Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Ötən il siyasi partiyaların gəliri nə qədər olub?


Ölkədə əsas müxalifət partiyalarından sayılan Müsavat Partiyasının 2021-ci ildəki toplam gəliri 5 min 100 manat olub.
Ölkədə əsas müxalifət partiyalarından sayılan Müsavat Partiyasının 2021-ci ildəki toplam gəliri 5 min 100 manat olub.

Siyasi partiyaların maliyyələşdirilmə durumu

"Siyasi partiyalar haqqında" Qanuna görə, siyasi partiyalar hər il, ən geci, aprelin 1-də auditor rəyi ilə birlikdə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK-ya) təqdim etməlidir. İndi Azərbaycanda dövlət qeydiyyatına alınan 58 siyasi partiya fəaliyyət göstərir. Bugünədək onlardan yalnız 39-unun ötən il üzrə maliyyə hesabatı MSK-nın saytında yerləşdirilib. Başqa deyimlə, 19 siyasi partiya maliyyə hesabatını vaxtında təqdim etməyib.

Siyasi partiyalar haqqında qanuna görə, hər il dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara maliyyə yardımı ayrılır. Bu yardımın göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat nəzərdə tutulmuşdu. Qanuna görə, dövlət büdcəsindən ayrılan vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Parlamentdə təmsil olan partiyalara ayrılan vəsaitin 50 faizlik hissəsi isə Milli Məclisin say tərkibinə (125-ə) bölünür və alınan məbləğ Milli Məclisdə təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulur. Bu şəkildə müəyyənləşdirilən məbləğ həmin siyasi partiyalara ayrılır. Büdcədən ayrılan vəsaitin yerdə qalan 10 faizlik hissəsinin 5 faizi Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin ən azı 3 faizini qazanmış, ancaq Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara, digər 5 faizi isə Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, eləcə də fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara (hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə) ayrılması nəzərdə tutulub.

Cəmi iki partiyanın birdən çox deputatı var

Hazırda ölkədə parlamentdə 11 siyasi partiya təmsil edilib. Toplam 125 yerlik Azərbaycan parlamentində yerlərin 69-u, yəni bütün yerlərin 55 faizi iqtidardakı Yeni Azərbaycan Partiyasına (YAP) məxsusdur. Parlamentdə ikinci ən çox yer tutan partiya Vətəndaş Həmrəyliyi Partiyasıdır. VHP-nin parlamentdə üç üzvü var. Ana Vətən, Demokratik İslahatlar, Azərbaycan Demokratik Maarifçilik, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Cəbhə, Vəhdət, Vətəndaş Birliyi və Respublikaçı Alternativ partiyaları isə Milli Məclisdə bir nəfərlə təmsil olunur.

Hazırda parlamentdə yeddi yer boşdur və cəmi 118 deputat fəaliyyət göstərir. 2020-ci il fevralın 9-dakı seçkilərdən sonra MSK dörd dairədə qeydə alınan qanunsuzluqlar ucbatından seçki sonuclarını ləğv etmişdi. Çingiz Qənizadə, Hadı Rəcəbli, Rauf Arifoğlu və Hüseynbala Mirələmovun ilk öncə qalib gəldiyi açıqlansa da, sonradan həmin dairələrin nəticələri etibarsız sayılmışdı. Deputat Fəttah Heydərovsa parlamentə seçiləndən yarım il sonra 82 yaşında vəfat etmişdi. Yeni Azərbaycan Partiyasını təmsil edən digər bir deputat Eldəniz Səlimov polis əməkdaşını döydüyü üçün 3 il 6 aylıq həbs cəzası almış və beləcə, deputat mandatını itirmişdi. Parlamentdəki yeri boş qalan sonuncu şəxs isə Şahin Seyidzadə olub. 2020-ci ildə ilk dəfə deputat adını qazanan Şeyidzadə bu ilin martında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə rəis təyin edildiyindən parlament üzvlüyündən azad olunub.

YAP-ın gəliri 1 milyon manat artıb

Hər il olduğu kimi, ötən il də hakim Yeni Azərbaycan Partiyasının ilboyu gəlirlərinin həcmi hesabat təqdim edən digər bütün partiyaların toplam gəlirindən yüksəkdir. 2021-ci ildə iqtidar partiyasının toplam gəliri 13 milyon 156 min manat olub. Bu, biröncəki illə müqayisədə 1 milyon manata yaxın artım deməkdir. Partiya gəlirlərinin 84 faizi, yəni 11 milyon manatı üzvlük haqları hesabına formalaşıb. Partiyanın saytındakı məlumata görə, YAP-ın hazırda 761 min nəfərə yaxın üzvü var. Bu, ölkədə 18 yaşdan yuxarı əhalinin təxminən hər 10 nəfərindən biri deməkdir. Ötən il ərzində partiya üzvlərinin sayı 10 min nəfərə yaxın artıb. Partiyanın ötən il dövlət büdcəsindən əldə etdiyi vəsaitin həcmi isə 1 milyon 888 min manat həcmində olub.

Partiyanın bu yaxınlarda qəbul etdiyi qərarda YAP üzvləri üçün üzvlük haqlarının aylıq minimum məbləği müəyyənləşmişdi. Bu, "Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası"nda əksini tapıb. Partiyada üzvlük haqları aşağıdakı qaydada hesablanır:

- muzdla işləyən, habelə haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilən partiya üzvləri üçün - aylıq əməkhaqqının 1 faizi;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olan partiya üzvləri üçün - minimum aylıq əməkhaqqının 2 mislinin 1 faizi; Yəni hazırda minimum əməkhaqqı 300 manat olduğu üçün 6 manat;

- mülki-hüquqi xarakterli müqavilələrlə və özünüməşğulluğun digər formaları üzrə işləyən partiya üzvləri üçün - minimum aylıq əməkhaqqının 1 faizi, yəni 3 manat;

- sosial ödəniş (əmək pensiyası, ünvanlı dövlət sosial yardımı, sosial müavinət, təqaüd və s.) alıb-almamasından asılı olmayaraq qazanc (gəlir) gətirən hər hansı fəaliyyətlə məşğul olmayan (işləməyən) partiya üzvləri, o cümlədən ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar üçün – könüllülük əsasında.

2021-ci ildə partiyanın toplam xərclərinin həcmi 10 milyon 649 min manat olub. Bu vəsaitin 90 faizə yaxını, yəni 9 milyon 195 min manatı siyasi partiyanın saxlanmasına və informasiya təminatına sərf edilib. Bu istiqamətdəki xərclər 2020-ci illə müqayisədə 2 milyon manata yaxın artıb.

İlk iki partiya arasında 51 dəfə fərq var

Ölkədəki siyasi partiyaların gəlirləri arasındakı fərqin nə qədər kəskin olmasını iqtidar partiyası və parlamentdə ən çox üzvü olan ikinci partiyanın gəlirləri arasındakı fərqdən də görmək olar. YAP-dan sonra parlamentdə ən çox üzvlə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının 2021-ci ildəki toplam gəlirlərinin həcmi cəmi 256 min manat olub. Bu, hakim partiyanın gəlirlərindən 51 dəfə az göstəricidir. Onu da nəzərə almaq lazımdır ki, VHP-nin gəlirlərinin 100 faizi dövlət büdcəsindən ayrılan vəsait hesabına formalaşıb. Yəni partiyanın dövlət büdcəsindən başqa heç bir gəliri olmayıb.

Parlamentdə bir deputatla təmsil olunan Respublikaçı Alternativ (REAL) Partiyasının 2021-ci ildəki toplam gəliri 206 min 328 manat olub. Partiya ötən il dövlət büdcəsindən 206 min 283 manat alıb. Daha 45 manat partiyanın büdcəsinə ianə edilib. Ötən il partiyanın toplam xərcləri 179 min 316 manat olub. Həmin vəsaitin 73 min manatı partiyanın saxlanmasına, 337 manatı ictimaiyyətlə əlaqələrə, 16 min manatı alt təşkilatlara sərf edilib. Partiya yekunda ili 27 min manat mənfəətlə başa vurub.

Ölkədə əsas müxalifət partiyalarından sayılan Müsavat Partiyasının 2021-ci ildəki toplam gəliri 5 min 100 manat olub. Partiya həmin vəsaitin 4 min 300 manatını üzvlük haqqı, 800 manatını isə ianələr şəklində əldə edib. Hesabatını açıqlayan və parlamentdə təmsil olunmayan digər partiyalar il ərzində ya, ümumiyyətlə, heç bir gəlir əldə etməyib, ya da ən yaxşı halda bir neçə min manatlıq büdcəyə sahib olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG