Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:02

Azərbaycanda beynəlxalq konvensiyanı pozan siqaret zavodu tikiləcək


Sumqayıt sənaye parkının modeli
Sumqayıt sənaye parkının modeli

Siqaret istehsalçısına vergi güzəştlərinə gedən Azərbaycan hökuməti 12 il öncə qoşulduğu tütünə qarşı beynəlxalq konvensiyanın tələblərini pozub.

Sumqayıt Kimya Sənaye Parkının idarəedicisi yenicə yaradılmış “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinə siqaret istehsalı zavodunu tikmək hüququ verib. Bu sənaye zolağı dövlət vəsaiti hesabına tikilir və sözügedən hüquq şirkətə 7 il boyunca vergi ödəmədən fəaliyyət göstərmək imkanı yaradır.

Azərbaycan tütün sənayesini stimullaşdırmamaq öhdəliyi götürüb

Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasının 5.3-cü maddəsinin gerçəkləşməsinə dair rəhbər prinsiplərdə göstərilir ki, “tütün məmulatları ölümlə nəticələndiyindən tütün sənayesinə öz biznesini qurmaq və ya inkişaf etdirmək üçün stimul verilməməlidir”. Ancaq sənaye parkının rezidenti statusu mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə xaricdən gətirilən texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan 7 il azad olunmaq deməkdir.

Buna da bax: Kimya Sənaye Parkına 170 hektar ayrılacaq

İqtisadiyyat nazirliyinin məlumatında deyilir ki, şirkət hər il 7 milyard ədəd filtrli siqaret buraxacaq. Bu, Azərbaycanda bir il boyunca çəkilən siqaretin 60 faizi qədərdir. Rəsmi idxal və istehsal göstəricilərinə görə, ölkədə bir ildə, ortalama, 11 milyard ədəd siqaret tükədilir. Bunun təxminən 1,5 milyardı yerli istehsalın payına düşür.

Yeni istehsalçının “Avromed Company”yə nə bağlılığı var?

“Tabaterra” QSC bu il sentyabrın 11-də təsis edilib. Onun hüquqi ünvanı Sumqayıt Xovlu İplik fabrikinin ərazisidir. İqtisadiyyat Nazirliyi şirkətə sənaye parkının ərazisində yer ayrılıb-ayrılmadığı barədə məlumat vermir. Parkın idarəedici şirkətinin korporativ saytında göstərilir ki, 192 hektar sahədə yerləşən sənaye zonasında aqro, tibb və məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimer və sənaye avadanlığının istehsalı üçün nəzərdə tutulan müəssisələr yerləşəcək.

Buna da bax:​ Pirallahıda sənaye parkı yaradılır

Kommersiya şirkətlərinin reyestrindən görünür ki, yeni şirkətin direktoru Elman Bəşir oğlu Cavanşirdir. Bu şəxs Azərbaycana siqaret idxalı ilə məşğul üç şirkətdən birinə – “İmeks” MMC-yə də rəhbərlik edir. Xaricdən dərman və tibb texnikası gətirən “Avromed Company” QSC-nin Facebook sosial şəbəkəsi 2013-cü ildə yayımlanan məlumatda minlərcə insanın çalışdığı bu şirkətdə E. Cavanşirin rəhbərlik etdiyi “Tütünçülər” komandasının futbol yarışında “Əczaçılar” komandasına qalib gəldiyi bildirilir.

Screen: sosial şəbəkədəndir

Bir müddət öncə idxalçı şırkətlərdən biri – “Krokus Ltd” MMC Kənd Təsərrüfatı Nazirliyindən siqaret istehsalına lisenziya almışdı. Yeni zavodun avadanlığının Bakı tütün kombinatının – indiki “European Tobacco-Baku” ASC-nin istehsal sahəsində qurulması nəzərdə tutulsa da, şirkət daha sonra ictimaiyyətə açıqlanmayan səbəbdən həmin qərarından daşındı.

Vaxtilə “Avromed” şirkətinin sahiblərindən biri olan deputat Cavanşir Feyziyev deyir ki, Milli Məclisə seçiləndən sonra şirkətdəki payını satıb. Payın kimə satıldığı və şirkətin indiki sahibləri ictimaiyyətə məlum deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG