Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Həqiqət Sosialist Hərəkatın üzvünün saxlandığı bildirilir-yenilənib


Fəal polisdə təzyiqə məruz qaldığını bildirir

Həqiqət Sosialist Hərəkatın üzvü Ənvər Cəlilov dünən, yanvarın 31-də cərimə olunaraq polis bölməsindən sərbəst buraxıldığını deyir. O, yanvarın 30-da divara poster yapışdırandan sonra saxlandığını söyləyir.

Ə. Cəlilovun “ Turan” agentliyinə bildirməsinə görə, onu Bakının Xətai rayonun ərazisində fevralın 9-da keçiriləcək Milli Məclisə seçkiləri boykot etməsi ilə bağlı poster yapışdıran zaman Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) işçiləri saxlayıb: "Divara boykot posteri yapışdıranda mənə mülki geyimdə bir neçə nəfər yaxınlaşdı, fikirləşdim ki, polisdirlər və qaçmağa başladım. Məni 7-8 nəfər tutdu. Məlum oldu ki, bunlar polis əməkdaşları yox, MKİS işçiləridir. Məni MKİS-ə aparıb polisə zəng vurdular. Bir müddət sonra polislər gəlib məni Xətai Rayon 36-cı Polis Bölməsinə apardılar".

“"Arxanda kim var", "pul kimdən alırsınız" suallarını verdilər”

Fəalın iddiasına görə, o polis bölməsində mənəvi və fiziki təzyiqlərə məruz qalıb: "Bölməyə gətiriləndə ordakılar saxlanmanın səbəbini soruşdular, izah etdim. Normal danışdıq. Lakin 10-15 dəqiqədən sonra başladılar söyməyə, şillələməyə, hər cür ağır ifadələrdən istifadə edirdilər. Başqa yerə yox, ancaq sifətimə vururdular, ağzımı qanatdılar. Bu proses iki saata yaxın çəkdi. Döyüb başlayırdılar söhbət etməyə. Xoşlarına gəlməyən söz eşidən kimi yenə döyməyə başlayırdılar. Sonra məni rəisin yanına apardılar. Əvvəl normal danışsa da, sonra başladı təhqir etməyə. Oradan rəis müavinin yanına apardılar. O məndən normal şəkildə posterlərin hansı məqsədlə yapışdırdığım, seçkiləri niyə boykot etməyim haqqında soruşdu. Hamı gedəndən sonra, məni nəzarət otağına saldılar. Səhərə qədər orada qaldım. Səhər saat 9-da məni Xətai Rayon Polis İdarəsinə apardılar. Orada bəzi polislər digərlərinə deyirdi ki, "aparın onu aşağı, həyatı başa salın", amma mənə dəymədilər və yarım saat qalandan sonra Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıldım. Orada əvvəl bir neçə nəfərin yanına aparıldım, onlar mənimlə normal danışsa da, sonra yanına aparıldığım polislər məni təhqir, dubinka ilə təhdid etdilər. Məndən hərəkətimin məqsədini soruşurdular, "arxanda kim var", "pul kimdən alırsınız" suallarını verdilər. Axşam saat 6-ya qədər BŞBPİ-də saxlanandan sonra, məni yenidən 36-cı Polis Bölməsinə qaytardılar, orada İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) protokol tərtib etdilər, 50 manat məbləğində cərimələdilər, sonra isə buraxdılar".

Ə. Cəlilov vurğulayıb ki, polis bölməsində ona yaxınları ilə əlaqə saxlamağa icazə verilməyib və yoldaşlarının göndərdikləri sovqatı çatdırmayıblar. O, amma bununla bağlı şikayət verməcəyini bildirib.

“Heç bir vətəndaşın təzyiqə məruz qalmasından söhbət gedə bilməz”

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə “Turan” agentliyinə bildirib ki, Ənvər Cəlilovun sözləri həqiqətə uyğun deyil.Fəalın polisdə olduğu təsdiqlənib, amma ona təzyiq edilmədiyi bildirilib. "İnsanlar öz siyasi çəkisini artırmaq üçün bu yalan, böhtan xarakterli, polisin onlara təzyiq etməsi ilə bağlı uydurmalar edirlər. Bu da, növbəti uydurmadır. Heç bir halda polis bölməsində, idarəsində heç bir vətəndaşın təzyiqə məruz qalmasından söhbət gedə bilməz. Cəlilovun dedikləri cəfəngiyatdır və həqiqətə uyğun deyil", deyə E. Hacıyev vurğulayıb.

Deyilənlərə sözü gedən ərazidəki Mənzil Kommunal İstismar Sahəsindən isə münasibət almaq, hələlik, mümkün olmayıb.

***

Həqiqət Sosialist Hərəkatın üzvü Ənvər Cəlilovu dünən, yanvarın 30-da polisin saxladığı bildirilir. Onun divara poster (rəsmli divar elanı) yapışdırarkən saxlandığı söylənir.

Bu barədə AzadlıqRadiosuna hərəkatın üzvləri məlumat veriblər.

Məlumata görə, Ənvər Cəlilov saxlanaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparılıb və bir sutkadan çoxdur ki, oradadır.

"Ənvərin taleyindən çox narahatıq", - deyə hərəkatın üzvləri bildiriblər.

“3 nəfər hərəsi başqa istiqamətə qaçıb”

Hərəkat üzvlərinin deməsinə görə, həmin plakatda fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərə boykot ifadə edilib:

"Hərəkatımız seçkiləri boykot edir. Bizim bəyanatmıza görə hakimiyyət, onun məclisi və seçkiləri legitim deyil. Biz "Azad Müəssislər Məclisi!" şüarı ilə çıxış edirik. Bununla bağlı insanlarla görüşlər keçirir, flayerlər paylayır, posterlər yapışdırırdıq. Bakıda və Sumqayıtda çalışırıq. Posterlər yapışdırarkən mülki geyimli şəxslər yaxınlaşıb, o bölgədə çalışan yoldaşları tutmağa çalışıb. Polislərdən biri isə birbaşa heç nə demədən onun qollarını burmaq istəyib, yaranan qarışıqlıqdan 3 nəfər hərəsi başqa istiqamətə qaçıb. Ondan sonra Ənvərdən xəbər ala bilmədik".

Fəallar deyirlər ki, Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət zənglərindən sonra Ənvər Cəlilovun saxlanma yeri onlara deyilib.

“Turan” agentliyi bu deyilənlərlə bağlı Xətai rayon 36-cı Polis Bölməsi ilə əlaqə saxlayıb.

Agentliyin xəbərinə görə, oradan bildirilib ki, Ənvər Cəlilovun bölmədə olub-olmaması sualını cavablandıra bilməzlər, bununla bağlı Daxili İşlər Nazirliyin mətbuat xidmətinə müraciət etmək lazımdır.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə agentliyə bildirib ki, Ənvər Cəlilovun saxlanması ilə bağlı deyilənləri dəqiqləşdirdikdən sonra məlumat verəcəklər.

Rəsmilər istər Milli Məclisin, istərsə də hakimiyyətin başqa qollarının legitim sayilmamasi ilə bağlı fikirləri qəbul etmirlər.

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Azərbaycan Respublikasının V çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin fevralın 9-na təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ondan üç gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bu qərarı prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən bəziləri bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayıb. Onlar əsasən hesab edirlər ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG