Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Siyasi fəal Facebook-a görə həbs olunduğunu deyir


Şakir Məmmədov
Şakir Məmmədov

Azərbaycan Demokratiya və Rifah Hərəkatının Ali Məclis üzvü Şakir Məmmədov həbs olunub. O, polisə müqavimətdə ittiham olunaraq, barəsində 15 günlük inzibati həbs qərarı çıxarılıb.

Həbs qərarını aprelin 6-da Sumqayıt Şəhər Məhkəməsində hakim Elçin Məmmədov çıxarıb.

Polislər iddia ediblər ki, aprelin 6-da küçədə gedərkən Şakir Məmmədov ünvansız söyüş söyüb. Ona yaxınlaşaraq, maskasız və əlcəksiz gəzməyini irad tutublar. Bu zaman Şakir Məmmədov onlara itaətsizlik göstərib.

Şakir Məmmədov isə bu barədə deyilənlərin və inzibati xətaya dair protokolda yazılanların yalan olduğunu söyləyib.

O bildirib ki, SMS-lə icazə alaraq, aptekə getmək üçün həyətə düşəndə polislər onu saxlayıb, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə idarəyə aparıblar.

“Mən bugünlərdə Facebook səhifəmdə status yazmışdım ki, karantin günlərində insanlar işləmədiyinə görə dolana bilmirlər. Ona görə dövlət yardım eləməlidir. Bölmədə rəis tələb etdi ki, o statusu silim. İmtina elədim. Özləri silmək istəyəndə gördülər ki, telefona giriş kodu var. Mən kodu deməkdən imtina etdim. Haqqımda protokol tərtib elədilər ki, guya küçədə söyüş söymüşəm. Oradan da məhkəməyə gətirdilər”, – Şakir Məmmədov belə deyib.

Şakir Məmmədovun vəkili Fariz Namazlı AzadlıqRadiosu-na bildirib ki, Sumqayıt şəhər Məhkəməsinin 15 günlük həbs qərarından apellyasiya şikayəti veriləcək.

Xatırlatma

Azərbaycan da, dünyanın bir sıra ölkələri kimi, yeni koronovirusun yayılmasını önləmək üçün məhdudlaşdırıcı tədbirlər görür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metronun fəaliyyəti dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

Dünən, aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

Ölkədə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfərin müalicə olunaraq sağaldığı, 7 nəfərin vəfat etdiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG