Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:11

12 gündə 10 kilo itirən milli fəal aclığı davam etdirir


Siyamək Mirzayi
Siyamək Mirzayi

İranda 10 il həbs və 2 il sürgün cəzası alan türk fəal Siyamək Mirzayi 12 gündür aclıq edir. Bu haqda AzadlıqRadiosuna onun Azərbaycanda yaşayan əmisi Babək Muğanlı (Şahduz Mirzayi) məlumat verib. Onun sözlərinə görə, qardaşı oğlu bu müddətdə 10 kilo çəki itirsə də, ovqatı yaxşıdır, aclığı dayandırması üçün ona basqılara baxmayaraq, aksiyanı davam etdirməkdə israrlıdır.

S.Mirzayi bu ilin yanvarında barəsində çıxarılan hökmə yenidən baxılmasını tələb edir. B.Muğanlı danışır:

Babək Muğanlı: "Qanuna görə, qrupun ikidən çox üzvü olanda 2 ildən 10 ilədək həbs cəzası verilə bilər"
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00
Direct-ə keçid

– Siyamək deyir ki, onun işinə yenidən baxılmayana qədər aclıq aksiyasını dayandırmayacaq. Orda ailəmizə, dostlarımıza hərtərəfli təzyiqlər göstərilir. İstədikləri budur ki, Siyamək barədə xarici mediaya məlumat verməyək, «danışacağınız halda vəziyyəti daha da ağırlaşacaq» deyə xəbərdarlıq edirlər. Qardaşımgil bugünlərdə Apellyasiya Məhkəməsinə gediblər, Siyaməkin işiylə maraqlanıblar, onlara bildiriblər ki, onun işi hələ Təbrizdədir, gəlib onlara çatmayıb. Bu adamın işinə hələ baxılmayıbsa, o zaman hansı üsulla haqqında hökm çıxarılıb? İş hələ Tehrana çatmayıbsa, necə iş verilib?

– Dediniz ki, 12-ci gündür aclıq edir. Səhhəti necədir?

– Səhhəti yaxşıdır. Axşam (iyunun 27-də - red.) ata-anasıyla danışıb. Hər axşam onu yoxlayırlar. Həkimlər də, məhkəmədən də Siyaməkə deyiblər ki, «aclığı dayandır, işinə yenidən baxılacaq». O da cavab verib ki, işinə məhkəmədə baxılmayana qədər aclığı dayandırması mümkün deyil. Çünki onun işinə Apellyasiya Məhkəməsində baxılmasını aylardır yubadırlar.

– Siz sosial şəbəkələrin birində yazmışdınız ki, aclıq aksiyasının ilk günlərində Siyaməkin təzyiqi aşağı düşübmüş. İndi belə problemlər yoxdur?

– Çəkisi 10 kilo azalıb. 77 kiloqram idi, indi 67 kiloqramdır. Təzyiqi aşağı düşüb. Amma mən o uşağı yaxşı tanıdığım üçün deyirəm ki, ümumi vəziyyəti yaxşıdır, iradəlidir və möhkəm dayanıb. İşinə baxılmayanadək aclıq da dayanmayacaq.

– Mətbuata çıxmasınlar deyə, valideynlərinə kimlər təzyiq göstərir?

– İranda «Sərkeş» deyilən bir qurum var. Onların nümayəndələri mülki geyimdə məhəlləyə, qardaşımgilə gəlib danışıblar. Qardaşımın evi, demək olar, nəzarətdədir, dəfələrlə evinə, məhəlləyə gəliblər, deyiblər: «Bu məsələni heç yerdə işıqlandırmayın, özümüz həll edəcəyik». Məsələ bu yerdədir. Qardaşımı da bir neçə dəfə rəsmi qurumlara çağırıblar, o da getməyib, deyib ki, «rəsmi kağız göndərin gəlim, yoxsa orda mənim nə işim». Ona bildiriblər ki, «oğlun tövbə edib qayıtsa, onunla ilgilənərik». Qardaşım da cavab verib ki, «o, uşaq deyil, onun başına ağıl qoyam. Özü bilər, öz yoludur, mən heç nə deyə bilmərəm». Evlərinə də bu məzmunda zənglər olub. Bir də İran hökumətini yaxşı tanıyırsınız, xarici media ilə danışan kimi çağırırlar ki, niyə müsahibə vermisiniz-filan.

– Siyamək Mirzayinin başlıca tələbi nədir, ona verilən cəzadan narazıdır?

– Ona 10 il cəza verilib, 2 il də sürgün. Siyaməki qrup təşkilatçısı kimi, İran əleyhinə fəaliyyətdə ittiham edirlər. O qrupun da nə üzvləri var, nə də müavini. Bir nəfər necə qrup yarada bilər? Qanuna görə, qrupun ikidən çox üzvü olanda 2 ildən 10 ilədək həbs cəzası verilə bilər. Siyaməkə də sonuncu cəzanı, 10 il iş veriblər. İkincisi də, ittihamda qrupun üzvləri, müavinləri göstərilməyib. Yəni heç bir ad göstərilməyib. Qondarma bir məhkəmə olub.

Siyamək Mirzayi bu il iyunun 17-də aclığa başlayıb. O, həbsxana rəhbərliyinə yazdığı məktubda tələbləri yerinə yetirilənə qədər aksiyaya davam edəcəyini bildirib.

Milli fəal «müxtəlif bəhanələrlə təxirə salınan» apellyasiya məhkəməsinin keçirilməsini tələb edir. İkinci tələbi isə müvəqqəti azadlığı üçün tələb olunan 1 milyard tümənlik (təqribən 300 min dollar) zəmanət məbləğinin azaldılmasıdır.

S.Mirzayi keçən ilin iyulunda təhlükəsizlik qüvvələri tərəfindən İranın Muğan bölgəsində nəzarət altına alınıb. Daha sonra Tehranın Evin həbsxanasına köçürülüb. Bu ilin yanvarında o, 10 il həbs və 2 il sürgün cəzası alıb.

36 yaşlı S.Mirzayi İran hakimiyyətinin türk dili və mədəniyyətinə qarşı apardığı siyasəti tənqid edir. Onun kimi daha dörd nəfər 15 ilə qədər həbs və əlavə olaraq 2 il sürgündə yaşamaq cəzasına məhkum edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG