmək olar”.

***

Sergei Skripal-la bir skamyada huşsuz vəziyyətdə tapılmış qadın onun qızıdır. Bu xəbəri BBC yayıb.

33 yaşlı Yulia Skripal və atası, 66 yaşlı Sergei hazırda reanimasiya şöbəsindədirlər.

Britaniya polisi onların niyə kritik duruma düşməsinin səbəbini araşdırır.

***

Rusiyanın keçmiş casusu Sergei Skripal-ın qəfil və bərk xəstələnməsini araşdıran Britaniya polisi “dövlətə təhlükənin mümkünlüyünü də yaxşı başa düşür”. Bunu ölkənin antiterror idarəsinin rəhbəri deyir.

Mark Rowley martın 6-da bildirib ki, “şahidlərlə danışırıq, hadisə yerindən nümunələr götürürük, toksikoloji iş aparırıq və bu bizə cavab almağa kömək edəcək”.

Yadda saxlayaq: Rusiyadan mühacirlər ölməz deyillər, hamı ölür və konspirologiya nəzəriyyələrinə tendensiya yarana bilər. Ancaq eyni zamanda dövlətə təhlükənin mümkünlüyünün məsuliyyətini də anlayırıq”, – o, BBC radiosuna deyib.

Kremlin Britaniyadakı insidentə reaksiyasına gəlincə, prezident Vladimir Putin-in sözçüsü bunu “faciəvi durum” adlandırıb, Moskvanın Britaniya hakimiyyəti ilə əməkdaşlığa hazır olduğunu deyib.

Moskva əməkdaşlığa həmişə hazırdır”, – sözçü Dmitry Peskov martın 6-da deyib və Rusiyanın belə bir xahiş almadığını sözlərinə əlavə edib.

***

Martın 6-da Britaniya mediasının keçmiş rusiyalı casus adlandırdığı şəxs və onunla birlikdə tapılmış qadın hələ də reanimasiya şöbəsindədir. Britaniya hüquq-mühafizə orqanları araşdırma başlandığını bildirib.

Polis rəsmisi Craig Holden deyib ki, həmin şəxslərin niyə huşsuz vəziyyətdə tapılmalarının səbəbini araşdırırlar.

“SPEKULYASİYA ETMƏYİN”

Holden medianı Sergey Skripal-ın durumunun sui-qəsd nəticəsi olması qənaətinə gəlməməyə çağırıb.

Bu, əksterror insidenti elan edilməyib və adamları spekulyasiya etməməyə çağırırıq. Ancaq onu da vurğulayım ki, açıq beyinlə bu mövqeyi də nəzərdən keçiririk”, – o vurğulayıb.

Martın 6-da səhər Salsberi şəhərinin bəzi hissələri bağlanıb, fövqəladə xidmət əməkdaşları həmin ərazilərdə çalışıblar.

Skripal-ın Salsberidəki evini ətrafında da polis maşınları görünüb.

Milli səhiyyə xidməti pasiyentlər barədə məhdud informasiyası olduğunu, amma “ictimai təhlükəsizliyə risk olmadığını” bildirib.

Britaniyadakı bəzi rusiyalı ekspertlər Skripal-ın daha bir sui-qəsd qurbanı olmasndan danışmağa başlayıblar.

Ancaq Londonda “Royal United Services” İnstitutunun baş araşdırmaçı əməkdaşı Igor Sutyagin “Associated Press” agentliyinə deyib ki, Moskvanı suçlamaqdan ötrü yetərincə dəlil yoxdur. O, 2010-cu ilin iyulunda Skripal kimi casus dəyişdirilməsi əməliyyatı zamanı azad edilib.

“Qərbə qaçan xeyli sayda keçmiş təhlükəsizlik əməkdaşları var. Amma bu informasiyanı balanslaşdırmaq lazımdır”, – o deyib.

***

Britaniyadan alınan xəbərlərdə deyilir ki, naməlum maddə ilə təmasdan sonra kritik xəstələnmiş şəxs Rusiya casusu olduğu iddia edilən Sergey Skripaldır.

Britaniyanın hakimiyyət orqanları onun kimliyini açıqlamasa da, Britaniya mediası martın 5-də bu şəxsin Skripal olduğunu bildirib. O Rusiyada dövlət sirlərini Britaniyaya ötürməkdə ittiham edilib və2006-cı ildə 13 il müddətinə azadlıqdan məhrum olunub.

Pensiyaya çıxmış 66 yaşlı kəşfiyyat polkovniki Skripal 2010-cu ildə ABŞ-ın 10 casusu ilə dəyiş-düyüşdə azad edilmiş 4 məhbusdan biridir.

Bundan əvvəl Britaniya polisi martın 4-də qərbi İngiltərədəki, Salisberi şəhərinin ticarət mərkəzində 60 yaşlarında bir kişi və 30 yaşlarında bir qadını skamyada huşsuz vəziyyətdə tapdıqdan sonra “böyük insident” baş verdiyini elan etmişdi.

Onların “naməlum maddə ilə təmasdan sonra” müalicə edildikləri, lakin vəziyyətlərinin kritik olduğu xəbər verilmişdi.

BBC xəbər verib ki, Skripal və sözü gedən qadın Salisberi xəstəxanasının reanimasiya şöbəsindədirlər.

Britaniyanın Milli Səhiyyə Xidməti – NHS bildirib ki, hazırda sözü gedən pasientlərə aid çox az məlumata malikdir, amma “ictimaiyyətin sağlamlığı üçün ciddi təhlükənin olduğu düşünülmür”.

Kimyəvi maddənin nədən ibarət olduğu barədə dəqiq məlumat yoxdur, amma təcili yardım xidmətləri söhbətin güclü narkotik maddə sayılan sintetik fentanildən getdiyini güman edirlər.

Skripal 2004-cü ilin dekabrında Moskvada həbs edilmiş və 2006-cı ilin avqustunda hərbi tribunal tərəfindən “casusluq şəklində dövlət xəyanəti” ittihamı ilə məhkum olunmuşdu.

O Avropada məxfi işləyən Rusiya kəşfiyyat agentlərinin kimliklərini Britaniya Məxfi Kəşfiyyat Xidmətinə ötürməkdə və əvəzində 100 min dollar almaqda təqsirli bilinmişdi.

Rusiya Təhlükəsizlik Xidməti (FTX) iddia edir ki, Skripal artıq 1990-cı illərdən Britaniyanın MI6 məxfi xidmətinə işləyib.

O vaxt məlumat verilirdi ki, Skripal təqsirini boynuna alıb.

2006-cı ildə keçmiş FTX zabiti Aleksandr Litvinenkonun ölümü London və Moskva arasındakı münasibətləri korlayıb.

Britaniya müstəntiqləri Litvinenkonun ölümündə Rusiya Dövlət Dumasının deputatı, keçmiş casus Andrey Luqovoyu ittiham edirlər. Onların fikrincə Litvinenko otelə Luqovoy və Kovtun tərəfindən gətirilmiş polonium maddəsi ilə zəhərlənib.

Moskva bu istintaqı “yayğın” və “siyasi motivli” adlandırmışdı.

Kovtun və Luqovoy bütün London boyunca radioaktiv polonium izi qoyduqlarına baxmayaraq bu ölümlə əlaqələrini inkar edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG