Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:01

Sürüşdükcə yaxınlaşan evlər


Sürüşmə
Sürüşmə

«Evlər sürüşə-sürüşə bir-birinə yaxınlaşıb. Hamısı köhnə evlərdir, divarlar cadar-cadar olub».

Siyəzənin Sədan kəndindəki evlər torpaq sürüşməsinə məruz qalıb. Bir aydan çoxdur ki, sürüşmə prosesi sürətlənib və bu, sakinləri qorxuya salıb.

«SÜRÜŞMƏYƏN EV TAPMAZSAN»

Kənd sakini Yusif Məmmədov bu həyəcanı yaşayan ev sahiblərindən biridir. Deyir, bu ilin aprelində sürüşmə daha aktiv olub:

«Burda sürüşməyən ev tapmazsan. Ərazi sürüşmə ərazisidir. Əvvəllər də olub, ancaq son vaxtlar lap güclü sürüşmə gedir. Evlərin dağılma təhlükəsi var, bunu hökumət nümayəndələri də gəlib, görüb, təsdiqləyiblər».

Sürüşmənin güclənməsinə səbəb iki ildir ki, ərazidə leysanın çoxalmasıdır. Yağış torpağı yuduqca altında yaranan boşluqlar sürüşməyə səbəb olur:

«Son iki ildə güclü yağışlar ara vermir. Hətta sürüşüb həyətlərə dağılan torpaq parçaları tövləmizi uçurdub. Kənddə tövləsi, hini, həyətdəki başqa yardımçı otaqları torpaq parçaları altında qalanlar var. Üç ev yerli-dibli dağılıb. Halbuki, həmin evlərin sahibləri tədbir görülməsi üçün vaxtında müraciət etmişdilər. İndi yazıqlar çadırda qalırlar. Bu hökumətin əlindən gələn yalnız odur ki, evi dağılana çadır qursun».

Sürüşən Masazırda səksəkədə yaşayanlar
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

ÇATLAR ARASINDAKI MƏSAFƏ BÖYÜYÜR

Çadıra köçürülən ailələrsə ötən ay soyuqdan, bu ay isti havalarda peyda olan ilanlardan qorunmağın yolunu qohum evinə sığınmaqda görüblər.

Siyəzənin Sədan kəndində üç ev tamamilə çöküb. Yaşayış üçün təhlükəli olduğundan Fövqəladə Hallar Nazirliyi ailələrə çadır verib. 50-dən çox evdə çatlar əmələ gəlib. Çatlar arasında məsafə hər gün daha da böyüyür.

Kənd sakini Arif Abışov evin divarlarındakı iri çatlardan otaqlara soyuq və qurd-quş dolmasın deyə, divarlara taxta parçaları vurub:

«Evdə körpə uşaqlar var, kənd yeridir, ilandan, kərtənkələdən qorunmaq üçün neçə aydır ki, aralanan divarları taxta parçaları ilə bağlamışam. Hökumətdən kömək istəyirəm».

«DURUM NƏZARƏTDƏDİR»

Sakinlər deyir, kənddə azı 50 ev sürüşməyə məruz qalıb. Tədbir görülməsə, həmin evlərin sakinlərini də çadır həyatı gözləyə bilər. Kömək dedikdə isə, sakinlər ya köçürülmələrini, ya da torpaq sürüşməsinin qarşısının alınmasını nəzərdə tuturlar.

Siyəzən rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, sürüşmənin aktivləşdiyi Sədan kəndində durum nəzarətdədir:

«Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri kənddə olublar, sürüşmə nəticəsində zərər çəkmiş evləri siyahıya alıblar. Evi tamamilə dağılmış ailələrə ev tikilib veriləcək».

Sədan kəndi dağətəyi ərazidə yerləşir. Əhalisi 700 nəfəri ötən kənddə Sədan qalası və Qara-Dindar qalası var. Sakinlər həmin qalalara da sürüşmə təhlükəsi olduğunu bildirirlər. Lakin icra hakimiyyəti təkzib edir.

XS
SM
MD
LG