Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

2018 erkən seçki sirrini özü ilə apardı - Ekspert


İ.Əliyev səs verir. 11 aprel 2018
İ.Əliyev səs verir. 11 aprel 2018

«2018-ci il seçki məzhəkəsi ilə yadda qalır, əlbəttə», – Milli Şuranın sədri Cəmil Həsənli başa çatmaqda olan ili dəyərləndirərkən deyir.

«ATƏT-in Varşava Bürosu, Avropa Şurasının müşahidəçiləri rəsmi şəkildə bəyan etdilər ki, bu seçkilər xalqın iradəsini əks etdirmir», – o, sözlərinə əlavə edir.

Dövlət başçısı İlham Əliyev fevralda gözlənilmədən seçkinin vaxtını 6 ay qabağa çəkərək aprelin 11-nə təyin etdi. Bir çox müxalifət qüvvələri isə «hazırlıqsız» yaxalandıqları seçkini boykot etmək qərarı verdilər.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim partiyanın namizədi, buna qədər ölkəyə 15 il rəhbərlik etmiş İ.Əliyev 86 faiz səslə qalib gəlib. Beləliklə, o, ölkəyə daha 7 il rəhbərlik etmək imkanı qazandı.

Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirdi. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan etdi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu aprel seçkisiylə bağlı yekun hesabatında hökumətə bir sıra tövsiyələr verdi: seçki qanunvericiliyinə yenidən baxılsın, seçki günü baş vermiş pozuntular hərtərəfli və müstəqil şəkildə araşdırılsın, seçki komissiyalarının tərkibinə yenidən baxılsın və s.

Apparent Vote Fraud In Azerbaijan's Presidential Vote
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Hakimiyyət tənqidləri qəbul etmədi. Dövlət başçısı İ.Əliyev andiçmə mərasimində seçkilərin ədalətli və şəffaf keçirildiyini, xalqın iradəsini ifadə etdiyini bildirdi.

«Hansısa ciddi proseslər gedir»

Seçkinin növbədənkənar keçirilməsi yönündə müxtəlif şərhlər səslənsə də, hakimiyyət bunu geniş şərh etmədi. Prezident köməkçisi Əli Həsənov bu addımı ölkədə çox sayda yerli və beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlamağa çalışdı: «Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür».

İlkin şərhlərdə hakimiyyətin islahatlara hazırlaşması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı radikal addımların atılması kimi ehtimallar da səslənirdi. Amma bəzi təhlilçilər regionda baş verən ciddi proseslərə görə seçkilərə xarici qüvvələrin müdaxiləsini önləmək üçün hakimiyyətin tələsdiyini söyləyirdilər.

Ş.Hacıyev
Ş.Hacıyev

Siyasi şərhçi Şahin Hacıyev bu suala nə seçkidən öncə, nə də sonra cavab tapıldığını deyir. Onun ehtimalına görə, hakimiyyət hansısa uzunmüddətli strategiyanı gerçəkləşdirir və ola bilsin, növbədənkənar seçkilər də onun bir zənciri, bir mərhələsidir.

«Belə baxanda o seçkiyə ehtiyac yox idi, ondan sonra heç nə dəyişmədi. Mənə elə gəlir, hakimiyyət daxilində hansısa ciddi proseslər gedir və ictimaiyyətə bəlli olmayan problemlər mövcuddur. Bu haqda indi birmənalı danışmaq mümkün deyil», – Ş.Hacıyev söyləyir.

Prezidentliyə namizədlərdən biri, hakimiyyətyönlü deputat Zahid Oruc deyir ki, həmin zaman həm Rusiyada, həm də Ermənistanda gedən proseslər nəzərə alınaraq ölkənin siyasi gündəmi regional şəraitə uyğunlaşdırıldı:

«Nəticədə ölkədə sabitlik qorunub saxlandı, prezident üsul-idarəsi, onun gələcəyi real təminat altına alındı. Biz hər hansı qarşıdurma meydanına çevrilmədik, əksinə, zərbələr bizdən yan keçdi, Ermənistan maraqların toqquşması episentrinə çevrildi. Mənim aləmimdə, faktiki olaraq prezident seçkilərinin vaxtının dəyişdirilməsi nəticə etibarilə Ermənistanda hakimiyyət dəyişikliyinə yol açdı. Dərhal belə nəticə çıxır ki, Azərbaycanda oktyabrda keçiriləcək seçkilər Rusiyanın, ABŞ-ın, İranın bu davaya qatılmasına yol aça bilərdi. Hansı nəticələr doğura bilərdi, bunu demək asan deyil. Hər halda, şəraitin dəyişməsini göz önünə almaq lazım idi və bu, millətimizin xeyrinə idi».

Z.Əlizadə
Z.Əlizadə

Siyasi şərhçi Zərdüşt Əlizadə Azərbaycanda seçki keçirilmədiyini, onun görüntüsü olduğunu bildirir: «İçəridə narazılıqlar vardı, iddialılar vardı. Onların köpünü alaraq ailə istibdadını uzatmaq üçün seçki keçirildi».

«2017-ci il fevralın 21-də vitse-prezidentin təyinatından sonra başlanan proses 2018-ci ildə seçkidən sonra gücləndi», – bunu da «Turan» xəbər agentliyinin direktoru Mehman Əliyev deyir. Onun fikrincə, seçki hakimiyyətdaxili qarşıdurmanın bir hissəsi idi. «2018-ci ildə proses gücləndi və Gəncə hadisələrinə gətirdi», – o deyir.

Gəncə hadisələri – məmur özbaşınalığının nəticəsi və ya dini radikalizm?

Bu ilin yaddaqalan hadisələrindən biri də iyulda Gəncədə icra başçısının güllələnməsi idi. Bu zaman icra başçısı və polis əməkdaşı ağır xəsarət aldı, xəbər sosial mediada yayılsa da, rəsmilər məlumatı təsdiqləməyə tələsmədilər. Yalnız bir neçə gün sonra fakt açıqlandı, cinayəti törədənin kimliyi haqda ictimaiyyətə bilgi verildi. Onun Rusiya vətəndaşı Yunis Səfərov olduğu və radikal dini qruplaşmalara bağlılığı, ölkədə şəriət qanunları ilə idarə ediləcək dövlət quruluşu yaratmaq istədiyi iddia olundu. Hadisədən bir həftə sonra Gəncədəki iğtişaşlarda iki yüksəkvəzifəli polis zabiti qətlə yetirildi. Bundan sonra 60-dan yuxarı şəxsin həbs edilməsi, xüsusi-xidmət orqanlarının keçirdiyi əməliyyatlar zamanı bir neçə şəxsin güllələnməsi haqqında rəsmi məlumat verildi.

O zaman sosial media da, ekspertlər də Gəncədə baş verənləri məmur özbaşınalığına verilən təpki, hakimiyyətə verilən siqnal kimi qiymətləndirmişdilər. Bu gün də həmin məsələdə rəsmilərin izahatı ilə ekspertlərin yozumu üst-üstə düşmür.

Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Ş.Hacıyevin fikrincə, Gəncə hadisələri 2018-ci ilin problemi deyil. O, bunun məmurların yarıtmaz fəaliyyətinin təzahürü olduğunu və hakimiyyətin ondan dərs çıxarmadığını söyləyir: «Hansısa kobudu şəhərə başçı qoyursan, o da xalqı təhqir edir. İndiyəcən dəfələrlə belə hallar olub. Gərək başlarında hansısa daş çatlasın, kimisə öldürsünlər ondan sonra oyansınlar. Bu hakimiyyətə hələlik problemin ciddiliyi çatmır və həmin xətti davam etdirirlər».

O, məmur özbaşınalığının səbəbini isə belə izah edir: «İcra başçıları hakimiyyətə sadiq qalsınlar deyə, özbaşınalıqlarına göz yumulur. Hakimiyyətin üslubu budur və bu, biabırçılıqdır».

«Hakimiyyətin ifşası dərinləşdikcə, insanların içində qəzəb də artır. Hakimiyyət bu qəzəbin vaxtı çatmamış boşalmasını təşkil edir. Normal adam niyə axşam saat 7-yə mitinq təyin etməlidir?», - Milli Şura sədri C.Həsənli Gəncə hadisələri haqda danışarkən deyir.

«Turan»ın direktoru M.Əliyev Gəncə hadisələrini hakimiyyətdaxili toqquşmalarla izah edir.

Z.Oruc
Z.Oruc

Deputat Z.Oruc bir nəfərin icra başçısına güllə atmasını, cinayət törətməsini ilin hadisəsi kimi dəyərləndirməyi yanlış sayır və hakimiyyətin ünvanına deyilən tənqidləri də qəbul etmir.

Rusiya ilə yaxınlaşma

Deputat başa çatmaqda olan ilin ən yaxşı hadisəsi olaraq Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəyə qalxmasını və Ermənistanın ən yaxın müttəfiqlərindən «məhrum olmasını» qeyd edir: «Ermənistan dövləti müttəfiqləri hesabına duruş gətirir və işğalı davam etdirir. Hesab edirəm 2018-ci ildə formalaşan bu şərait 2019-cu ildə torpaq bütünlüyümüzə qovuşmağa imkan yaradır. Heç vaxt geopolitik, regional şərait bu dərəcədə Azərbaycanın xeyrinə olmayıb».

Siyasi şərhçi Ş.Hacıyev də bu il Moskva ilə Bakı arasında yaxınlaşmanın gözə çarpdığını və məhz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduğunu bildirir.

Hərçənd, bir çox siyasi təhlilçilər nikbin düşünmürlər. Məsələn, Z.Əlizadə hakimiyyətin Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə heç bir addım atmadığı qənaətindədir.

C.Həsənli
C.Həsənli

Milli Şura sədri C.Həsənli hesab edir ki, 2018-ci ilin «ən mühüm, heyrətamiz» hadisəsi «Azərbaycan pulyuyan maşını»na bağlı hesabların dondurulmasıdır: «Hakimiyyətin korrupsiya cinayətlərinin üstü açılır, ifşa prosesi gedir, dairə daralır. Rəsmən təsdiq olunur ki, ərazisi işğal edilmiş ölkənin Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ölkənin müdafiə ehtiyacı üçün ayrılmış büdcə vəsaitləri oğurlanıb. Bunlara o göstərişi kim verə bilər? Bundan böyük rüsvayçılıq ola bilər? Bunun bir adı var – vətənə xəyanət».

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsi, 7 rayon və bir neçə kənd işğal edilib. Münaqişənin nizamlanması ilə ATƏT-in Minsk Qrupu məşğuldur, həmsədr dövlətlər Rusiya, ABŞ, Fransadır.

Müşahidəçilər ilin xoş hadisəsi olaraq REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa çıxmasını qeyd edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG