Artıq, iki ildir ölkədə Prezident başqa olmaqla rəsmilər iqtisadi, sosial və məhkəmə-hüquq sahəsində islahatları barədə geniş danışırlar. Keçirilən müşavirələrdə islahatların vacibliyini vurğulayan dövlət başçısı bunun dönməz olduğunu da qeyd edir.
Bəs siyasi azadlıqların dərinləşməsinə ehtiyac varmı?
Milli Məclisdə Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən Hikmət Babaoğlu isə Azərbaycanda son 2 ildə yalnız islahatlar barədə danışıldığı ilə bağlı fikrləri bölüşmür. Onun fikrincə, 2 ildir islahatlar həyata keçirilir, genişlənir Azərbaycan xalqı bu prosesi, dəyişiklikləri hiss edir:
“Azərbaycanda siyasi azadlıqlarla bağlı hansısa problem yoxdur,…”
“ İslahatlar kompleks şəkildə həyata keçirilir, həm qanunvericilik, həm institusional və həm də müxtəlif paketlər formasında. Keçirilən sosial islahatlar 4.2 milyon əhalinin aylıq büdcəsini formalaşmasına öz təsirini göstərib. Sonuncu müşavirədə də cənab Prezident islahatların davam etdiriləcəyini dedi. Siyasi azadlıqlara gəlincə, Azərbaycanda siyasi azadlıqlarla bağlı hansısa problem yoxdur. Söz, ifadə, əqidə azadlığının təminatçısı Azərbaycan Konstitusiyası və Prezidentidir. Hər bir insan öz fikirləriuni ifadə etməkdə sərbəstdir, siyasi fəaliyyətdə o cümlədən”.
“2014-cü ildən vətəndaş cəmiyyəti iflic vəziyyətə salınıb,…”
Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı isə təəssüflə vurğulayıb ki, Azərbaycan hökumətində siyasi azadlıqların durumu haqqında heç zaman məsələ qaldırılmır:
“Yalnız hansısa konfranslarda seçkilərin qanunvericiliyə uyğun keçirildiyi vurğulanır. Bütün hallarda bir neçə ildir siyasi azadlıqlar müzakirə mövzusu deyil. Qapalı görüşlərdə məsələni qaldıranda problemin həll olunduğu deyilir. Xatırlayırsınızsa, sonuncu əfv fərmanından sonra bildirildi ki, siyasi məhbus problemi həll olunacaq, çünki 50 civarında siyasi məhbus azad olunmuşdu. Amma fundamental şəkildə siyasi azadlıqlarla bağlı nə problemlər həll edilir, nə hər hansı danışıq aparılır, nə də qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tərpəniş sezilir. Ən azı vətəndaş cəmiyyəti ilə bağlı məsələlər həll olunmamış qalır, söhbət müvafiq qanunvericilikdə yaradılmış məhduduyyətlərdən gedir. 2014-cü ildən vətəndaş cəmiyyəti iflic vəziyyətə salınıb, hətta nəinki müstəqil qurumlar, hökumətyönlü təşkilatlar da ciddi fəaliyyət göstərə bilmirlər. Səbəb ciddi əngəllərin olmasıdır. Bütün bunların fonunda hakimiyyətdə siyasi azadlıqlar barədə danışa bilmirlər”.
Bəşir Süleymanlı qarşıdakı dövrdə də ciddi dəyişikliklərin olacağına ümid bəsləmir:
"Yəqin ki, hədəf iqtisadi məsələlərdir. Amma iqtisadi sferada da ciddi dəyişiklik yoxdur. Məsələn, iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığa bütün formalarda dəstək, hələki, iqtisadi islahatlar barədə danışrılar, əməli iş yoxdur. Deməli, siyasi azadlıqlar hakimiyyət gündəminin mövzusu deyil".