Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 19:22

Azərbaycan siqaret çəkməkdə Cənubi Qafqazın lideridir


Azərbaycan bütün dünyada ən çox siqaret çəkilən ölkələrdən biridir və Cənubi Qafqazda bu sahədə “liderdir”.

Britaniya jurnalisti Bridie Pearson-Jones-un Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında tərtib etdiyi rəqəmsal xəritədən məlum olur ki, Azərbaycanda hər il adambaşına 2114 siqaret çəkilir.

Məlumat xəritəsi 31 May - Tütünsüz Dünya gününə həsr edilib.

Azərbaycan bir ildə adambaşına çəkilən siqaretlərin sayına görə Cənubi Qafqazda birinci, bütün dünyada isə 13-cü ölkədir.

Eyni məlumat bazasına əsasən Gürcüstan 182 ölkə arasında 39-cu, Ermənistan isə 30-cu yerdədir. Ermənistanda bir ildə adambaşına 1545, Gürcüstanda isə 1378 siqaret çəkilir.

Azərbaycanın digər iki qonşusu da çəkilən siqaretlərin sayına görə ondan çox geridə qalır.

29-cu yeri tutan Türkiyədə hər il adambaşına 1581, 71-ci yeri tutan İranda isə 853 siqaret düşür.

Azərbaycanın siqaret indeksi cədvəlindəki qonşusu Qazaxıstandır. 12-ci yeri tutan Qazaxıstanda adambaşına ildə 2156 siqaret çəkirlər.

Digər Mərkəzi Asiya ölkələrində nisbətən az siqaret çəkildiyi görünür.

Türkmənistan cədvəldə (ildə adambaşına 895 siqaret) 69, Qırğızıstan (658 siqaret) 78, Özbəkistan (565 siqaret) 92, Tacikistan (533 siqaret) 97-ci pilləni tuturlar.

Rəqəmsal xəritənin məlumatına görə dünyanın ən çox siqaret çəkən ölkəsi Çindir. Çinlilər adambaşına bir ildə 4124 siqaret çəkirlər. Günə 11-12 siqaret düşür.

Çindən sonrakı pilləni tutan, keçmiş sovet respublikası Belarusdur. Belaruslar ildə adambaşına 3831 siqaret çəkirlər.

Livan (3023 siqaret) 3-cü, Makedoniya (2732 siqaret) 4-cü və Rusiya (2690 siqaret) 5-ci yerləri tuturlar.

Cədvəldə sonuncu – 182-ci yeri Afrikadakı Qvineya tutur. Burada hər il adambaşına cəmi 14, 96 siqaret çəkilir.

Avropa qitəsinə gəlincə, Şərqi və Mərkəzi Avropada Qərbi Avropaya nisbətən daha çox siqaret çəkirlər.

Sloveniya cədvəldə 6-cı (2637 siqaret), Çernoqoriya 9-cu (2249 siqaret), Bosniya-Herseqovina 10-cu (2233 siqaret), Çexiya 11-ci (2194 siqaret) Avstriya 16-cı (1987 siqaret) pillədədir.

ABŞ-da adambaşına hər il 1083 siqaret çəkilir. Amerikanın bu cədvəldəki yeri 57-dir.

Günün bütün mövzuları

XS
SM
MD
LG